Məhkəmə qərarları › İş №2(050)-4/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-4/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-4/2025 20.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 nisyə aldığı malların dəyəri olan 34220 manat, həmçinin hüquqi xidmətə görə 200 manat və dövlət rüsümuna görə ödədiyi 30 manat, cəmi 34450 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 2019-cu ilin iyul ayında ondan satmaq üçün ayaqqabı almış, lakin sonradan ayaqqabıların satılmamasını bildirib qaytaranda 170 cüt əskik olmuşdur. Nəticədə hər birinin dəyəri 1000 rubl olmaqla 170 cüt ayaqqabı cavabdehdə qalmışdır. Razılığa gəlmişlər ki, cavabdeh həmin ayaqqabıların dəyəri olan 170000 rubl, yəni 4640 manat pulu ona ödəsin. Həmçinin cavabdeh həmin ərəfədə onun vasitəsilə Kazan şəhərində Müşviq adlı tanışından ******* rubl, yəni 29580 manat dəyərində kişi, qadın və uşaq geyimlərini nisyə götürmüşdür. Cavabdeh malların dəyərindən sentyabr ayında 200000 rubl, qalanını isə dekabr ayında ödəyəcəyini vəd etmişdir. Lakin sonradan cavabdeh həmin malın dəyərini ödəməkdən yayındığından 2019cu ilin noyabr ayında Azərbaycana gələrək həmin ayın 19-da YeloBankdan 20000 manat pul götürüb Müşviqə olan 29580 manat borcu ödəmişdir. Cavabdeh həm ondan nisyə aldığı 4640 manat dəyərində ayaqqabıların, həm də onun Müşvüq adlı şəxsdən götürüb ona verdiyi 29580 manat dəyərində kişi, qadın, uşaq paltarlarının pulunu ona ödəyəcəyini dəfələrlə vəd etmişdir. Sonuncu dəfə cari ilin mart ayında ondan nisyə götürməklə pulunu 2019-cu ilin dekabr ayında ödəməsini vəd etdiyi paltarları qaytarmasını tələb etsə də, cavabdeh mart ayının sonunadək pulu verəcəyini bir daha vəd etmişdir. Daha sonra isə avqust ayında Bakı şəhərinə 10-15 ədəd avtomobil, o cümlədən ona olan borcuna görə 2019-cu ilin istehsalı olan Toyota Rav 4 markalı cip avtomobili gətirməsini bildirsə də, bu vədinə əməl etməmişdir. Bu barədə vatsap yazışmaları da vardır. Lakin cavabdeh ondan nisyə aldığı malların dəyərini razılaşdıqları vaxtda ödəmədiyindən və dəfələrlə tələb etməyinə baxmayaraq, nəticəsi olmadığından məcburiyyət qarşısında qalaraq bununla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət etməli olmuşdur. Masallı RPŞ-də aparılan araşdırma zamanı cavabdeh ondan nisyə ayaqqabı almasını, sonradan qaytararkən həmin ayaqqabılarda əskik olmasını, həmçinin ondan 29571 manat dəyərində paltarları nisyə götürməsini, həmin paltarların satılmamasına görə pulunu ödəyə bilməməsini göstərmişdir. Halbuki vatsap danışıqlarında o, paltarların satılmasını qeyd etmiş, borcu ödəyəcəyi vaxtı razılaşmışdı. Danışıqlar zamanı gah mart ayında pulu tam bağlayacağını, gah da borcunun əvəzində onun üçün avtomobil gətirəcəyini vəd edən cavabdeh bunların heç birini etməmişdir. Masallı RPŞ-nın 11 sentyabr 2021-ci il tarixli qərarı ilə cinayət hadisəsi olmaması əsasına görə cinayət işi başlanması rədd edilmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq hüquqi xidmətə görə 200 manat, dövlət rüsumuna görə 30 manat ödəməli olmuşam. Odur ki, həmin məbləğlərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X2 29571 manat, hüquqi xidmətə görə 200 manat və dövlət rüsümuna görə 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(050)-3210/2021 saylı qiyabi qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia təmin edilmiş, X2 29571 manat və hüquqi xidmətə görə 200 manat, cəmi 29771 manat pul tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul X2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Sonradan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ərizə verərək Masallı Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(050)-3210/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və işin baxılmasının təzələnərək işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 01. Noyabr 2024-cü il tarixli, 2(050)-3719/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(050)-3210/2021 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək, bildirmişdir ki, cavabdeh malların pulunu iki ay ərzində qaytaracağını bildirsə də, vədinə əməl etməmişdir. Hazırkı vaxtadək ona olan borcunu ödəməmişdir. Rübail malların ona verilməməsini bildirsə də, həmin mallar siyahı ilə ona verilmişdir. Bunu sübut edən səs yazıları vardır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərərək bildirmişdir ki, cavabdeh polisdə izahat verərəkən bildirmişdir ki, İntiqama özü malları alıb başqasına satmağı təklif etmişdir. Həmçinin malların daşınmasına görə yük maşınlarını da özü tapmışdır. Yəni cavabdehin vəkilinin dediyi tapşırıq müqaviləsindən söhbət gedə bilməz. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, tərəfələr arasında alqı-satqı olmamışdır. Aralarında şifahi tapşırıq müqaviləsi olmuşdur. O, özü iddiaçıdan şəxsən mal almamışdır. Ondan aldığı malları anbara yerləşdirməklə, digər şəxlərə satmaq niyyəti olsa da, malları sata bilməmişdir. O, İntiqama onun mallarını mütləq satacağına dair söz verməmiş, üzərinə öhdəlik götürməmişdir. Həmçinin İntiqama tapşırılmış mallar keyfiyyətsiz olduğundan alıcılar malı almamışlar. Hazırda mallar anbarda qalmışdır. Cavabdeh malların iddiaçıya qaytarılmasına etiraz etmir. Malları götürüb satıb öz pulunu götürə bilər. Cavabdeh ondan özü üçün mal almamış, malı alıb satmaqda ona köməklik etmişdir. Mallar İntiqamın mallarıdır, hamısı da anbarda bağlı şəkildə qalmışdır. Səs yazılarında Rübailin malların satılaraq pulunu götürməsi barədə dediklərinə münasibəti bildirərək göstərmişdir ki, tərəflərin arasında əvvəllər bir neçə dəfə malların alınıb-satılması ilə bağlı münasibətlər yarandığından çox güman ki, telefonda danışdıqları vaxt başqa mallara aid məsələni müzakirə etmişdilər. O, eyni zamanda tərəflərin arasında aparılan telefon danışığı zamanı yazılmış səs yazısının hansı şəraitdə qeydə alınması məlum olmadığından sübut kimi qəbul edilməsinə etiraz etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Polis şöbəsindən İddiaçı müraciəti əsasında toplanmış materialdan görünür ki, araşdırma nəticəsində X5 izahatı alınmış, o, izahatında göstərmişdir ki, “...Təxminən 2015-ci ildə Rusiya Federasiyasının Kazan şəhərində yaşadığı müddətdə İntiqam adlı Masallı rayonu, Böyük Xocavar kənd sakini ilə tanış olmuşdur. Bundan sonra aralarında səmimi münasibətlər yaranmışdır. O, ərəfələrdə Rusiya Federasiyasında alver ilə məşğul olurdu. 2019-cu ilin iyul ayında o, İntiqamla görüşəndə ona Kazan şəhərində olan Şirvan restoranın sahibi Müşviqin qadın, uşaq və kişi geyimlərinin Türkiyədən gətirərək sata bilməməsini İntiqama deyib ondan həmin malları götürüb birlikdə sataraq qazanc əldə etməyi təklif etmişdir. İntiqamda həmin ******* (bir miliyon səksən üç min iki yüz iyirmi min) rublluq malları AZN-lə isə 29.571.906 ( iyirmi doqquz min beş yüz yetmiş bir min doqquz yüz altı) götürüb Rusiya Federasiyasının Samara və Taliyati şəhərlərində olan mağaza sahiblərinə məxsus yük taksilərinə İntiqama həmin malları yüklətdirib İntiqamdan həmin nəqliyyat vasitələrinin mobil nömrələrini alıb Samara və Taliyati şəhərlərinə malları göndərmişdir. Hazırki vaxtadək həmin mallar satılmır. Ona görə də, həmin malları İntiqama Kazan şəhərində xx.xx.2021-ci il tarixədək qaytarmağa hazırdır. Onu da qeyd edir ki, o, dəfələrlə İntiqama bildirmişdir ki, həmin mallar satılmır. O, malları mağazadan götürüb ona qaytarsın. İntiqamda onunla razılaşmamışdır. İşdə olan Whatapp ani mesajlaşma proqaramı ilə tərəflərin arasında aparılmış yazışmaların mətnlərindən görünür ki, İntiqam tərəfindən Rübailə göndərilmiş yazıda qeyd edilmişdir ki, “30 min manat az pul deyil. Bu sənin borcundu. Mən nə qədər səbr etməliyəm. 17 aydır səni gözləyirəm. Artıq bəsdir.” Qarşı tərəf isə ona cavabında yazmışdır ki, “Qardaş mən senə deyirəm düzəlmir. Tapa bilmirəm. Gözləyək martı.” İntiqam tərəfindən Rübailə göndərilmiş digər bir yazıda qeyd edilmişdir ki, “Yaxşı edirsən nə qədər uzadırsan uzad hər işin sonu kimi bununda sonu var.” Qarşı tərəf isə ona cavabında yazmışdır ki, “Qardaş uzatmaq mənim əlimdə deyil. Niyə məni baş düşmürsən.” Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, CD diskdə olan səs yazılarından məlum olur ki, X8 Sərdarlıdan aldığı malları sataraq pulunu aldığını, həmin pulun banka olan kredit borcuna ödədiyini etiraf etmiş, həmin səs yazısı zamanı Rübail malların satılmadığını, anbarda olması ilə bağlı fikirlər səsləndirməmişdir. O, borcunun olduğunu qəbul edərək maddi imkanı olmadığından borcunu qaytara bilmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin vəkili tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, CD diskdə olan foto və videogörütülərdə anbarda olan kisələrdə geyim əşyalarının olduğu görünür. Məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehə təqdim etdiyi malların yığıldığı paketlərin əks olunduğu fotoşəkili təqdim etmiş, həmin fotoşəkildə əksini tapan geyim əşyalarının yığıldığı paketlərin cavabdehin təqdim etdiyi fotoşəkildə əks edilmiş paketlərlə oxşarlığı olmadığı müəyyən edilmişdir. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və onun vəkilini dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı geyim əşyalarının satılması üçün Rübail Abbasova şifahi tapşırıq verərək, ******* rubl (həmin vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 29571 manat) dəyərində kişi, qadın və uşaq geyimlərini onun ixtiyarına vermiş, cavabdeh aldığı malları sataraq pulunu ələ keçirsə də, iddiaçıya hər hansı məbləğdə pul verməmişdir. İşin mübahisəli tərəfi odur ki, cavabdeh malları satmaq üçün iddiaçıdan götürdüyünü etiraf etsə də, aldığı malların iddiaçının göstərdiyi məbləğdə olması ilə bağlı ona məlumat verilmədiyini, həmin malları sonradan sata bilmədiyini, malları qaytarmaq istəsə də, iddiaçının həmin malları qəbul etmədiyindən hazırda anbarda saxlanıldığını göstərmişdir. Məhkəmə tərəflərin arasında yaranmış mübahisənin həlli ilə bağlı Mülki Məcəllənin tapşırıq müqaviləsinin normalarının tətbiq edilməsinin zəruri hesab edir: Belə ki Azərbaycan Respublikasının Mülki Məcəllənin: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.2. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Cavabdehin nümayəndəsi və vəkili izahatında müdafiə etdiyi şəxsin satılması üçün verilmiş malların dəyəri ilə bağlı məlumatının olmadığını və həmin malların satılmadığını göstərsə də, işdə olan sübutlarla onun qeyd etdikləri təkzib edilmişdir. Belə ki, İddiaçı müraciəti əsasında Masallı Rayon Polis şöbəsində aparılmış araşdırma zamanı cavabdeh X7 İddiaçı 29571 manat dəyərində mal almasını etiraf etmiş, eyni zamanda tərəflərin arasında Whatapp ani mesajlaşma proqaramı ilə aparılmış yazışmalar zamanı iddiaçı qeyd edilən məbləğin ona verilməsini tələb etmiş, cavabdeh həmin məbləği bir dəfə də olsun mübahisləndirməyərək imkanı olmadığından pulu qaytara bilmədiyini, lakin qaytaracağına dair vədlər vermişdir. Eyni zamanda tərəflərin arasında telefon danışıqları zamanı qeydə alınmış səsyazılarından tam aydın olur ki, cavabdeh malları satdığını və pulunu aldığını etiraf etmiş, lakin pulu banka olan kredit borcunu ödədiyini bildirmişdir. Həmçinin, qeyd edilən danışıqlar zamanı cavabdeh iddiaçıya borcunun əvəzinə Toyata Rav 4 markalı avtomobili Azərbaycana gətirərək ona təhvil verməyi təklif etmişdir. Bütün bunlar deməyə əsas verir ki, cavabdeh aldığı malları sataraq pulunu ələ keçirmiş, lakin pulu öz ehtiyacları üçün xərcləyərək iddiaçıya qaytarmamışdır. Bundan başqa, Məhkəmə cavabdehin etirazının əsası kimi istinad edərək malların satılmadığını, anbarda saxlanması ilə bağlı təqdim etdiyi qara sellafon torbaların əks olunduğu fotoşəkilə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehə təqdim etdiyi malların yığıldığı torbaların fotoşəklini məhkəməyə təqdim etmiş, həmin fotoşəkillər müqayisə edilərkən fotoşəkillərdə əks edilmiş torbaların bir-birinə bənzər olmadığı açıqaşkar görünmüşdür. İddiaçının təqdim etdiyi fotoşəkilə nəzər yetirdikdə orada olan torbaların hamısının etiketli formada, eyni zamanda torbaların üzərində gümüşü rəngli örtüklərin olduğu müəyyən edilmişdir. Cavabdehin təqdim etdiyi fotoşəkildə əks olunmuş torbalar isə əksəriyyəti qara rəngli olmaqla, 1-i ağ rəngli kisə, 1-i isə qırmızı rəngli torbadır. Göründüyü kimi, müqayisə olunarkən cavabdehin təqdim etdiyi fotoşəkildə əks olunmuş paltarların yığıldığı torbaların iddiaçının ona təqdim etdiyi geyim əşyaları ilə heç bir bağlılığının olmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X2 29571 manat və hüquqi xidmətə görə 200 manat, cəmi 29771 manat, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 29571 manat və hüquqi xidmətə görə 200 manat, cəmi 29771 manat pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul X2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar