Məhkəmə qərarları › İş №2(050)-563/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-563/2025

24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-563/2025 24.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azad oğlunun iştirakları ilə. İddiaçı Cavabdeh Azad oğluna qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh Azad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 880 manat məbləğində pulun və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun, cəmi 910 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 20 avqust 2024-cü il tarixdə saat 11 radələrində etibarnamə ilə idarə etdiyi "Hyundai İ30" markalı, **- RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində üzü Sabunçu rayonu istiqamətində hərəkətdə olarkən avtomobili saxlayıb qırıq xətt olan yerdən sol tərəfə dönmək istəmişdir. Dönmə əməliyyatı edərkən arxa tərəfdən yolun əks istiqaməti ilə hərəkət edərək ötmə əməliyyatı etmək istəyən Cavabdeh idarə etdiyi "Tufan M50" markalı mopedlə toqquşmuşdur. Moped onun avtomobilinin sol tərəfinə çırpılmışdır. Cavabdehin mopeddən yıxıldığını görüb avtomobilindən düşərək sürücüyə kömək etmişdir. Sürücü üçün təcili tibbi yardım çağırmışdır. AR Daxili İşlər Nazirliyi Suraxanı RPİ 33-cü polis bölməsində aparılan təhqiqat araşdırması zamanı cavabdeh izahatında bildirib ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi ilə hərəkətdə olan zaman düz xəttin tələbini pozub və qarşıda hərəkət edən "Hyundai İ30" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsindən ötüb keçərkən avtomobilin sol ön qapısına çırpılmışdır. Cavabdehin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edilib və Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən 16 sentyabr 2024-cü il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Müstəntiq T.Səfiyev cavabdehin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin olduğu qənaətinə gəlib və cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətini Suraxanı Rayon Polis İdarəsinin dövlət yol polisi şöbəsinə göndərilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə ziyan vurulduğu üçün Sənaye Sığortanın sifarişi ilə avtomobili “Avtotəmir” təmiri sexində təmir etdirmişdir. Avtomobilə dəymiş ziyanın 880 manat olduğu müəyyən edilmişdir. Hadisədən 3 aydan çox vaxt keçsə də, cavabdeh ona vurduğu zərəri ödəmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddia tələbinə münasibəti: Cavabdeh Azad oğlu məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, dəymiş ziyanı ödəməyə hazırda maddi imkanı yoxdur. Bu ayın sonunadək pulun yarısını, yarısını isə növbəti aylarda ödəyəcəyini bildirmişdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tətqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir: Belə ki, iş materiallarında olan: “Avtotəmir” təmir sexi tərəfindən tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundai İ30” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpasına -qabaq sol qanadın ətək hissəsinin təmiri üçün 80 manat, qabaq sol qapının təmiri üçün 60 manat, qabaq sol ayaqaltının xərci üçün 60 manat, rəngsaz işlərinə görə arxa sol qapının təmiri üçün 100 manat, qabaq sol qanadın təmiri üçün 120 manat, qabaq sol ayaqaltının təmiri üçün 100 manat, qabaq sol qapının təmiri üçün 120 manat, arxa sol qapının təmiri üçün 120 manat, Armatur işlərinə görə qabaq sol qanad altmnı sökülüb yığılması üçün 30 manat, qabaq sol ayaqaltının sökülüb yığılması üçün 30 manat, qabaq sol qapının sökülüb yığılması üçün 30 manat, arxa sol qapının sökülüb yığılması üçün 30 manat, cəmi 880 manat xərc çəkilmişdir. BD567379 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai İ30” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 22 iyun 2024-cü il tarixli etibarnamədən görünür ki, “Hyundai İ30” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 qeyd edilən nəqliyyat vasitəsini 22 iyun 2024-cü il tarixdən idarə etmək hüququ üzrə verilən səlahiyyətlər üzrə İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2028-ci il tarixədək qüvvədədir. Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən 16 sentyabr 2024-cü il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Cavabdeh Azad oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Suraxanı Rayon Polis İdarəsinin dövlət yol polisi şöbəsinə göndərilmişdir. 23 aprel 2025-ci il tarixli, TP7198973 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azad oğlu İXM-nin 338.4-1.3-cü maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Əsaslandırıcı hissə Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı 20 avqust 2024-cü il tarixdə saat 11 radələrində etibarnamə ilə idarə etdiyi "Hyundai İ30" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində üzü Sabunçu rayonu istiqamətində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi "Tufan M50" markalı mopedlə yol hərəkətini qaydasını pozduğundan avtomobillə toqquşmuş və nəticədə avtomobilin bəzi hissələri yararsız hala düşmüşdür. İşin mübahisəli halları müəyyən edilməmiş, cavabdeh iddia tələbini qəbul etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati xəta törətməklə iddiaçının avtomobilinə maddi zərər vurduğundan onun iddiaçının qarısında mülki məsuliyyəti yaranmışdır. Qeyd edilən mübahisə üzrə şəxsin inzibati və mülki məsuliyyəti bir-biri ilə bağlılıq təşkil etmişdir. Sözü gedən hadisə nəqliyyat vasitələrinin yolda hərəkətdə olduqları zaman toqquşmaları nəticəsində baş verdiyindən və bu halda şəxsin vurulmuş zərərə görə mülki məsuliyyətin yaranmasının şərti kimi cavabdehin hər hansı yol hərəkəti qaydasını pozduğuna görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsas rol oynamışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən normada inzibati tənbeh vermə qərarı ilə bağlı qeyd olmasa da, şəxsin yol verdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilməsi və həmin qərardan şikayət etməməsi onu göstərir ki, cavabdeh qeyd edilən əmələ həqiqətən də yol verdiyini etiraf etmiş, həmçinin cavabdeh özü də məhkəmə iclasında iddianı qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən qanunazidd hərəkəti ilə vurulmuş maddi ziyan arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçının tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Nəticə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Azad oğlundan vurulmuş ziyana görə 880 (səkki yüz səksən) manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 910 manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar