Məhkəmə qərarları › İş №2(050)-650/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-650/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-650/2024 27.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5100 ABŞ dolları (hazırki məzənnə ilə 8760 manat) və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 107 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qayınıdır. Belə ki, o, cavabdehin qardaşı X3 ilə ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2015-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahılarından xx.xx.2014-cü ildə X4 və xx.xx.2016-cı ildə X7 adlı uşaqları doğulmuşdur. X3 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında öldürülmüşdür. Əri Vurğun vəfat etdikdən təxminən 4 ay sonra qaynatası X8 vəfat etmişdir. X16 Federasiyasında işləyərək pul qazamış və mütəmadi olaraq qardaşı Cavabdeh pul göndərmişdir. Bunun sübutu olaraq onda 5100 ABŞ dollarının əri tərəfindən cavabdehə göndərilməsi barədə qəbz var. Əri Vurğun həmin pulu qardaşı Cavabdeh qaytarmaq şərti ilə vermişdir. Lakin cavabdeh həmin pulu qaytarmamışdır. Əri öldükdən sonra cavabdehdən həmin pulları tələb etsə də, cavabdeh pulu verməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək, bildirdi ki, iddiaçı qızıdır. Cavabdeh isə qızının qaynıdır. Qızının əri X3 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında öldürülmüşdür. X10 xx.xx.2008-ci ildə qardaşı Cavabdeh saxlamaq niyyəti ilə Rusiya Federasiyasından bank vasitəsi ilə 5100 ABŞ dolları pul göndərmişdir. Bu barədə işdə bank sənədləri var. Kürəkəni qızı ilə ailə həyatı qurduqdan sonra pulun göndərilməsi barədə sənədi arvadına vermişdir ki, bu sənədi saxlasın, ehtiyacı olanda Cahiddən pulu götürəcək, həmin bank sənədini ona verəcəkdir. Həmin pulun iddiaçıya aidiyyəti olmasaydı pulun göndərilməsi barədə sənəd qızında olmazdı. Pul borc deyil, saxlamaq üçün göndərilmişdir. Kürəkəni ölənə kimi demişdir ki, qardaşı Cahiddə pulu var. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, qardaşları X3 və X5 uzun müddət Rusiya Federasiyasında yaşamışdılar. Qardaşı Vurğun xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında öldürülmüşdür. Mərhum qardaşı Vurğun Əliyevin 2008-ci ildə onun adına göndərdiyi 5000 ABŞ dolları, digər qardaşı Nahid Əliyevin pulu olmuşdur. Həmin vaxt Nahid ona ev almaq üçün 10000 ABŞ dollarını iki hissədə, yəni 5000 ABŞ dolları öz adından, 5000 ABŞ dolları pulu isə Vurğunun adından göndərmişdir. Buna səbəb xidmət haqqı faizinin az tutulması üçün pul iki hissədə göndərilmişdir. Bundan başqa, pul göndərilən vaxt mərhum Vurğun Əliyevin İddiaçı ilə nikahları olmamışdır. Onlar 2013-cü ildə faktiki evlənmişlər, 2015-ci ildə rəsmi nikaha girmişdilər. Pulun iddiaçıya heç bir aidiyyəti yoxdur. Göndərilən pulu onun və ya etibarnamə ilə qardaşı Nahid tərəfindən alındığını dəqiq xatırlamır. Vurğun öz ailəsi üçün ayrı-ayrı vaxtlarda pul göndərmişdir. Həmin pullar da az miqdarda olmuşdur. Vurğunun maddi imkanı o qədər də yaxşı olmamışdır. Həmin pul Nahidin pulu olmuşdur. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 03 iyul 2008-ci il tarixli sənəddən görünür ki, X3 “Western Union” sistemi vasitəsi ilə 5000 ABŞ dolları məbləgində pulu Cavabdeh göndərməsi barədə sənəd tərtib edilmişdir. 03 iyul 2008-ci il tarixli orderdən görünür ki, X3 “Western Union” sistemi vasitəsi ilə 5000 ABŞ dolları məbləgində pulu Cavabdeh göndərmək üçün 5000 ABŞ dolları göndərilən pul və 100 ABŞ dolları xidmət haqqı ödəməlidir. 03 iyul 2008-ci il tarixli mədaxil orderindən görünür ki, X3 5100 ABŞ dolları göndərilən pulu bankın kassasına ödəmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X6 arasında xx.xx.2015-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 107 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddianı qaldırmaq üçün sübyektiv hüquqa malik olub-olmaması ilə bağlı bildirir ki, iddiaçı ölən şəxsin (pulun göndərən şəxs - X1) birinci növbədə vərəsəsidir, mirasdan imtina etməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddiaya münasibətdə subyektiv hüquq malikdir. Məhkəmə iddiaya münasibətdə bildirir ki, iddiaçı göndərilmiş pulun həqiqətən də əri X2 məxsus olmasını, onu saxlamaq niyyəti ilə qardaşı Cavabdeh göndərməsini, sonradan 16 ilə yaxın bir müddətdə hansı səbəbdən tələb etməməsini sübut edə bilməmişdir. Bir şəxsin digər şəxsin adına pul göndərməsi barədə sənədin olması hələ birmənalı şəkildə o, demək deyil ki, həmin pul göndərənə məxsusdur və ya ona məxsus olmuşdursa həmin pul hər hansı bir mülki hüquq münasibəti çərçivəsində həllini tapmamışdır (məsələn, qaytarılmamışdır, əvəzləşdirilməmişdir, bağışlanmamışdır və sair.). Hər bir halda pulun göndərilməsindən 16 ilə yaxın bir müddətdə pulu göndərən və alan şəxslər dəfələrlə birbirilərini görmüşdülər. Həmçinin, cavabdeh tərəfindən pulun saxlanılmasının nə kimi zərurətdən irəli gəlməsi də iddiaçı tərəfindən sübut edilməmişdir. Bir şəxsin pulunu digər bir şəxsin 16 ilə yaxın bir müddətdə saxlaması ağlabatan deyil. Məhkəmə hesab edir ki, göndərilmiş pula münasibətdə cavabdehin göndərən şəxs qarşısında pulun qaytarılması ilə bağlı hər hansı bir öhdəliyi olsaydı, həmin şəxs keçən 16 ilə yaxın bir müddətdə pulu tələb edərdi. İddiaçının mövqeyi ilə razılaşılsa, ortaya belə bir məntiq çıxır, iddiaçı ərinin adından nə qədər göndərilmiş pullara dair sənəd taparsa, həmin pullar birmənalı qaytarılmalıdır. Bu isə qəbul edilən deyil. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Hər bir halda hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, cavabdehin iddiaçı qarşısında nə qanun, nə də müqavilədən irəli gələn hər hansı bir öhdəliyi yaranmadığından iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh 5100 ABŞ dolları (hazırki məzənnə ilə 8760 manat) pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar