Məhkəmə qərarları › İş №2(050)-697/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-697/2024

13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-697/2024 13.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı 8800 manat maddi ziyan və ödənilmiş dövlət rüsumuna görə 108 manat pul tələbinə dair mülki işə, məhkəmənin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 8800 manat maddi ziyan və ödənilmiş dövlət rüsumuna görə 108 manat tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində digər şəxsi vəzifəli şəxsə biləbilə qanunsuz hərəkətlər etməyə görə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Zalıyev X2 Nazirliyinin Qaradağ rayonunun ərazisində yerləşən Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsinin gözətçi gəmiləri divizionunun (G129) şturman döyüş hissəsinin komanda baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 2022-ci ilin yanvar ayında “tik-tok” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı vətəndaş İddiaçı tibb bacısı kimi ordu sıralarında hərbi xidmətə qəbul olunmaq istədiyini öyrənib real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə əvəzsiz olaraq İddiaçı xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə İddiaçı Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli tanışının vasitəsi ilə 9000 manat məbləğində pul müqabilində tibb bacısı kimi ordu sıralarında hərbi xidmətə qəbul etdirə biləcəyini söyləyib inandırmaqla İddiaçı razılığını alaraq vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Həmin razılıqdan sonra 30 yanvar 2022-ci il tarixdə İddiaçı onun tələbi əsasında guya sənədləşmə işlərinin aparılması üçün yaşadığı Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “MilliÖn” terminalı vasitəsi ilə onun təqdim etdiyi "xxxx" ASCyə məxsus bank hesabına 300 manat məbləğində pul göndərmiş, lakin o, verdiyi vədlər üzrə heç bir real hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı məxsus ümumilikdə 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində xeyli miqdarda pul vəsaitini qanunsuz ələ keçirib dələduzluq etmişdir. Bu fakt üzrə Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4, 32.4 və 312.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İbtidai istintaq başa çatdıqdan sonra ittiham aktı tərtib edilərək Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)111/2023 saylı 27 noyabr 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2ci maddələri ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının imtinası qəbul edilmiş və həmin maddələr üzrə Cavabdeh barəsində cinayət təqibinə xitam verilmiş, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 6000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Ona görə hesab edir ki, maddi ziyan vurduğuna görə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş Cavabdeh ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi ziyanı ödəməlidir. Buna görə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Cavabdeh aldatma və etibarından sui-istifadə etmə yolu ilə dələduzluq nəticəsində vurduğu maddi ziyana görə 8800 manatın cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Bakı Hərbi Məhkəməsinin 1-1(093)111/2023 saylı 27 noyabr 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının imtinası qəbul edilmiş və həmin maddələr üzrə Cavabdeh barəsində cinayət təqibinə xitam verilmiş, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 6000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş üzrə İddiaçı zərəçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 108 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlara əsasən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, Cavabdeh İddiaçı onu pul müqabilində tibb bacısı kimi ordu sıralarında hərbi xidmətə qəbul etdirmək adı ilə 8800 manat məbləğində pul almış və törətdiyi cinayət əməlinə görə ona Bakı Hərbi Məhkəməsinin 1-1(093)111/2023 saylı 27 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə 6000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Belə ki qeyd edilən hökmdən cavabdeh tərəfindən dələduzluq cinayət əməlinin törədilməsi və hazırkı iş üzrə İddiaçı zərərçəkmiş şəxs olması müəyyən edilir. Bu halda məhkəmə hesab edir ki, cavabdehin hüquqa zidd əməli, həmin əməllə dəymiş ziyan arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapır. Ona görə də iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8800 manat maddi ziyan, 108 manat dövlət rüsumuna görə ödənilmiş pul alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar