Məhkəmə qərarları › İş №2(050)-486/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-486/2023

21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-486/2023 21.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Masallı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(050)-2956/2019 saylı qətnaməsi ilə tutulan 120 manat alimentin miqdarının artırılaraq hər ay 250 manat miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında ailə həyatı qurmuşdur. Faktiki nikahlarından 30 may 2013-cü il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Münasibətləri pozulduğundan 2019-cu ildə ayrılmışlar və Masallı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(050)-2956/2019 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment tutulmuşdur. Artıq uşağın 10 yaşı var və onun tələbatları günü-gündən artır və onları təkbaşına qarşılaya bilmir. Cavabdeh isə aliment pulundan başqa heç bir maddi yardım etmir. Cavabdeh fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirdi ki, apektdə işləyir və 400 manat əmək haqqı alır. Cavabdeh Rusiya Federasiyasında yaşayır. Masallı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(050)-2956/2019 saylı qətnaməsi qəbul edilən vaxt işləmirdi. Övladı həmin vaxt məktəbə getmirdi. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 dekabr 2019-cu il tarixli, 2(050)-2956/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 30 may 2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07 noyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi, əlavə olaraq Cavabdeh 30 manat dövlət rüsumu tutulub dövlət bücəsinə verilməsi, qətnamənin dərhal icra olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı oğlu "xxxx" MMC-də aptekçi vəzifəsində işləyir və əmək haqqısı 450 manatdır. Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh İİ dərəcəli əlildir və 327,21 manat pensiya alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(050)-2956/2019 saylı qətnaməsinin qəbulundan 3 ildən artıq bir müddətin keçməsini və bu müddət ərzində uşağın artan tələbatını, diqqətəlayiq digər halları, eləcə də uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını (iddiaçı rəsmi olaraq işləyir, əmək haqqısı 450 manatdır), ölkə üzrə uşaqlar üçün 2023-ci ildə yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsinin bu məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini nəzərə alaraq ödənilməli olan alimentin miqdarının 160 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin İİ dərəcəli əlil olması onu yetkinlik yaşına çatmamış böyüyən övladının artan təlabıtını ödəmək kimi uşağını saxlamaqla bağlı konstitusion vəzifədən azad edə bilməz. İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləği ilə 250 manat alimentin tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(050)- 2956/2019 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altımış) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub uşaq yetkinlik yaşına çatanadək İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar