Məhkəmə qərarları › İş №2(050)-544/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-544/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-544/2023 08.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 04 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 10000 manat pul borc vermişdir. Cavabdeh ona pulu 27 dekabr 2021-ci il tarixdək qaytaracağını bildirmişdir. Lakin cavabdeh verdiyi vədi yerinə yetirməmişdir. O, cavabdehdən bir neçə dəfə pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan yayınmışdır. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehin mərhum ərinin iddiaçıya borcu olmasa da, cavabdehin iddiaçıya borcu vardır. Həmçinin, iddia təmin olunarsa iddiaçı cavabdehlə icra mərhələsində qətnamənin icrasından imtina edəcək və razılıq əldə edilməsinə səy göstərəcək, borcun hissə-hissə ödənilməsinə şərait yaradacaqdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən ona hər hansı borc pul verilməmişdir, borcu mərhum həyat yoldaşı götürmüş və artıqlaması ilə iddiaçıya geri qaytarmışdır. Hazırda iddiaçının ona qarşı olan iddiası əsassızdır və bu səbəbdən iddianın rədd edilməsini xahiş etdi. Qətnamə çıxarılacağı təqdirdə iddiaçıya heç bir ödəniş etməyəcəkdir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cavabdeh yeznəsidir, Almazın iddiaçıdan aldığı pulu özü şəxsən İddiaçı qaytarmışdır. Həmin gün maşınla İddiaçı yanına gedərək maşının müşahidə kamerasını aktiv etmiş və Bəxtiyara 2500 manat məbləğində pulu vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddiaçının teleqramını nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 04 avqust 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10000 (on min) manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini 27 dekabr 2021-ci il tarixdə tam olaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 4/527 saylı ekspert rəyindən görünür ki, mülki işin 3-cü vərəqində İddiaçı ilə Cavabdeh adlarından olan 04 avqust 2021-ci il tarixli Borc Müqaviləsinin arxa tərəfində "Cavabdeh" hissəsində "İMZA:" qrafasındakı imza, "özum imzaladım" yazıları və "ehtiyacım olduqun həmkəndlim Bəxtiyar Huseyinov dan 10 Min onmin Manat borc pul aldim 2021 ci dekabr ayının 30 qaytaraca m öz imzamba tasdik edirəmə imza: Cavabdeh." yazıları və “imza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş sənədləri, şahid ifadəsini digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək iddianın rədd edilməsi və ya qismən təmin edilməsi baxımından sübut növü kimi qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 10000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə Cavabdeh tərəfindən verilmiş İddiaçı barəsində xüsusi qərardad çıxarılıb aidiyyəti təşkilatlara göndərilməsi barədə vəsatətlə əlaqədar qeyd edir ki, cavabdeh qeyd edilən məsələ ilə bağlı səlahiyyətli orqanlara müraciət etmək hüququna malikdir. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 126 manat məbləğində pul vəsaiti Cavabdeh X1 (kod: 210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT-CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, hesab: AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 126 manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT-CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, hesab: AZ34CTRE********************) xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar