Məhkəmə qərarları › İş №2(050)-3933/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3933/2023

29.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3933/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 14 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 manat məbləğin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdehlə 2020-ci ilin mart ayının 15-də el adəti ilə toy edərək cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüşdür. 09 mart 2021-ci il tarixdə rəsmi nikaha girmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2020-ci il təvəllüdlü Harun adlı uşaq doğulmuşdur. Ötən ilin mart ayının 10-da Cavabdehlə aralarında narazılıq yaranmış, uşağı götürüb valideynlərinin evinə getmişdir. Həmin vaxtdan ayrı yaşayırlar. Masallı Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(050)-1869/2022 saylı qətnaməsi əsasında nikahları pozulmuşdur. Cavabdeh uşağın saxlanmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya Şurasına müraciət etmiş, mediasiya prosesində MŞL-00091 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 01-də nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Masallı Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2(050)-2235/2022 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixli MŞL-00091 saylı barışıq sazişi təsdiq edilmiş, 01 iyun 2022-ci il tarixdən başlayaraq 14 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Lakin alimentin məbləği hazırda uşağın saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə fərdi işlərlə məşğul olmasına baxmayaraq onlara lazımi köməklik etmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşağın normal yaşayışını təmin etmək üçün yetərli deyildir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, maddi imkanının zəif olmasını, ona görə də yeni aliment məbləğinin az miqdarda təyin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh və anası İddiaçı olan X5 14 dekabr 2020-ci ildə Bakı şəhəri Nərimanov rayonunda doğulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2235/2022 saylı qətnaməsinin surətindən görünür ki, 24 may 2022-ci il tarixli, MŞL-00091 nömrəli barışıq sazişi təsdiq edilmiş, 01 iyun 2022-ci il tarixdən başlayaraq 14 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər xx.xx.2020-ci ildə el adəti ilə ailə qurmuş, 09 mart 2021-ci ildə rəsmi nikaha girmişlər. Birgə yaşadıqları dövrdə 14 dekabr 2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 2235/2022 saylı qətnaməsi ilə 14 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 14 dekabr 2020-ci il təvəllüdlü X3 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2235/2022 saylı qətnaməsi ilə hər ay 130 manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşağın yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Həmçinin tərəflərin qarşılıqlı razılığı ilə aliment sabit pul məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, yetkinlik yaşına çatmamış uşaq üçün aylıq aliment məbləğinin hər ay uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək, Cavabdeh uşağın saxlanılaması üçün alimetin miqdarının artırılaraq hər ay 180 manat müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2235/2022 saylı qətnaməsi ilə 14 dekabr 2020-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar