Məhkəmə qərarları › İş №2(050)-77/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-77/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-77/2023 04.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qalıq borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı qalıq borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22 aprel 2016-cı il tarixdən 05 sentyabr 2022-ci il tarixədək 12763.84 ABŞ dolları əsas, 9706.77 ABŞ dolları faiz, 4689.48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3633 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 30793.12 ABŞ dolları borcun və 247.39 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 01 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC (İddiaçı ASC) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2085 ABŞ dolları əsas, 985 ABŞ dolları faiz, cəmi 3070 ABŞ dolları məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(001)-6117/2016-cı il tarixli məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2085 ABŞ dolları əsas, 985 ABŞ dolları faiz, cəmi 3070 ABŞ dolları məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22 aprel 2016-ci il tarixdən sonrakı dövr üzrə yaranmış borc məbləği də Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, 05 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 01 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 22 aprel 2016-cı il tarixdən 05 sentyabr 2022-ci il tarixinədək banka 12763.84 ABŞ dolları əsas, 9706.77 ABŞ dolları faiz, 4689.48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən 05.09 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3633 ABŞ dolları məbləğində əldən çıxmış fayda, cəmi 30793.12 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 445.7, 448.1, 465.2, 501-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına və kredit müqaviləsinin 9cu bəndinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, tələb edilən borc məbləği Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(001)-6117/2016-cı il tarixli məhkəmə əmri ilə tutulması əmr edilmiş borcdan başqa qalıq qalmış borc məbləğidir. Cavabdeh kredit müqaviləsi üzrə mütəmadi olaraq müxtəlif vaxtlarda ödənişlər etmiş, ödənişlər bir kredit müqaviləsinə görə edilmiş və göstərilən səbəblərdən iddia müddəti ötürülməmişdir. Sonda Nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdilər. Cavabdeh1 tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış ərizədə göstərilmişdir ki, iddia tələbini qəbul etmir, iddia əsassızdır. Bankla onun arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmışdır. Həmin müqaviləyə əsasən bank ona 19000 ABŞ dolları kredit vermişdir. O, verilmiş krediti mütəmadi ödəmişdir. Lakin dolların məzənnəsinin qalxması əsası ilə bank yenidən onunla 2015-ci ildə kreditin uzadılması aylıq ödənişin azaldılması barədə yeni müqavilə bağlamışdır. Bağlanmış yeni müqavilənin də aylıq ödənişlərini ödəyirdi. Bank onu əsassız olaraq məhkəməyə vermişdir. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli məhkəmə əmri ilə ümumilikdə ondan 3070 ABŞ dolları pul tutularaq bankın xeyrinə ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Çıxarılmış məhkəm əmrinə əsasən hal-hazırda da onun banka borcu var və icra işi icra məmurunun icraatındadır. Aylıq ödənişləridə məhkəmə əmrinə əsasən ödəyir. 7 il keçdikdən sonra bank onu eyni tələblə yenidən məhkəməyə vermişdir. Bank iddia müddətini ötürmüşdür. O, 2015-ci ildən sonra bankla müqavilə bağlamamışdır. 2015-2020-ci illər arası xarici ölkədə yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sonda Cavabdeh1 kredit öhdəlikləri ilə bağlı iddia müddəti keçdiyindən iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" İKB ASC-nin “Xırdalan filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2014-cü il tarixli, 27-M-1-0-443-14 saylı bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, “Bank “Müştəriyə” bank hesabı açır, müqavilə ilə müəyyən olunmuş xidmətləri göstərir və müqvilənin 1.2-ci bəndlərində göstərilən şərtlərlə kredit verir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada krediti, hesablanacaq faizlərlə birlikdə “Bank” a qaytarmağı öhdəsinə götürür. Zamin Bank qarşısında “Borcalan” ın bu müqavilənin 1.2-ci bəndi ilə nəzərdə tutulmuş öhdəliyinin tam icra edilməsi üçün cavabdehdir (bənd 1). Bank borcalana istehlak məqsədi ilə illik 28 faizlə, 24 ay müddətinə, 19000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, dəbbə pulunun və vurulmuş zərərin məbləğini ödəməyi öhdəsinə götürmüşdür (bənd 2.1). Borcalanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir (bənd 8.1). Zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar (bənd 9.5). xx.xx.2014-cu il tarixli kassa məxaric orderindən görünür ki, 19000 ABŞ dolları məbləğində pul Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Tərəflər arasında xx.xx.2014-ci il tarixdə bağlanmış 27-M-1-0-443-14 saylı, xx.xx.2014-cü il tarixli kredit və 27-M-1-0-443-14 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavədən görünür ki, müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 27-M-1-0-443-14 saylı, xx.xx.2014-cü il tarixli bank hesab, kredit müqaviləsinə əlavədən görünür ki, müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. 07 sentyabr 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 22 aprel 2016-cı il tarixdən 05 sentyabr 2022-ci il tarixə ümumi 30793.12 ABŞ dolları borcu var. Ondan 12763.87 ABŞ dolları əsas, 9706.77 ABŞ dolları faiz, 4689.48 ABŞ dolları cərimə, 3633 ABŞ dolları 5 % əldən çıxmış fayda təşkil edir. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(001)- 6117/2016 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3070 ABŞ dolları məbləğində vəsaitin və 20 manat dövlət rüsumunun "xxxx" İKB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-ci il tarixli, 9/56 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixə əsas borc üzrə 15426.78 ABŞ dolları, faiz borcu üzrə 9039.40 ABŞ dolları, cərimə borcu üzrə 586.22 ABŞ dolları; müqavilə müddətindən sonra tələb edilən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmaqla əldən çıxmış fayda qismində 3670.87 ABŞ dolları məbləğində borcu var; ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. Hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 30 ABŞ dolları, xx.xx.2022-ci ildə 199.76 ABŞ dolları ödənişlər edilmişdir. 07 sentyabr 2022-ci il tarixli, KBD-9964 saylı xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq göndərilməklə Banka olan kredit borclarını 5 gün müddətində qaytarmadıqları halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Çıxarışdan görünür ki, İddiaçı ASC-nin əvvəli adı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə ilk növbədə mübahisənin məhkəmə aidiyyəti məsələsi ilə bağlı bildirir ki, iddiaçı hüquqi şəxdir, borcalan isə fərdi sahibkar statusuna malik fiziki şəxsdir, lakin hazırki mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata ilə əlaqədar deyil. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində göstərilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Kredit müqaviləsinin 1.2.3-cü bəndində göstərilir ki, kreditin məqsədi istehlak məqsədidir. Göstərilənlərə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti kimi ümumi məhkəməyə aid olmasını müəyyən etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə və aylıq ödənişlərini Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(001)- 6117/2016 saylı məhkəmə əmrinə görə ödəməsi barədə mövqeyinə münasibətdə bildirir ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh həm müqavilə müddətində, həm də müqavilə müddəti bitdiyi xx.xx.2017-ci il tarixdən sonra kredit müqaviləsi üzrə ayrı-ayrı dövrlərdə, o cümlədən xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 50 ABŞ dolları, xx.xx.2018-ci ildə 30 ABŞ dolları, xx.xx.2022-ci ildə 199.76 ABŞ dolları məbləğində ödənişlər etmişdir. Mülki Məcəllənin 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum Qərarında göstərilir ki, “...Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.” Tərəflər arasında kreditin verilməsi ilə bağlı yalnız bir müqavilə olmuş və ödənişlər həmin müqaviləyə görə edilmişdir. Bu isə onu deməyə əsas verir ki, tələb üzrə iddia müddəti keçməmişdir. Tələb edilən borc məbləğinə münasibətdə isə məhkəmə bildirir ki, borc məbləğlərinin dəqiq məbləğlərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-ci il tarixli, 9/56 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixə əsas borc üzrə 15426.78 ABŞ dolları, faiz borcu üzrə 9039.40 ABŞ dolları, cərimə borcu üzrə 586.22 ABŞ dolları; müqavilə müddətindən sonra tələb edilən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmaqla əldən çıxmış fayda qismində 3670.87 ABŞ dolları məbləğində borcu var. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə götürdüyü öhdəliyə uyğun olaraq əsas kredit və faiz borcunu müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda bunu qismən yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün müqavilə üzrə faizlərin və dəbbə pulunun hesablanmasının və borcluya qarşı belə tələb irəli sürülməsinin hüquqi əsası yoxdur. Belə ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik beş faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə, daha artıq məbləğ tələb edə bilər. İddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövrə borcluya qarşı əsas borcla yanaşı faiz, hesablanmış dəbbə pulu tələbi irəli sürmüşdür. Mülki Prosessual Məcəllənin 218.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, kredit müqavilə üzrə qalıq qalmış kredit məbləği əsas borc üzrə 12763.84 ABŞ dolları, faiz borcu üzrə 9039.40 ABŞ dolları, cərimə borcu üzrə 586.22 ABŞ dolları və xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3633 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəm borcun zamindən də tələb edilməsinə münasibətdə bildirir ki, zaminin öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Əsas öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə çatmış, lakin kreditor icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı xx.xx.2022-ci il tarixədək iddia irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-ci maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə kreditor zaminə qarşı bir il ərzində iddia irəli sürmədiyi üçün (kəsici müddət) zaminlik müqaviləsinə xitam verildiyindən iddia Cavabdeh2 qarşı olan hissədə təmin edilməməlidir. Kredit müqaviləsindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, müqaviləyə əsasən kredit xarici valyutada (ABŞ dolları) verilmiş və kreditin xarici valyutada (ABŞ dolları) ödənilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında göstəriliri ki, “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.” MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 247.39 manat ödənilmiş dövlət rüsumunun 209.06 manatı cavabdehə, 38.37 manatı isə iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 15.49 manatı iddiaçıdan, 84.51 manatı cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsinə əsasən əsas borc üzrə 12763.84 ABŞ dolları, faiz borcu üzrə 9039.40 ABŞ dolları, cərimə borcu üzrə 586.22 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3633 ABŞ dolları, cəmi 26022.46 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 247.39 manat pul vəsaitinin 209.06 manatı Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 15.49 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 84.51 manat hissəsi isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar