Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-66/2025 14.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı "xxxx" kiçik müəssisəsinin direktoru Nümayəndə iştirakı ilə. İddiaçı "xxxx" kiçik müəssisəsinin Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: xx.xx.2024-cü il tarixdə cavabdeh idarə etdiyi “Mercedes Benz S 320 minik” markalı, **- FR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərkən, manevr qaydalarına düzgün riayət etməyərək, direktoru olduğu "xxxx" kiçik müəssisəsinə məxsus Masallı rayonu Qızılavar kəndində yerləşən Yanacaqdoldurma məntəqəsinin 6 nömrəli yanacaqdolduran aparatı ilə toqquşmuşdur. Hadisə yerinə polis işçiləri gəlib araşdırma apararaq, hadisə ilə bağlı cavabdeh barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında Masallı Rayon Məhkəməsində işə baxılaraq, cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. Hadisə zamanı müəssisəyə maddi ziyan dəymişdir. Həmin avto nəqliyyat qəzası nəticəsində ümumilikdə 5030 (beş min otuz) manat ziyan dəymişdir. Bu verilmiş ziyan arayışında öz əksini tapmışdır. Lakin cavabdeh törətmiş olduğu inzibati xəta nəticəsində ona vurmuş olduğu ziyan pulunu ödəməkdən boyun qaçırır. Dəfələrlə cavabdehə ona vurduğu ziyanı qaytarması barədə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: Cavabdeh vurulmuş zərərə görə 5030 manat və ödənilmiş dövlət rüsumuna görə 71 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" kiçik müəssisəsinin direktoru Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2025-ci il tarixli, 01 №-li aktdan görünür ki, Masallı rayonu, Qızılavar kəndi ərazisində yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus YDM-in 6 nömrəli kalonkasına xx.xx.2024-cü il tarixdə 10:40 radələrində “Mercedes Benz S320 markalı 99FR044 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin vurmuş olduğu ziyanın məbləği 5030 manat təşkil edir. Masallı Rayon Məhkəməsinin 22 iyun 2024-cü il tarixli, 3(050)-1331/2024 saylı qərarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 12:30-da sürücülük hüququ olmadan “Mercedes Benz S 320 minik” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Masallı rayonu Qızılavar kəndi ərazisində əks istiqamət zolağına manevr edərkən, Yanacaqdoldurma məntəqəsində olan yanacaqdolduran aparatla toqquşmuş, bununla da Cavabdeh bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Cavabdeh barəsində Masallı RPŞ-nin polis kapitanı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin Qərarla Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməsi və o, 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Ödəniş qəbzindən görünür ki, Nümayəndə məhkəmədə iddia qaldırmaq üçün 70 manat dövlət rüsumu ödəmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0281 saylı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, yanacaqdolduran aparatın qalıq dəyəri 6120 manat təşkil edir. İşdə olan 1 ədəd DVD diskdə olan video görüntülərdən görünür ki, cavabdeh yanacaqdoldurma aparatını avtomobillə vurduğunu, yanacaqdolduran aparatı təmir etdirəcəyini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsininin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://eqanun.az/framework/46944 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. İşin məhkəmə tərəfindən araşdırılmış və iş materiallarında olan sübutlarla tədqiq edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdeh idarə etdiyi “Mercedes Benz S 320 minik” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərkən, manevr qaydalarına düzgün riayət etməyərək "xxxx" kiçik müəssisəsinə məxsus Masallı rayonu Qızılavar kəndində yerləşən Yanacaqdoldurma məntəqəsinin 6 nömrəli yanacaqdolduran aparatı ilə toqquşmuşdur. Masallı Rayon Məhkəməsinin 22 iyun 2024-cü il tarixli, 3(050)- 1331/2024 saylı qərarı Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməsi və 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin təqsirli hərəkətləri ilə iddiaçıya maddi zərər vurulması halı işin mübahisəsiz hallarına aid edilməlidir. Bundan əlavə cavabdeh məhkəmə iclasında verdiyi izahatlarda qəza nəticəsində Yanacaqdoldurma məntəqəsinin 6 nömrəli yanacaqdolduran aparatına zərər vurduğunu etiraf etmiş, lakin dəymiş zərərin məbləği ilə razı olmadığını bildirmiş, buna dəymiş zərərin məbləği müəyyən edilərkən hər hansı ekspert və ya mütəxəssis rəyinin alınmamasını da əsas gətirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən işin halları araşdırılarkən dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0281 saylı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatı ilə əmlaka vurulmuş maddi zərər 6120 manat qiymətləndirilmişdir. Məhkəmə hazırki iddia ərizəsi üzrə iddiaçı tərəfindən tələb edilən məbləğin daha az olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 5030 (beş min otuz) manat alınaraq, iddiaçı "xxxx" Kiçik Müəssisəsinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5030 (beş min otuz) manat və dövlət rüsumuna görə ödənilmiş 71 (yetmiş bir) manat alınaraq, iddiaçı "xxxx" Kiçik Müəssisəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-66/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-66/2025
14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver