Məhkəmə qərarları › İş №2(050)-639/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-639/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-639/2025 03.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3610 manat borcu pulun və ödənilmiş 56 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci ildən tanışdır. Hər ikisi X1 İstismar idarəsində işləmişdir. Yaxın dostluq münasibətləri olmuşdur. Bir-birilərinin qayğı və problemlərini səmimi olaraq bölüşmüşlər. Cavabdehə əvvəllər bir neçə dəfə müxtəlif məbləğlərdə borca pul vermiş və sonuncu hissə-hissə ona borcu qaytarmışdır. Lakin, hamısını qaytarmamışdır. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayında ondan borca pul istəmişdir. O, isə ona əvvəllər aldığın borcu qaytarmamasını bildirmişdir. Ona bu qədər borcu qaytarmaqda çətinlik çəkəcəyini demişdir. Cavabdeh isə bankdan kredit götürüb qaytaracağını demişdir. Bu qədər pulu hara xərclədiyini soruşduqda, cavabdeh dükana, həyat yoldaşının məktəbdə valideyinlərdən birinə olar borcu, ev kirayəsinə və anası üçün aldığı dərman pulu və bir neçə şəxsə az-az miqdar da borclu olduğunu bildirmişdir. Cavabdeh ona narahat olmamasını, bankdan kredit götürüb borcunu qaytaracağını bildirmişdir. Münasibətləri çox yaxşı olduğundan ona hətta ata deyə müraciət etmişdir. Borclarına görə utandığından və onu borc sahiblərinin etdiyi təzyiqlərdən qurtarmaq üçün cavabdeh ona yalvarmışdır. Onun yalvarışlarına və çətin vəziyyətdə olduğuna inanıb özündə o qədər pul olmadığı üçün kredi kartından müəyyən məbləğ və özündə olan pulları toplayaraq 2500 manat pul vermişdir. Sonuncu dəfə borc verdiyi zaman ümumilikdə 5600 manat borcunun yarandığını demişdir. Öz aralarında tez bir zamanda borcun qaytarılması barədə razılığa gəlmişlər. Lakin, cavabdeh bankın ona kredit vermədiyini bəhanə edərək hissə-hissə bir neçə ay ümumilikdə 1990 manat pul ödəmişdir. Qalan 3610 manat pulu bəhanələrlə gecikdirərək ödəməmişdir. Bu müddət ərzində dəfələrlə telefon danışıqları, mesaj yazışmaları, səsli danışıqları olmuşdur. Hər dəfə borcu ödəyəcəyinə söz versə də, bu günə qədər borcunu tam şəkildə qaytaramamışdır. Buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, iddiaçı ilə X1 İstismar idarəsində bir yerdə işləmişdir. Ona pul lazım olanda dəfələrlə borc kimi ondan almışdır. İddiaçı pulu ona faizlə vermişdir və hər dəfə də ödədiyi pulun üstündə ona faizlərini də ödəmişdir. İddiaçı iddia tələbində 3610 manat ona borclu olduğunu bildirsə də, onun iddiaçıya cəmi 510 manat borcu qalmışdır. Onun əmək haqqı kartı iddiaçıda olmuş və pulu da özü çıxarıb borcundan silmişdir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərdən keçərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, CD diskdə iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqlarının səs yazıları öz əksini tapmışdır. Telefon danışıqları zamanı cavabdeh iddiaçıya borcu olduğunu və yaxın zamanda borcunu qaytaracağını bildirsə də, borcun məbləğinin nə qədər olması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından məlum olur ki, iddiaçı ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə cavabdehə borca pul vermiş, cavabdeh əvvəllər borcunu könüllü şəkildə qaytarsa da, son vaxtlarda borcu qaytara bilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin arasında yaranmış mübahisənin həlli üçün Mülki Məcəllənin “borc müqaviləsi”nə dair maddi hüquq normaları tətbiq edilərək həll edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (maddə 739.2). Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri olmuşdur. iddiaçının məhkəmədə verdiyi izahatına əsasən cavabdehin hazırda 3610 manat borcu olduğunu bildirsə də, cavabdeh izahatında 510 manat borcu olduğunu etiraf etmişdir. İddiaçı cavabdehin ona borcunun olması ilə bağlı səs yazılarını məhkəməyə təqdim etmiş, həmin səs yazıları tədqiq edilərkən cavabdeh iddiaçıya borcunun olduğunu işlətdiyi ifadələri ilə etiraf etmiş, lakin konkret hər hansı məbləğdə borcun olması ilə bağlı tərəflərin arasında söhbət olmamışdır. İddiaçı cavabdehin ona məhz 3610 manat borcunun olmasını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə iddia tələbinin cavabdehin etiraf etdiyi miqdarda, yəni 510 manat məbləğində təmin edilməsini, qalan hissədə isə iddianın rədd edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 510 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 56 manat ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, 26 manatı isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 510 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 56 manat pul vəsaitinin 30 manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar