Məhkəmə qərarları › İş №2(050)-476/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-476/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-476/2023 06.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X2, iddiaçı X4, cavabdeh X6 iştirakı ilə. İddiaçı X4 cavabdeh X8 qarşı “borcun qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X16 3800 manat əsas borc, 100 manat hüquqi xidmət haqqı, 59 manat məhkəməyə ödənilmiş dövlət rüsumunun və 3 manat notarat hərəkətlərinə görə pul olmaqla, cəmi 3962 (üç min doqquz yüz altmış iki) manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X9 əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh hərbiçi olmuş və Bakı şəhərində xidmət etmişdir. Orxan 2021-ci ilin dekabr ayında ona müraciət edib pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. 04 dekabr 2021-ci il tarixdə Orxana cəmi 3.800 manat pul borc vermişdir. Cavabdeh borcu 2021-ci ilin dekabr ayının sonundan başlayaraq hissə-hissə ona qaytarmalı idi. Orxan bu barədə öz xətti ilə qəbz yazıb ona vermişdir. Laki vaxt keçməsinə baxmayaraq borcu ona qaytarmamışdır. Cavabdeh ondan gizlənir, telefon zənglərinə cavab vermir və borcun qaytarılmasından boyun qaçırır. Buna görə də, cavabdehdən borcun məhkəmə qaydasında alınması zəruridir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehi dostu Orxan vasitəsi ilə tanımışdır. O, orxana üçüncü dəfədir ki, borca pul veririr. Sonuncu dəfə cavabdehə 3800 manat məbləğində pul vermişdir. Cavabdeh pulu qəbul edərkən öz əl yazması ilə qəbz yazmış və pulu qəbul etmişdir. Hazırda qeyd edilən pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə ortaq dostu olan Elxandan faizə pul götürmək istədiyini demişdir. Elxan da onu Zamiqlə tanış etmiş və Zamiqin borca pul verdiyini demişdir. O, Zamiqdən ilk dəfə 500 manat borca pul götürmüşdür. Daha sonra 300 manatda götürmüşdür. Zamiq ona pulu verərkən 100 manata 20 manat olmaqla faizlə vermişdir. Zamiqdən götürmüş olduğu ümumilikdə 800 manat pulu qaytarmağa razıdır. Lakin hazırda tələb edilən 3800 manat məbləği qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, iddiaçı X10 cavabdeh X8 3800 (üç min səkkiz yüz) manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini 2021-ci ilin dekabr ayından başlayaraq hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından olan X15 MMC-nin xx.xx.2022-ci il tarixli, 219786 saylı qəbzdən görünür ki, X10 tərəfindən hüquqi məsləhət, sorğu və iddia ərizəsi üçün X15 MMC-nin hesabına 100 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında borcmüqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdeh X6 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 59 manat məbləğində dövlət rüsumu, 100 manat məbləğində vəkil xidməti üçün ödəniş və 3 manat məbləğində notariat üçün pul vəsaitləri xərclənmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğlər də cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3800 manat məbləğində pul vəsaiti, ödənilmiş 59 manat məbləğində dövlət rüsumu, 100 manat məbləğində vəkil xidməti üçün ödəniş və 3 manat məbləğində notariat üçün pul olmaqla, cəmi 3962 (üç min doqquz yüz altmış iki) manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh X5 3800 manat məbləğində pul vəsaiti, ödənilmiş 59 manat məbləğində dövlət rüsumu, 100 manat məbləğində vəkil xidməti üçün ödəniş və 3 manat məbləğində notariat üçün pul olmaqla, cəmi 3962 (üç min doqquz yüz altmış iki) manat məbləğində pul alınaraq iddiaçı X7 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar