Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-62/2025 29.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qadağan olunması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətinə qarşı qanunsuz hərəkətlərinin qadağan olunması, ona vurduğu maddi ziyana görə 2300 manat və ödənilmiş dövlət rüsumuna görə 43 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü ildə Masallı şəhərində anadan olmuş və hazırda da Masallı şəhəri, Qarabağ küçəsi, ev 31, mənzil 1 ünvanında yaşayır. Yaşadığı ev tam mülkiyyət hüququ üzrə özünə məxsusdur və həmin evə dair hüquq müəyyənedici sənədləri vardır. Cavabdeh yaşadığı binada 3-cü mərtəbədə yaşayır və onun qonşusudur. Həmin evdə mütəmadi olaraq artıq 2 ildən çox müddətdir ki, çirkab suları axaraq 2-ci mərtəbə və onun yaşadığı 1-ci mərtəbədəki mənzilinə axır və evini bərbad hala salmışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq etmişdir ki, suların axıdılmasının qarşısı alınsın, lakin cavabdeh qanunsuz hərəkətlərini davam etdirmiş və çirkab sularını aşağı mərtəbədəki mənzillərə axıtmışdır. O, evini bir neçə dəfə təmir etdirmiş, lakin vəziyyət artıq dözülməz həddə çatmışdır. Cavabdehin qanunsuz hərəkətlərinə görə mülkiyyətindən sərbəst istifadə edə bilmir. Dəymiş ziyan cavabdehin çirkab sularını axıtması nəticəsində yarandığı üçün həmin ziyan cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənzilinə 2300 manat dəyərində maddi ziyan dəymişdir. Bununla bağlı Masallı RPŞ-yə də müraciət etmiş, lakin xx.xx.2024cü il tarixli məktubla məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək ona dəymiş ziyanın ödənilməsini və cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 13 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, İddiaçı məxsus Masallı şəhəri, Qarabağ küçəsi, ev 31, mənzil 1 ünvanında uşaqları ilə birlikdə kirayədə yaşayır. Üçüncü mərtəbədə olan ev Firəngizə məxsusdur. Hazırda orada Firəngiz və tanımadığı şəxslər yaşayır. Firəngiz özü də həmin evə gəlib-gedir. Onun hazırda yaşadığı evə Firəngizin evindən su sızır və evi yarasız hala salır. Daha əvvəllər də ev sahibi İddiaçı evi təmir etdirsə də, su sızması dayanmadığından yenə də ev yararsız vəziyyətə düşmüşdür. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışdan və Texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Masallı rayon Polis şöbəsinin 26 iyun 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı qonuşu Cavabdeh barəsində etdiyi müraciətinə cavab olaraq müraciətin daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığından Cavabdeh qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2025-ci il tarixli 10/6430 saylı ekspert rəyindən görünür ki, Masallı şəhəri, Qarabağ küçəsində yerləşən bina 31, 1 saylı mənzilin sanitar qovşağında, dəhlizdə və mətbəxində (texniki pasportda mətbəx kimi göstərilən sahə) divarlarda və tavanda su sızması nəticəsində əmələ gəlmiş nəmlənmə izlərinin, sarımtıl ləkələrin olmasını nəzərə alaraq həmin mənzilə su sızması hallarının olduğu müəyyən edilir. Binanın ümumi pilləkən qəfəsi ilə üçüncü mərtəbəyə qalxdıqda pilləkən qəfəsinin divarında 2-ci mərtəbənin üst hissəsində, 3-cü mərtəbənin alt hissəsində divarda nəmlənmə olduğu və baxış zamanı suyun axdığı müşahidə olundu. Lakin üçüncü mərtəbədə yerləşən mənilə baxış keçirilməsi mümkün olmadığından su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Su sızması nəticəsində Masallı şəhəri, Qarabağ küçəsində yerləşən bina 31, 1 saylı mənzildə sanitar qovşağının divarlarına və tavanına, o cümlədən dəhliz və texniki pasportda mətbəx kimi göstərilən sahənin tavanı və divarlarına zərər (divar kağızı qopmuş, tavanda və divarlarda qabarma, boya qatının qopması və.s) dəymişdir. Baxış zamanı ümumi pilləkən qəfəsi ilə üçüncü mərtəbəyə qalxdıqda pilləkən qəfəsinin divarında 2-ci mərtəbənin üst hissəsində, 3-cü mərtəbənin alt hissəsində divarda nəmlənmə olduğu və baxış zamanı suyun axdığını nəzərə alaraq Masallı şəhəri, Qarabağ küçəsində yerləşən bina 31, 1 saylı mənzilə dəymiş zərər həmin mənzilin üstündə, binanın 3-cü mərtəbəsində yerləşən Cavabdeh məxsus mənzildən su sızması nəticəsində yarana bilərdi. Masallı şəhəri, Qarabağ küçəsində yerləşən bina 31, 1 saylı mənzilə dəymiş 1975 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Abonentin saldosundan görünür ki, abonent kodu **********00170 olan, ünvanı Masallı, Qarabağ küçəsi, 0310 qeyd edilmiş qaz sayğacı Cavabdeh adına qeydiyyatdadır. Cavabdeh Masallı Rayon Polis şöbəsində verdiyi izahatdan görünür ki, o, İddiaçı onun barəsində etdiyi şikayətlə tanış olduğunu, İddiaçı birinci mərtəbədə, özünün isə üçüncü mərtəbədə yaşadığını bildirmişdir. Onun evindən Nazimin evinə su axmasının məntiqə uyğun olmamasını, ikinci mərtəbədə yaşayan Əliyeva Atlasın hamam otağına onun mənzilinin hamam otağından kafellərin arasından su axdığı üçün Atlasın hamam otağından ola bilsin ki, İddiaçı evinə müəyyən ziyan dəydiyini bildirmişdir. Masallı rayon Mənzil İstismar Sahəsinin 19 mart 2025-ci il tarixli məktubundan görünür ki, Masallı şəhəri Qarabağ küçəsində yerləşən bina müəssisənin balansına və hüquqi mülkiyyətlərinə daxil deyildir. Bu səbəbdən iş üzrə hər hansı bir məlumat təqdim etmək və münsibət bildirmək müəssisə tərəfindən mümkün olmamışdır. Masallı RİHB-nın Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh mülkiyyətində hər hansı bir mənzilin olub-olmaması barədə məlumat yoxdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 09 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh mülkiyyətində Masallı şəhəri ərazisində mənzil aşkar edilməmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Masallı şəhəri, Qarabağ küçəsi, ev 31, mənzil 1 saylı mənzilin mülkiyyətçisidir, Cavabdeh isə iddiaçının üst mərtəbəsində, yəni 3-cü mərtəbədə yerləşən mənzilin sahibi olmaqla qonşusudur. Cavabdeh istifadəsində olan mənzildən 2-ci mərtəbəyə, oradan da iddiaçıya məxsus mənzilə su sızması nəticəsində iddiaçının mənzilinin müəyyən hissəsi yararasız vəziyyətə düşmüşdür.Cavabdehə məxsus mənzilə mülkiyyət hüququna dair müvafiq sənədlər olmasa da, cavabdeh polisə izahat verdiyi zaman iddiaçının mənzilinin üst hissəsində 3-cü mərtəbədə yaşadığını etiraf etmiş, həmçinin həmin mənzilə quraşdırılmış qaz sayğacı cavabdehin adına olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qanunun mənasına görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ünvan 3 ünvan üzrə iddiaçıya məxsus ünvan 4 sızması nəticəsində iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 yanvar 2025-ci il tarixli 10/6430 nömrəli ekspert rəylərindən görünür ki, Masallı şəhəri, Qarabağ küçəsində yerləşən bina 31, 1 saylı mənzilin sanitar qovşağında, dəhlizdə və mətbəxində (texniki pasportda mətbəx kimi göstərilən sahə) divarlarda və tavanda su sızması nəticəsində əmələ gəlmiş nəmlənmə izlərinin, sarımtıl ləkələrin olmasını nəzərə alaraq həmin mənzilə su su sızması hallarının olduğu müəyyən edilir. Binanın ümumi pilləkən qəfəsi ilə üçüncü mərtəbəyə qalxdıqda pilləkən qəfəsinin divarında 2-ci mərtəbənin üst hissəsində, 3-cü mərtəbənin alt hissəsində divarda nəmlənmə olduğu və baxış zamanı suyun axdığı müşahidə olundu. Lakin, üçüncü mərtəbədə yerləşən mənilə baxış keçirilməsi mümkün olmadığından su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Su sızması nəticəsində Masallı şəhəri, Qarabağ küçəsində yerləşən bina 31, 1 saylı mənzildə sanitar qovşağının divarlarına və tavanına, o cümlədən dəhliz və texniki pasportda mətbəx kimi göstərilən sahənin tavanı və divarlarına zərər (divar kağızı qopmuş, tavanda və divarlarda qabarma, boya qatının qopması və.s) dəymişdir. Baxış zamanı ümumi pilləkən qəfəsi ilə üçüncü mərtəbəyə qalxdıqda pilləkən qəfəsinin divarında 2-ci mərtəbənin üst hissəsində, 3-cü mərtəbənin alt hissəsində divarda nəmlənmə olduğu və baxış zamanı suyun axdığını nəzərə alaraq Masallı şəhəri, Qarabağ küçəsində yerləşən bina 31, 1 saylı mənzilə dəymiş zərər həmin mənzilin üstündə, binanın 3-cü mərtəbəsində yerləşən Cavabdeh məxsus mənzildən su sızması nəticəsində yarana bilərdi. Masallı şəhəri, Qarabağ küçəsində yerləşən bina 31, 1 saylı mənzilə dəymiş 1975 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə qonşu mənzilindən suyun sızması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1975 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edilən ekspert rəylərini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə ekspert rəyini və məhkəmə baxışı zamanı təqdim edilmiş digər sübutları tədqiq edərək, iddiaçıya məxsus olan Masallı şəhəri, Qarabağ küçəsində yerləşən bina 31, 1 saylı mənzilinin üstündə 3-cü mərtəbədə yerləşən cavabdehə məxsus mənzildən suyun sızması halının baş verməsi qənaətinə gələrək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə ekspert rəyi ilə müəyyən edilmiş 1975 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçının cavabdehin qanunusuz hərəkətlərinə son qoyulması tələbi ilə bağlı bildirir ki, iddiaçı bu tələbi irəli sürməklə cavabdehin özünə məxsus mənzildən su axıdılmasının qarşısını almasını, yəni cavabdehin öz hesabına su axan hissəni təmir etdirməsi məqsədinə nail olmaq istəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya məhz cavabdehdə məxsus mənzildən su axıldılması nəticəsində ziyan dəydiyi müəyyən edildiyindən onun bu tələbi də haqlı olmuşdur. Belə ki, iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus evdən su sızmasını bildiyinə baxmayaraq, hərəkətsizlik etmiş, lazimi tədbirləri görmədiyindən qonşunun mənzilinə ziyan vurulmuşdur. Hazırda onun tərəfindən iddiaçıya vurduğu ziyanın ödənilməsi təmin edilsə də, yaranmış vəziyyət davam edəcəyi halda, yenə də qonşunun mənzilinə ziyan vurulması ilə nəticələnəcəyi istisna olunmur və bu hal gələcəkdə dəfələrlə məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məccəllənin: 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 223.2. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. 223.3. Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qonşunun mənzilinə su axıdılmasının qarşısının alınması üçün öz hesabına mənzildə müvafiq təmir işləri 1 (bir) ay müddətində həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materialları ilə müəyyən edilir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 43 manat məbləğində rüsumu ödənilmiş. Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 1975 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməli, cavabdeh tərəfindən qonşunun mənzilinə su axıdılmasının qarşısının alınması üçün öz hesabına mənzildə müvafiq təmir işləri 1 ay müddətində həyata keçirilməli, həmçinin ödənilmiş 43 manat dövlət rüsumunun 39.75 manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilməli, xərclərin qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 1975 (bir min doqquz yüz yetmiş beş) manat məbləğində pul vəsaiti, ödənilmiş 43 manat dövlət rüsumunun 39.75 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tərəfindən qonşunun mənzilinə su axıdılmasının qarşısının alınması üçün öz hesabına mənzildə müvafiq təmir işləri 1 (bir) ay müddətində həyata keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE**********0002088501, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-62/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-62/2025
29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver