Məhkəmə qərarları › İş №2(050)-442/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-442/2025

08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-442/2025 08.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 3400 manat pulun və iddia qaldırarkən ödədiyi 54 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı Masallı rayonu Xoşçobanlı kənd sakini Cavabdeh 2014-ci ilin noyabr ayında onun işlədiyi X1 gələrək pula ehtiyacı olduğu üçün ona 4500 manat pul borc verməyi xahiş etmişdir. O, şahidlər Şahid1 və X2 yanında iş yerində Cavabdeh 4500 manat pul borc vermişdir. Mirmöhsüm ondan aldığı həmin borcu bir aya qaytaracağına söz versə də, vəd verdiyi vaxtın tamamında borcu qaytarmamışdır. Ona görə də o, dəfələrlə onunla əlaqə yaradıb, borcun qaytarılmasını ondan tələb etsə də o hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmış, borcu qaytarmaqdan yayınmışdır. Ona görə də onun yaxınlarına, qohumlarına ağsaqqallarına müraciət edib Mirmöhsünüm ondan aldığı borc pulu ona qaytarmaqdan ötrü ona təsir etmələrini xahiş etmişdir. Nəhayət, Mirmöhsümün qudası, yəni onun oğlunun qayınatası Mətləb Mirmövsümlə söhbət etdikdən sonra 2015-ci ilin dekabr ayında Mirmöhsümün ona olan borcundan, əvvəl 600 manatını, bundan on gün sonra isə daha 500 manatını, cəmi 1100 manatını ondan alıb Əkbərov Qədiməlinin iştirakı ilə gətirib ona verdi. Lakin bundan sonra Mirmöhsüm yenə qalan borcu qaytarmaqdan yayınmağa davam etdi. O, qalan 3400 manat borcu ondan almaqdan ötrü nə qədər çalışsa da, Mirmöhsümlə əlaqə saxlayıb, borcunun qalanının da qaytarmağı ondan tələb etsə də cəhdləri heç bir nəticə verməmişdir. O heç onun telefon zənglərinə cavab vermirdi. Ona görə də o, 2023-cü ilin may ayında Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib, Mirmöhsümə verdiyi borc puldan qalan 3400 manatı almaqda ona köməklik göstərməyi xahiş etməyə məcbur olmuşdur. Lakin bu ərizənin də bir nəticəsi olmadı. Belə ki, Masallı RPŞ-nin rəhbərliyi 13 iyun 2023-cü il tarixli məktubla onun ərizəsinə cavab yazıb bildirmişdir ki, onun müraciətinin araşdırılması onların səlahiyyətinə daxil deyil və tövsiyə edirdilər ki, o, Mirmöhsümdən borc tələbi ilə bağlı məhkəmədə mülki qaydada iddia qaldıra bilər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(050)-442/2025 saylı qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 3400 manat və dövlət rüsümuna görə ödənilmiş 54 manat, cəmi 3454 manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2(050)-442/2025 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(050)-442/2025 saylı qiyabi qətnaməsinin ləğvinə dair Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(050)-442/2025 saylı qiyabi qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, O, Masallı dəmir yol stansiyasının rəisi işləyirdi. 2014-cü ildə cavabdehin 3 vaqon kartoşkası gəlmişdir. Cavabdeh yanına gələrək deyib ki: “İcazə ver vaqonları açaq, kartoşkanı boşaldaq” ona bildirmişdir ki, “Vaqonların 4500 manat rüsumu köçürülməlidir.” O bildirdi ki, “Pulum yoxdur. Ödə mən sənə verərəm.” Həmişə onlara köməklik etmişdir. Rüsumları ödəmişdir. Cavabdeh qudası Mətləb vasitəsi ilə 500 və 600 manat pul vermişdir. Sonra zəng edirdi telefonu açmırdı, açanda da danışmırdı. Polisə şikayət etmiş bir nəticəsi olmadı. Cavabdehin qudası Mətləbə bunu bildirmişdir. Mətləb cavabdehin oğlu ilə danışmış və o da bildirmişdir ki, imkanları yoxdur pulu ödəməyə. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onların dəmir yol stansiyasının rəisi işləyirdi, onun yanına girməmişdir. Onun rəhmətlik qardaşı gedib girib yanına vaqonu buraxdırmışdır. 500 və 600 manat aparıb verib. Pulu o vermişdir qardaşına. Ola bilsin o aparıb verməyib. İddiaçıdan pul almamışdır. Borc almamışdır. Vaqonların pulu ödənilib. Qəbzləri gətirib göstərə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, tərəfləri tanıyır. Hansı il olması yadında deyil. Qardaşı ilə Yusifin yanında olanda, Mirmöhsüm gələrək dedi ki, “Pulum yoxdur. Həmişə vaqon gəlib, pulunu ödəmişəm.” Aralarında 4500 manat pul söhbəti oldu. Yusif bildirdi ki, “Bəli həmişə ödəmisən.” Mirmöhsüm dedi, “Bu dəfə də məni yola ver. Sən pulu düzəldib ödə, 3-5 günə ödəyərəm.”Sonradan aldığı məlumata görə ödəməyib. 4500 manat söhbəti Yusiflə Mirmöhsüm arasında olub. Razılaşmalarına əsasən Mirmöhsüm malı yerbəyer edib pulu verəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o sürücü işləyirmiş. Mal daşıyırdı. Rəhmətlik Mirheydər olub orda. Mirmöhsümü görməmişdir. Mirheydər getdi stansiyaya, nə danışdılar bilmir. Vaqonu açıb yükləmişlər maşına. Malı Mətləb gilə daşımışlar. Yusifin Mirmöhsümdən pul tələb etməsindən xəbəri vardır. Mirmöhsüm orda olmayıb, onu görməmişdir. Mirheydəri görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Yusifi tanıyır. Mirmöhsüm isə onun qudasıdır. 2014-cü ildə kartoşka gəlmişdir vaqonla. Onun həyətində kartoşkanı boşaltmağa yer var idi. Getmişlər vaqonun yanına. Vaqon Şakir müəllimin adına gəlmişdir. Orda Şakir, Mirheydər, 5-6 şofer və 10 nəfərə qədər fəhlə var idi. Onlar getdilər və nə daşdıqlarını bilmir. Birinci maşının yükü ilə gəlmişdir evə. 2 vaqon onlara boşaldı. Bir vaqon isə Mirheydərin bacanağının həyətinə Maşlıq kəndinə boşaldı. Yeznəsi də orda idi. Yeznəsi sonra ona zəng edərək bildirdi ki, yığılan puldan versin onun əmisinə ki, o aparıb versin. 500 manat və 600 manat özü aparıb vermişdir. 2-3 il bundan əvvəl Yusif onlara gələrək bildirdi ki, qohumu pulu verməyib. Məbləği ona demədi. Ancaq dedi ki, heç olmaya 50 manat olsa da hər ay versin. O bunu yeznəsinə bildirmişdir. Dedi özü həll edəcək. Sonra ona yeznəsi dedi ki, əmimə vermisən, aparıb verməyib? Hazırda nə qədər pul tələb olunmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, malı onlar boşaltmışlar. Aralarında nə söhbət olmasını bilmir. Həmin vaxt Mirmöhsümü orda görməmişdir. Ona Mirheydər deyib ki: “Vaqonu danışmışam, açın”. Həmin vaxt gömrük işçiləri də orda olub. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan danışıq zamanı cavabdeh bildirir ki, əvvəllər gəlib vaqonların buraxılmasını xahiş etmiş, lakin bu dəfə isə gəlməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2014-cü ildə Rusiya Federasiyasından 3 vaqon toxumluq kartoşka gəlmişdir. İddiaçı həmin vaxt dəmir yol stansiyasının rəisi vəzifəsində işləmiş və 3 vaqon kartoşkanın rüsumu 4500 manat onun tərəfindən ödənilmişdir. Hazırda iddiaçı bildirdiyinə görə 4500 manat pulun cavabdehin əvəzinə ödəməsini və sonradan həmin puldan 500 və 600 manat qaytarılmasını, qalan 3400 manat pulun isə qaytarılmamasını bildirir və cavabdehdən tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, onun iddiaçı ilə aralarında heç bir razılaşma olmamışdır. 3 vaqon kartoşka onun vəfat etmiş qardaşı Mirheydərə məxsus olmasını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (445.7). 20 noyabr 2025-ci ildə məhkəmə hazırlıq iclası zamanı cavabdeh ifadə verərək bildirmişdir ki, “500 və 600 manat aparıb verib. Mən vermişdim qardaşıma. Ola bilsin o aparıb verməyib. Mən iddiaçıdan pul almamışam. Borc almamışam. Vaqonların pulu ödənilib. Qəbzləri gətirib göstərə bilər.“ Lakin sonrakı məhkəmə iclasında cavabdeh dediklərini inkar etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh dolayı yolla etiraf edir ki, iddiaçıya pulu özü ödəməli idi. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3400 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 54 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin Məcəlləsinin 238-244, 252, 253, 216-220, 227, 233, 238-245, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3400 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 54 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin və ondan alınaraq İddiaçı ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar