Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3998/2025 16.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6314 manat məbləğində borcun və ödənilmiş 85 manat dövlət rüsumunun, cəmi 6399 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Lənkəran şəhərində tikinti materialları mağazası işlətmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyici kimi qeydiyyatdan keçmişdir və VÖEN-i olmuşdur. Təxminən 2 il olar ki, VÖEN-i dayandırmışdır. Birinci dəfə cavabdehə mağazadan 4300 manat dəyərində sement, ikinci dəfə 2023-cü ilin aprel ayında “Qaradağ and” zavodundan 4519,872 manat dəyərində sement alıb cavabdehə vermişdir. Cavabdehin ərzaq mağazası olmuşdur, orada sement satmasını görməmişdir. Ancaq cavabdeh mağazası olduğunu və sementi satıb pulunu verəcəyini demişdir. Lakin cavabdeh ondan 7 manat 80 qəpiyə aldığı sementi aparıb 7 manat 50 qəpiyə satmışdır. Cavabdeh pulu vermədiyi üçün polisə müraciət etmiş və bununla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılmışdır. Cavabdeh ümumi borcundan ona 2000 manatdan artıq pul qaytarıb və bu barədə dəftərdə qeyd vardır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, təxminən 3 il əvvəl iddiaçıdan heç bir sənəd olmadan 1 Kamaz, yəni 720 kisə sement almışdır. Onun da, pulunu tam ödəmiş, iddiaçıya təxminən 200 manat borcu qalmışdır. Böyük mağazası olmuş, yarı hissəsində tikinti materialları, yarı hissəsində isə ərzaq malları satmışdır. Polis şöbəsində onu məcbur edib izahat yazdırslar da, bununla bağlı polisə şikayət etməmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2. mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, tərəflər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Belə ki, vergi uçotuna alınmış İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və fəaliyyət istiqaməti – icarə obyektinin fəaliyyəti (Aktiv, VÖEN: **********-26001), kafe fəaliyyəti (Aktiv, VÖEN: **********-19001), mağaza fəaliyyəti (Aktiv, VÖEN: **********-16001) ilə bağlıdır. Cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və fəaliyyət istiqaməti mağaza fəaliyyəti (Aktiv, VÖEN: **********-64001) ilə bağlıdır. İşin hallarından müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər 2023-cü ildə yaranmış və bu dövr hər iki tərəfin vergi ödəyicisi kimi qeydiyyatda olduğu dövrü əhatə edir. Göründüyü kimi tərəflərdən hər ikisi vergi ödəyicisi olan fiziki şəxs statusuna malikdir və hazırkı mübahisənin predmeti bilavasitə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə ilə bağlıdır. Məhkəmə qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı mübahisə kommersiya mübahisəsi hesab edildiyindən ona ümumi məhkəmədə deyil, müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən işin məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndində qeyd edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-in 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 35, 263, 264 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət edilməklə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-3998/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3998/2025
16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver