Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-559/2024 17.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş 13320 manat məbləğində ziyanın və ödənilmiş 129.96 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən tələbdən əlavə olaraq çəkdiyi xərclər - 3 dəfə bir işlə bağlı məhkəməyə (hakim H.Bəhmənovun baxdığı işlə əlaqədar), 3 dəfə bir işlə bağlı məhkəməyə (hakim Z.Zeynalovun baxdığı işlə əlaqədar), 4 dəfə bir işlə bağlı (hakim C.Quliyevin hazırki baxdığı işlə əlaqədar) gəlib-getmək yol puluna görə 300 manat, torpağın geri qaytarılmasına görə məhkəmədə işə baxılması üçün ödənilmiş 101 manat, bir iş üzrə iddia qaldırmaq üçün ödənilmiş 130 manat dövlət rüsumu, ekspert rəyinin verilməsinə görə 108 manat, cəmi 639 manat pulun da cavadehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Təkdam kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Masallı rayonu, Təkdam kəndində özünə məxsus 1.60 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsininin 1 hektarını Cavabdeh bilə-bilə və qanunsuzca 6 il zəbt etmişdir. Həmçinin, 1.60 hektar torpaq sahəsini isə 1 il boyu zəbt edərək əkilmiş buğdanın hamsını mənimsəmişdir. 1.60 hektardan 5 ton buğda götürmüşdür. Dəfələrlə torpaq sahəsini cavabdehdən tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bir neçə dəfə cavabdehlə münasibətlərini polis şöbəsində ayırd etmək məcburiyyətində qalmışdır. Sonda o, məcbur qalıb cavabdehdən zəbt etdiyi torpaq sahəsinin geri alınması barədə məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 28/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 0.99 hektar torpaq sahəsinin cavabdehdən geri alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə icra edilmiş və torpaq sahəsi cavabdehdən alınaraq ona verilmişdir. O, torpaq sahəsindən 6 il ərzində istifadə edə bilməmişdir. Həmin torpaq sahəsində cavabdeh 6 il ərzində buğda əkmiş və ona külli miqdarda ziyan vurmuşdur. Masallı rayonu üzrə buğda üçün orta məhsuldarlıq 2.5-3 ton təşkil edir. 2.5 tonla götürdükdə cavabdeh ona 15 ton buğdanın ziyanını vurmuşdur. 1 kq buğdanın qiyməti 0.60 qəpikdir. Yəni, cavabdeh onun torpaq sahəsindən 9000 manatlıq buğda götürmüş, həmin torpaq sahəsini o, əkmədiyi üçün dövlət tərəfindən subsidiyada almamışdır. Torpaq sahəsini əksəydi dövlət tərəfindən ona 1320 manat subsidiya və digər dərmanlar da veriləcəkdi. Cavabdehin qəsdi nəticəsində o, bütün yardımlardan məhrum olmuşdur. Ümumilikdə cavabdeh onun 20 ton buğdasını mənimsəmişdir. Həmin buğdanın orta bazar qiyməti 12000 manat təşkil edir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə istinad etmişdir. Cavabdeh tərəfindən imzalanmış iddiaya dair etiraz xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı, yəni qardaşı iddia edir ki, o, altı il müddətində ona məxsus olan torpaq sahəsini əkib ona ziyan vurmuşdur. Halbuki, iddiaçıya məxsus olan torpaq sahəsini bacısı Şahid istifadə etmiş, yaxudda boş qalmışdır. Bunu Şövkətin həyat yoldaşı X13 da təsdiq edə bilər. 2017-ci ildən 2022-ci ilədək Xudaverdi niyə hər hansı dövlət orqanlarına müraciət etməmişdir? Bu onu göstərir ki, iddiaçı ona şər-böhtan atır. İddiaçı ilk dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi zaman iddia edirdi ki, o, onun (0.99 ha) 1 hektar torpaq sahəsini əkmişdir, ikinci iddia ərizəsində göstərir ki, 1.60 ha torpaq sahəsini istifadə etmişdir, əgər üçüncü iddiası olsa deyəcək ki, 2.40 torpaq sahəsin əkmişdir. Bacıları qızı X9 bu illər ərzində həm öz yerini, həm də rəhmətə gedən anasının torpaq sahəsini əkmişdir. Aynurə də təsdiq edə bilər ki, bu illər ərzində Xudaverdini əkin sahəsində görməmiş, onun torpaq sahəsini Şövkət əkmiş və yaxud boş qalmışdır. İddiaçının payına 0.40 ha torpaq sahəsi düşür, o, isə 1.60 torpaq sahəsinin iddiasındadır. İddiaçı məhkəmə iclasında bildirdi ki, torpaqdan neçə illərdir ki, istifadə edə bilməmişdir. Bu vaxta kimi cavabdeh ona imkan verməmidir. Cavabdeh torpağı 6 il, yəni 2016-cı ildə atası vəfat etdikdən sonra əkib-becərmiş, qazanc əldə etmişdir. 2.44 ha torpağın 1.60 ha hissəsini iki ildir ki, əkir. Torpaq sahəsinin qalan hissəsi başqa yerdədir. Həmin qalan hissəni Məhərrəm əkir. Dövlət aktında adları olanlardan atası Yasər, anası Xədicə və bacısı Dilavər vəfat etmişlər. Torpağın hamsı onun deyil. Aralarında dava olduqdan sonra torpağı o, əkmişdir. Vəfat etmiş bacısı Dilavərin payı ona düşsə ümumi 2.20 ha torpağı olur. Həmin 2.20 ha torpaq sahəsində digər bacısı Şövkətin də payı var. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, torpağın 0.99 ha hissəsini 1 il əkmişdir. 2021-ci ildə əkib 2022-ci ildə biçmişdir. Biçən vaxtı Xudaverdi gəlib onunla söz-söhbət etmişdir. Məhkəmə qətnaməsi ilə 0.99 ha torpaq sahəsindən çıxarılma barədə qərar qəbul edildikdən sonra iddiaçı iddia qaldırmışdır. O, iddiaçının yerini əkməmişdir. Atası 2016-cı ildə vəfat etdikdən sonra 2022-ci ilə qədər həmin mübahisəli torpaq sahəsini bacısı Şövkət əkmiş və ya torpaq sahəsi boş qalmışdır. O, 1 il həmin yeri bacısı Şövkətlə birlikdə əkmişdir. Şövkət onun yerini, o, isə əvəzində Şövkətin yerinə əkmişdir. O, Şövkətin yerində taxıl əkmişdir. Yerləri dəyişib əkmək barədə Şövkətin əri Həşim ilə razılaşmışlar, razılıqdan sonra əkmişlər. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. 09 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh qardaşlarıdır. Ataları vəfat etdikdən sonra torpaq sahəsini Məhərrəm əkmişdir. Atası sağlığında ona 0.80 ha torpaq vermişdir. O, öz torpağını əkmişdir. 2016-cı ildən, yəni atası vəfat etdikdən sonra 0.80 ha torpağı əkmişdir, son iki ildə isə əkməmişdir. Torpaq barəsində problem olduğundan torpaq sahəsi paylar şəklində bölündüyündən, hazırda onun payına düşən hissənin harada olduğunu bilmir. Bu səbəbdən də əkin əkə bilmir. Bir il Məhərrəmlə yerlərini dəyişmiş, o, Məhərrəmin yerini, Məhərrəm də onun yerini əkmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, cavabdehin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına olan: “Torpağa mülkiyyət hüququna dair” JN-0014 Kod 80507048 nömrəli dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 nömrəli qərarı ilə X6, X3, Şahid, X4, X7, İddiaçı 2.44 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-28/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu, Təkdam kəndində yerləşən 2.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətində yerləşən 0.99 hektar hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaitinin X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulması, Cavabdeh mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-1366/2023 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarı əsasında X6, Abdullayeva (Nurullayeva) Xədicə Nüsrət qızına, Şahid, X4, İddiaçı, X7 verilmiş 2.44 ha torpaq sahəsi üzərində onların hər birinin 1/6 hissə pay hüquqları müəyyən edilməsi, 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X5 və X1 payına düşən və miras qalmış 1/6 hissə torpaq sahəsi üzərində İddiaçı, Şahid və Cavabdeh hər birinin 1/24 hissə, X8 və Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızının hər birinin 1/48 hissə miras paylarının müəyyən olunması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1366/2023 saylı qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarxli, 2(050)- 1366/2023 nömrəli qətnaməsinin nəticə hissəsinin 2-ci abzası “2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X5 payına düşən və miras qalmış 1/6 hissə torpaq sahəsi üzərində və X1 payına düşən və miras qalmış 1/6 hissə torpaq sahəsi üzərində İddiaçı, Şahid və Cavabdeh hər birinin 1/24 hissə, X8 və Vəlişova (Mirzəyeva) Aynurə Rəhim qızının hər birinin 1/48 hissə miras payları müəyyən olunsun.” kimi oxunması qərara alınmışdır. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının zərər tələb etdiyi dövrlərdə ümumi birgə mülkiyyətdə olmuş, sonradan (iddiaçının onun tərəfindən əkilməsi mübahisələndirilməyən dövrdə) məhkəmə aktı əsasında torpaq sahəsində paylar müəyyən edilmişdir. İş üzrə cavabdeh olan Cavabdeh da digər vərəsələr kimi ata və anasının payına düşən və miras qalmış torpaq sahəsinə payı müəyyən edilmişdir. Torpaq sahəsi naturada ayrılmamışdır, torpaq sahəsinin hansı hissəsinin payçılardan kimə məxsus olması müəyyən deyil. Belə bir vəziyyətdə iddiaçının ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən əkilməsini iddia etməsi əsaslı deyil. Yəni, iddiaçı sübut etməlidir ki, cavabdeh tərəfindən əkilmiş torpaq sahəsi məhz ona məxsus torpaq sahəsi olmuşdur. Masallı Rayon Məhkəməsinin icraatında olmuş 2(050)-28/2023 saylı mülki işə baxılarkən torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmuş, iddiaçı da ümumi birgə mülkiyyətçilərdən biri kimi iddia qaldırmışdır. Həmin qətnamə ilə müəyyən edilməmişdir ki, cavabdehin çıxarılması qət edilən 0.99 hektar torpaq sahəsi İddiaçıdur. Həmçinin, mübahisə üzrə cavabdehin də digər vərəsələr kimi ata və anasının payına düşən və miras qalmış torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun olması, digər mülkiyyətçilərin cavabdehə qarşı münasibətləri də (onun torpaq sahəsini əkməsinə etiraz etməmələri) nəzərə alınmalıdır. Bundan başqa, iddiaçının cavabdeh tərəfindən keçən bu illər ərzində mübahisəli torpaq sahəsinin əkilməsi ilə bağlı real mövqeyi də nəzərə alınmalıdır. İddiaçının mövqeyi ilə razılaşmaq o anlama gələr ki, istənilən şəxsə torpaq sahəsi verilsin, o, isə torpaq sahəsindən istifadə etməsin, illər keçdikdən sonra qarşı tərəf ilə mübahisəsi olan zaman iddia qaldırsın ki, bu torpaq sahəsindən neçə illərdir ki, imkan verilməyib təyinatına uyğun istifadə edilsin və buna görə zərər ödənilməlidir. Bu isə qəbul edilən deyil. Tərəflər qardaşdılar. Bir-birilərinə aqressivdilər və həqiqətən də bununla bağlı real mövqe olsaydı hazırki vaxta kimi məhkəməyə müraciət edilərdi. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə iddiaçının tələb etdiyi məhkəmə xərclərinə münasibətdə bildirir ki, həmin xərclərin bir hissəsi - tərəflər arasında olmuş mübahisə üzrə əvvəlki 2 iş üzrədir, onların bir hissəsi həmin işlər üzrə həllini tapmış, digər hissələr üzrə isə məhkəmə qətnamələri qanuni qüvvəyə minmiş, həmin işlər üzrə məhkəmə xərclərinə hazırki iş üzrə qiymət verilə bilməz. İddiaçı əgər həmin qətnamələrdən narazı idisə onu mübahisələndirə bilərdi və ya məkəmə xərci qətnamə ilə həllini tapmadığı üçün əlavə qətnamə çıxarılması üçün vaxtında ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iddiaçının tələb etdiyi hazırki iş üzrə məhkəmə xərclərinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbi baxımından iddia təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelylasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-559/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-559/2024
17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver