Məhkəmə qərarları › İş №2(050)-3995/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3995/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3995/2025 16.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh arasında 19 mart 2024-cü il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 5123 manat borc pul məbləğinin və məhkəmə üçün ödənilmiş 72 manat dövlət rüsumunun, ümumilikdə isə 5195 manat pul məbləğinin cavabdehdən tutuluraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən ona məxsus Volkswagen İD.6 Crozz (Ban: LFVVB9E70N5164930, **-XJ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili: 2022) markalı avtomobilə 5070 manat məbləğində ziyan dəymişdir. Sığorta şirkəti dəymiş zərəri qarşılamamış, cavabdeh isə qeyd edilən məbləğdə pulu olmadığı üçün ödəyə bilmədiyini bildirmişdir. Bu səbəbdən onun tərəfindən 5070 manat əsas borc və 634 manat faiz borcu 18 ay müddətinə olmaqla ümumilikdə 5704 manat bankdan borc götürülmüşdür. Bu səbəbdən onunla Cavabdeh arasında 19 mart 2024-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən tərəfindən cavabdehə 4800 manat məbləğində pul borc verilmiş və cavabdeh həmin borc pul məbləğini xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin bağlanması üçün notariusa tərəfindən 115 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2024-cü il tarixdə, 273 manat, xx.xx.2024-cü il tarixdə 273 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, ümumilikdə 696 (altı yüz doxsan) manat borc pul qaytarılmışdır. 5070 (əsas borc), 634 (faiz borcu), 115 (notarius xərci), 696 (ödənilmiş borc). 5070+634+115-696 = 5123 manat. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlə öz aralarında borcun hissə-hisə ödənilməsi ilə bağlı razılaşmışlar. Cavabdeh tərəfindən 696 manat ona və 310 manat pul vəsaitini onun tapşırdığı şəxsə ödənilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, öz aralarında razılaşmışlar. Hər ay 150 manat pul ödəyəcək. Borcdan 696 manat və 310 manat ödəmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 14 mart 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 4800 manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini 19 sentyabr 2025-ci ilədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Tərflərin izahatı ilə müəyyən edilmişdir ki, 5123 manat borcdan cavabdeh xx.xx.2024-cü il tarixdə 273 manat, xx.xx.2024-cü il tarixdə 273 manat, xx.xx.2024-cü il tarixdə 150 manat və sonradan 310 manat pul iddiaçıya qaytarmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 72 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4117 manat məbləğində pul vəsaiti, ödənilmiş 72 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4117 manat məbləğində pul vəsaiti və ödənilmiş 72 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar