Məhkəmə qərarları › İş №2(050)-705/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-705/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-705/2024 15.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X4 (sədrlik edən), Məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1400 (bir min dörd yüz) manat borc pulun və 34 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Masallı rayonu, Kolatan kənd sakini Cavabdeh ona 2018-ci ildə müraciət edərək ondan 1 il müddətinə qaytarmaq şərti ilə 1400 manat borc pul istəmişdir. O da, insanlıq naminə cavabdehə həmin məbləğdə borc pul vermişdir. Həmdə cavabdehə inanaraq hər hansı bir kağıza imza etdirməmişdir. Qarşılığında isə ona iki ədəd plastık kart vermişdir ki, o, hər ay həmin kartdan pulunu götürsün. Müəyyən müddətdən sonra həmin borc bitmiş olsun. Lakin o, həmin kartlardan pul götürə bilməmişdir. Belə ki, ay sonunda həmin kartlar artıq bağlı olmuşdur. Sonradan arvadı ilə X3 ilə birlikdə onun evinə gələrək ondan ona vermiş olduğu kartları bağladığına görə üzr istəmiş və 500 manat pul verməyini istəmişdir. Bu dəfə isə həm əvvəl aldığı pulların, həm də indi alacağı pulun qarşılığında arvadı ilə yanaşı qəbzə imza edəcəyini bildirmiş və etmişlər. Eyni zamanda yardım kartını qoymuşdur ki, o, hər ay həmin kartdan həm əvvəl vermiş olduğu borcunu həm də, indi verəcəyi borcunu götürsün. Razılaşmaya əsasən o, bir il ərzində hər ay həmin kartdan 160 manat götürəcək və sonda həmin borc bitmiş olacaqdı. Lakin o, həmin kartdan da pul götürə bilməmişdir. Belə ki, ay sonunda cavabdeh həmin kartıda bağlatdırmışdır. O, pulu cavabdehə öz evində vermişdir. Cavabdeh aldığı borcu qısa zaman ərzində qaytaracağına söz vermiş olsa da, lakin bu günə kimi borcunu qaytarmamışdır. Dəfələrlə borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, yuxarıdakıları nəzərə alıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 ondan aldığı 500 manat artıq məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iş üzrə iddiaçıya borcu yoxdur, iddiaçıdan 2015-ci ildə faizə 500 manat borc pul almışdır və faizi ilə birlikdə qaytarmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdehin borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsində qeyd edilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin faktiki və hüquqi hallarını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçı cavabdehə 1400 manat məbləğində borc pul verməsini iddia etmişdir. Cavabdeh həmin pul qarşılığında atasına məxsus kartı iddiaçıya vermişdir. Cavabdeh iddiaçıdan 500 manat borc pul almasını etiraf etmiş olsa da, həmin borcun iddiaçıya qaytarılması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu da, cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar