Məhkəmə qərarları › İş №2(050)-570/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-570/2025

04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-570/2025 04.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümyəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 fevral 2008-ci il təvəllüdlü Cavabdeh və 06 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 600 manat olmaqla, cəmi 1200 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə yaşadıqları dövrdə 06 fevral 2008-ci il təvəllüdlü Cavabdeh və 06 oktyabr 2009-cu il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Cavabdehlə aralarındakı nikah qeydi Masallı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(050)-1246/2019 saylı qətnaməsinə əsasən ləğv edilmiş və uşaqların saxlanılması üçün, onlar yetkinlik yaşına çatanadək, cavabdehdən hər ay, hər uşaq üçün, 160 manat, cəmi 320 manat pul məbləğində alimentin onun xeyrimə tutulması qət edilmişdir. Ötən müddət ərzində cavabdeh alimentini fasilələrlə tam ödəməmiş, alimenti ödəməkdən yayınmağa çalışmış, övladları ilə maraqlanmamışdır. Uşaqlar dəfələrlə xəstələnmiş və müalicə almışlar. Həkimə müraciət, müayinə, müalicə xərcləri, alınan dərmanlar, həkim məsləhəti ilə ona göstərilən xüsusi qulluq-bütün bunlar külli miqdarda maliyyə vəsaiti tələb edir. O, ata-anasının dəstəyi ilə, habelə borca-xərcə düşərək övladlarının sağlamlığının bərpasına çalışmışdır. Qarşılaşdığı bu kimi çətinliklər və gündəlik yaşam ehtiyaclarının bahalaşması övladlarına ayrılan maddi vəsaitin-alimentin yetərsiz olması onu yenidən məhkəməyə müraciət etməyə vadar etmişdir. Cavabdeh müxtəlif bayraq altında üzən gəmilərdə (Malta bayrağı altında üzən "Alleqri" gəmisi, "Horaçi" gəmisi) uzaqyol baş mühəndisi və gəmi kapitanı kimi fəaliyyət göstərir. Onun minimal əmək haqqı 10.000 ABŞ dollarından artıq olur. Lakin, belə bir vəziyyətdə də o, ailəsinə (övladlarına) lazımı maddi yardımı göstərmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, uşaqlardan oğlu hazırda Türkiyədə yerləşən universitetlərin birində tələbədir, digər isə məktəblidir, onlar böyüdükcə xərcləri də artır. Özü mağazada satıcı işləyir. Onun öz qazancı özünə kifayət etsə də, uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdeh Türkiyədə işləməklə yaxşı qazanc əldə edir. Uşaqları ilə maraqlanmır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh onun oğludur. Əvvəllər o, gəmidə işləsə də, hazırda işdən çıxmışdır. İşlədiyi vaxtlarda da müqavilə əsasında işləmişdir. Hazırda o, ailəsi ilə birlikdə Türkiyədə yaşayır. Cavabdeh onlara uşaqlarla görüşməyə də şərait yaratmır. Hesab edir ki, cavabdeh işləmədiyindən alimentin məbləği artırılmamalıdır. Sonda Nümayəndə göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi cavabdehin işləməsi barədə sənədlər 2018-ci ilə aid olan köhnə sənədlərdir. Hazırda cavabdehin işləməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh hazırda işsizdir. İddiaçının tələb etdiyi hər uşaq üçün 600 manat aliment məbləği şişirdilmiş məbləğdir. Lakin, buna baxmayaraq alimentin miqdarının 170- 200 manat arası müəyyən edilməsinə etiraz etmir. Sonda göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(050)-1246/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 160 manat, cəmi 320 manat alimentin Cavabdeh tutularaq X2 verilməsi qət edilmişdir. 2018-ci il tarixli türkcə yazılmış sənədlərdən görünür ki, Cavabdeh həmin ilin müxtəlif tarixlərində, xarici ölkələrin gəmilərində baş mühəndis vəzifəsində işləmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı "xxxx" MMC-də satıcı işləyir, onun əmək haqqısı 460 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi kimi 2019-cu il tarixdən etibarən uşaqlar böyümüş, hazırda uşaqlardan biri Türkiyədə yerləşən Ali universitetdə oxuyur. Qeyd edilən hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(050)-1246/2019 saylı qətnaməsinin qəbulundan 6 ilə yaxın bir müddətin keçməsini və bu müddət ərzində uşaqların böyüdükcə artan tələbatlarını, diqqətəlayiq digər halları nəzərə alaraq ödənilməli olan alimentin miqdarının bir uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən olunmasını uşaqların hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Ali Məhkəməsi Plenum qərarının “8.4-1ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İddiaçı 17 yanvar 2025-ci il tarixdə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etdiyindən və Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan məhkəmə tərəfindən müəyyən edilən alimentin miqdarı 2025-ci il il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2025-ci ildə minumum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, məhkəmənin hazırda hər bir uşaq üçün müəyyən etdiyi 200 manat sabit pul məbləği minumum əmək haqqının 0,5 faizini təşkil edir. (400x0,5=200 manat). Qeyd edilənlərə əsasən, uşaqlar yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin yüksək gəlirli vəzifədə işlədiyini iddia edərək hər uşağa görə 600 manat məbləğində aliment tələb etsə də, iddia ərizəsinə 2018ci il tarixə aid olan sənədləri əlavə etmiş, hazırda cavabdehin yüksək məvacibli işdə işləməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin gəlirləri barədə mötəbər sübutlar olmadığınan alimentin miqdarının iddiaçının qeyd etdiyi məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilən plenum qərarının 8.11-1-ci maddəsinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulmasına iddiaçının alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etdiyi 07 yanvar 2025-cü il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən maddənin tələbinə əsasən alimentin artırılmış məbləğinə nisbətdə dövlət rüsumu hesablanaraq cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(050)-1246/2019 saylı qətnaməsi ilə 06 fevral 2008-ci il təvəllüdlü Cavabdeh və 06 oktyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu qismində ödənilməli olan 30 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar