Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3945/2023 22.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh lizinq obyekti olan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 1358.44 manat pul vəsaiti və ödənilmiş 33.59 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün borcluya qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə İddiaçı MMC tərəfindən müraciət edilmişdir. Məhkəmənin 07 mart 2023-cü il tarixli 2(050)-543/2023 saylı qətnaməsi ilə İddiaçı MMCnin iddiası təmin edilərək lizinq obyekti olan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 1854.95 manat məbləğində borcun tutulması və lizinq müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 03 mart 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1358.44 manat məbləğində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmiş, lakin İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfin iştrakı olmadan işə mahiyyəti baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin xahişini nəzərə alıb, işə nümayəndənin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan aşağıda göstərilən sübutları tədqiq etmişdir: İş materiallarında olan 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 30 ay müddətli, illik 19% olmaqla 9500 manat məbləğinə Cavabdeh sahiblik və istifadəsinə verilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə 03 mart 2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 mart 2023-cü il tarixdə şikətin müvəqqəti duracağına yerləşdirilmişdir. Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-543/2023 saylı qətnaməsi ilə İddiaçı MMC ilə bağlanmış 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 16 iyun 2022-ci il tarixli MAS- 5339 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1056.03 manat əsas borcun, 541.98 manat mükafat və 156.54 dəbbə pulu, cəmi 1754.55 manat borc və 100.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı MMC-nin servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, avtomobilə 1358,44 manat məbləğində ziyan dəymişdir. Borcun ödənilməsi barədə xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC Cavabdeh lizinq obyektinə dəymiş ziyanı qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən məlum olur ki, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırılması üçün 33,59 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki hallarına tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. “Daxili Lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 19% hesablanmaqla 30 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 400.26 manat, ümumilikdə isə 12008 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-543/2023 saylı qətnaməsi ilə İddiaçı MMC ilə bağlanmış 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 16 iyun 2022-ci il tarixli MAS-5339 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1056.03 manat əsas borcun, 541.98 manat mükafat və həmin günə hüsablanmış 156.54 dəbbə pulu, cəmi 1754.55 manat borc və 100.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 mart 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1358,44 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1. və 1096.2.-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı və qanunla müəyyən edilmiş qaydada lizinq müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Tədqiq olunmuş materiallardan göründüyü kimi, avtomobilə 1344.43 manat maddi ziyan dəymişdir. Həmin ziyan avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə yaranmışdır. Belə olan halda, cavabdehin qanunazidd hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə mövcuddur. Ona görə də 1344.43 manat maddi ziyan da ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalı və ödənilmiş 33,59 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh lizinq obyektinə dəymiş zərərə görə 1358,44 manat və ödənilmiş dövlət rüsumuna görə 33,59 manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3945/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3945/2023
22.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver