Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-775/2024 27.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı Cavabdeh qarşı 33.850 ABŞ dolları və 262.64 manat dövlət rüsumu tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 33.850 ABŞ dolları və 262.64 manat dövlət rüsumu tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Masallı rayon məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(050)-2862/2023 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh tərəfin etirazına əsasən qiyabi qətnamə ləğv edilmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh bank sahəsində işlədiyi dövrdən tanımışdır və münasibətləri həmin vaxtdan yaranmışdır. Cavabdeh ona Almaniya və Gürcüstandan maşın gətirərək satdığını və qızıl alğı-satqısı ilə məşğul olduğunu, pulunun az olduğunu və onu da özünə şərik edərək bizneslə məşğul ola biləcəyini və yekunda qazancdan ona pul verəcəyini bildirmişdir. Cavabdehlə aralarında yaxşı münasibət olduğu üçün və pul qazanmaq istədiyindən ona 2019-cu ilin mart ayından 2020-ci ilin avqust ayına kimi hissə-hissə olmaqla ümumilikdə 33.850 ABŞ dolları (57.545 manat) məbləğində pul vermişdir. Belə ki, cavabdeh 2019-cu ilin mart ayında ona müəyyən işlər görmək üçün 10.000 ABŞ dolları pul lazım olduğunu, həmin puldan ona qazanc verəcəyini bildirmiş və iddiaçıdan pul istəmişdir. Ona inanaraq ilkin olaraq ona 10.000 ABŞ dolları pul vermişdir. Cavabdeh edəcəyi alverdən ona qazanc olaraq əlavə pul verəcəyini bildirmişdir. O, cavabdehə inanmış, daha sonra isə ona hissə-hissə əlavə pul məbləğləri vermişdir. Ümumilikdə isə ona 33.850 ABŞ dolları pul vermişdir. Cavabdeh ondan pul aldıqdan sonra 2020-ci ilin sentyabr ayında öyrənmişdir ki, o, Masallı rayonunda müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitləri almış və onları aldatmışdır. Bundan sonra o, narahat olmuş və cavabdehdən pulunun qaytarmasını tələb etmişdir. Lakin, cavabdeh onun pulunu qaytarmamış və söz vermişdir ki, yaxın zamanda hissə-hissə qaytaracaqdır. Cavabdehlə borcun qaytarılması üçün aralarında dəfələrlə telefon danışıqları olmuş, cavabdeh “Whatsapp” yazışmalarında ona borcu olmasını etiraf etmiş və qaytaracağını bildirmişdir. Cavabdeh pulunu qaytarmadığı üçün Masallı Rayon Polis Şöbəsinə şikayət etmiş və araşdırma başlanılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh müxtəlif şəxslərdən dələduzluq yolu ilə külli miqdarda pul ələ keçirmişdir. Bundan sonra, müstəntiq onu aldadaraq və təzyiq göstərərək cavabdehin həbs olunmaması üçün ona ərizə yazdırmışdır ki, guya cavabdeh ona olan 33.850 ABŞ dolları borcunu tam olaraq qaytarmışdır. Həmin zaman zərərçəkənlərdən biri olan X5 da onun pulunun qaytarılması barədə ərizə vermişdir və ona da bildirmişdir ki, bu məzmunda ərizə versə, cavabdeh həbs olunmayacaq və onların pulunu qaytaracaqdır. Onlara inanaraq, pulunun qaytarılmasını istədiyi və qorxduğu üçün, cavabdehin həbs olunacağı təqdirdə pulunun batacağını fikirləşdiyindən şikayətini geri götürmüş və pulunun qaytarılmasını gözləmişdir. Halbuki, cavabdeh onun pulunu qaytarmamışdır. Daha sonra Masallı RPŞ-nin istintaq bölməsinin müstəntiqi Aqşin Səfərlinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. O, dəfələrlə cavabdehdən pulunu qaytarmasını tələb etsə də, onu aldadaraq pulunu qaytarmamışdır Cavabdeh ondan 33.850 ABŞ dolları məbləğində pul alması onun tərəfindən Masallı RPŞ-də vermiş olduğu izahatında təsdiq olunmuşdur. O, dəfələrlə Baş Prokurorluğa və digər orqanlara müraciət etmişdir ki, o, Masallı RPŞ-də aldadılmış və borcumun qaytarılması barədə ərizə vermiş, lakin onun şikayətinə baxılmamışdır və mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh ona və digər bir neçə şəxsə qarşı dələduzluq etdiyinə görə şikayət ərizələri əsasında Masallı rayon poliz şöbəsində araşdırma aparılmışdır. Araşdırma aparılan zaman şikayətçi kimi ona və digər şikayətçilərə təklif olunmuşdur ki, pulları ödənilsin və barışıq ərizəsi versinlər. Bununla əlaqədar araşdırma aparan Aqşin adlı müstəntiqin təklifi ilə pulunun ödənilməsi və şikayətinin olmaması barədə Baş Prokirorluğa teleqrama vurmuş, həmçinin müstəntiqin sözləri ilə izahat vermiçdir ki, güya 33850 ABŞ dolları puldan 10000 ABŞ dolları borclu qalmış, həmin məbləği də istintaq dövründə Mirkamran ödəmişdir. Teleqrama vurarkən və izahat verərkən ona bildirilmişdir ki, pul Bakı şəhərində digər şikayətçi Azər Abıyevə verilmişdir. Lakin ona heç bir pul məbləği çatdırılmamış, həmçinin pulun Azər Abıyevə verilməsindən əvvəlcədən məlumatı və razılığı olmamışdır. Sonradan eşitmişdir ki, Azər Abıyev yalnız öz pulunu almışdır. Bundan sonra dəfələrlə müraciətləri olsa da, Cavabdeh onun pulunu qaytarmamışdır. Onun Cavabdeh və qardaşı Kənan Sadıqov ilə telefon danışıqlarının səs yazıları vardır. Həmin səs yazılarından açıq görünür ki, 33850 ABŞ dolları pul ona qaytarılmamışdır. O, pulu verərkən Cavabdeh iş görəcəyini və ona da qazanc verəcəyini bildirmişdir. İddiaçı vəkili Vəkil iddianı müdafə edərək bildirdi ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla razı deyildirlər. Həmin qərarı düzgün və qanuni hesab etmirlər. Cavabdehin sübut olaraq səs yazıları vardır, həmin danışıqlar son dövrə aiddir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, nümayəndəsi (atası) X3onu təmsil etmişdir. Nümayəndə izahatında bildirdi ki, Cavabdeh onun oğludur. Oğlunun müxtəlif şəxslərə xeyli borcları olmuş və o, bir valideyn kimi avtomobillərini, əmlaklarını satıb oğlunun borclarını ödəmişdir. İddiaçı Mirkamrana pulu faizlə vermiş, pulu artıqlaması ilə ödənilmişdir. Oğlunun əqli cəhətdən xəstə olmasından istifadə edib, ona hədə-qorxular gəlmişlər. Masallı rayon polis şöbəsində araşdırma aparılan zaman 2021-ci ilin yay aylarında 33850 ABŞ dolları pulu oğlu Kənanla birlikdə, Kənanın avtomobilində İddiaçı özünə şəxsən vermişdir. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərək bildirmişdir ki, İddiaçı onsa qarşı pul tələbinə dair iddiası tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən həmin tələb rədd edilməli və təmin olunmamalıdır. Belə ki, Masallı rayon sakinləri İddiaçı və qeyri şəxslər arasında borc münasibətləri olmuşdur. Onlardan dəfələrlə pul alıb faizlə artıqlaması ilə qaytarmışdır. 2019-cu ildən etibarən həm səhhəti ilə bağlı ciddi problemlər yaşadığından, həmdə lombard təşkilatı açmaq üçün kredit əldə edə bilmədiyindən maddi sıxıntıya düşmüşdür. Bu səbəbdən də borcunu qaytara bilməmişdir. Dəfələrlə onlarla danışıb möhlət istəmiş və bu müddət ərzində qismən olsada borclarını qaytarmışdır. Buna baxmayaraq Fərəc və digərləri barəsində əsassız olaraq polis şöbəsinə şikayət edib onları aldadıb dələduzluq etməsini göstərmişlər. Halbuki, onlara qarşı dələduzluq etməmişdir. Şikayətlər əsasında DİN-in Masallı RPŞ-in İB-in baş müstəntiqi, polis kapitanı X2 icraatında ********* saylı cinayət işi başlanmış, aparılan araşdırmalarla şikayətçilərin onlara qarşı dələduzluq etmə iddiaları təsdiqini tapmamışdır. Borc məbləğini istintaq dövründə şikayətçilərə, o cümlədən İddiaçı ödənilmişdir. Bununla bağlı İddiaçı istintaqda öz ifadəsi var. O, ona olan borcunu tam şəkildə ödədiyini təsdiq etmiş və ona heç bir borcunun olmaması iş üzrə tələb etdiyi 33.850 ABŞ dolları və ona qarşı pul iddiası olmadığını istintaqda ifadəsində və notarial qaydada sənəddə öz əksini tapmışdır. İddiaçı istintaq zamanı ifadəsində bildirmişdir: “İstintaq dövrü ərzində Mirkamran aldığı borc pulu qaytarmışdır. Onunla heç bir borc münasibəti qalmamışdır.” Bu səbəbdən Cavabdeh heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. ********* saylı cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərar, səhifə 11, absaz 6-da qeyd olunmuşdur: “...İddiaçı...ərizə ilə müraciət edərək, borcların tamamilə ödənilməsi və heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. ********* saylı cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. İddiaçı iki il sonra ona qarşı əsassız olaraq iddia qaldırmış, iddia ərizsəinə hüç bir sübüt əlavə etməmişdir. O, ona qarşı olan borcunu tam şəkildə qaytarmışdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Polis X1 baş müstəntiqi olmuş X2 icraatında olmuş ********* saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür: -İddiaçı şahid qismində ifadəsində “...2019-cu ilin mart ayından 2020-ci ilin avqust ayına kimi Cavabdeh 33850 ABŞ dolları pul vermişdir. Mirkamran həmin pulun xeyli hissəsini qaytardıqdan sonra ümumilikdə 10000 ABŞ dolları borclu qalmışdır....İstintaq dövrü ərzində Mirkamtan aldığı pul borcunu gətirib qaytarmışdır. Onunla heç bir borc münasibəti qalmamışdır. Bu səbəbdən Cavabdeh heç bir şikayət və tələbi yoxdur.” bildirmişdir. -Cavabdeh təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki, “....İddiaçı istintaq sənədlərində ondan 33850 ABŞ dolları almağını və aldadaraq həmin məbləğdə pulunu ələ keçirməsini göstərsə də, həqiqətdə Fərəcə olan borcunun xeyli hissəsini ödəyib, 10000 ABŞ dolları borclu qalmışdır. Həmin məbləği də istintaq dövründə razılığa glib tamamilə ödəmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 6(106)15/2023 saylı qərarından görünür ki, ..Masallı Rayon Polis X1 baş müstəntiqi olmuş X2 icraatında olmuş ********* saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan həmin qərarla hüquqlarının pozulduğunu hesab edən şəxs İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsi barədə Masallı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 6(050)-6/2023 saylı qərardan Masallı Rayon Prokuroru, baş ədliyyə müşaviri Vəli Mustafayev tərəfindən verilmiş protestlə əlaqədar həmin qərarın qanuniliyi və əsaslılığı yoxlanılmış, nəticədə Masallı Rayon Prokuroru, baş ədliyyə müşaviri Vəli Mustafayev tərəfindən verilmiş protestin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 01 iyun 2023cü il tarixli, 6(050)-6/2023 saylı qərarının ləğv edilməsi, İddiaçı şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə baxışı iclasında tədqiq edilən kompakt disklərdə olan səs yazlarından məlum olur ki, Cavabdeh arasında İddiaçı yenidən borc pul alınması ilə bağlı telefon danışıqları olmuş, İddiaçı telefonda Cavabdeh və onun qardaşı Kənan Sadıqovla pul tələbi ilə bağlı söhbətlər aparmışdır. Dialoqlardan aydın görünür ki, söhbət 33850 ABŞ dollar puldan gedir. Cavabdehin qardaşı Kənan danışıqların birində pulun polis şöbəsində ödənildiyini, digər danışıqda isə şikayətçi Azərə verilməsini, hətta belə olacağını bilsəydi İddiaçı özünə verəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1., 390.4. və 390.5.-ci maddələrinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. və 739.2-ci maddələrinə əsaəsn borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göstərilən maddi hüquq normalarına və tədqiq olunmuş sübutlara əsasən, yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək və işin faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, tərəflər şifahi formada 2019-2020-ci illər ərzində hissə-hissə müxtəlif məbləğlərdə borc müqaviləsi bağlamış olsalar da, işin hallarına əsasən alınan məbləğlər manat ekvivaletində hər dəfə 3000 manatdan artıq olduğu üçün, Mülki Məcəllə ilə müəyyən edilmiş forma və şərtlərə uyğun olaraq yazılı müqavilə bağlanmadığına görə, həmin müqavilələr MM-nin 337.1-ci maddəsinin tələbi baxımından etibarsız müqavilələrdir. Ona görə də pul məbləği MM-nin 337.5.-ci maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Məhkəmə aşağıda qeyd olunan əsaslara iddianı təmin etmək qənaətinə gəlmişdir. Cavabdeh etiraz ərizəsinə əsasən o, 33.850 ABŞ dollar pul almasını təsdiq etmiş, lakin həmin məbləği polis şöbəsinə edilmiş şikayətdən sonra qaytarmasını bildirir. Lakin məhkəmə baxışı iclasında tədqiq edilən kompakt disklərdə olan səs yazlarından məlum olur ki, Cavabdeh arasında İddiaçı yenidən borc pul alınması ilə bağlı telefon danışıqları olmuş, İddiaçı telefonda Cavabdeh və onun qardaşı Kənan Sadıqovla pul tələbi ilə bağlı söhbətlər aparmış, həmin danışıqların heç birində Cavabdeh konkret olaraq 33850 ABŞ dolları pulu qaytarmasını bildirməmişdir. Dialoqlardan aydın görünür ki, söhbət 33850 ABŞ dollar puldan gedir. Cavabdehin qardaşı Kənan danışıqların birində pulun polis şöbəsində ödənildiyini, digər danışıqda isə şikayətçi Azərə verilməsini, hətta belə olacağını bilsəydi İddiaçı özünə verəcəyini bildirmişdir. Həmin səs yazısının əldə olunmasında cavabdehin şəxsi toxunulmazlıq hüququnun pozulmadığı, onun şəxsiyyəti ilə bağlı dəyərlərə ziyan dəymədiyi qənaətinə gələrək, eləcə də məhkəmənin həqiqətə nail olmaq vəzifəsini və Konstitusya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli Qərarında göstərdiyi mövqeyini əsas götürərək məhkəmə hesab etmişdir ki, səs yazısı olan disk sübut növü kimi Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından qanunidir. -İddiaçı nəzarət icraat qaydasında Masallı rayon polis şöbəsinin müstəntiqi Aqşin Səfərlinin cinayət işi başlanmasının rədd olunması barədə xx.xx.2021-ci il tarixli qərarından vermiş olduğu şikayət bir daha əsas verir ki, ona 33850 ABŞ dolları pul faktiki olaraq qaytarılmamışdır. -Nümayəndə izahatında 33850 ABŞ dolları pulu oğlu Kənanla birlikdə Kənanın avtomobilində İddiaçı verdiyini bildirdiyi halda, tədqiq edilmiş səs yazısında Kənan Sadıqov dolayısı ilə pulun Azər adlı şəxsə ödənildiyini bildirir. Bu ziddiyətli məqam cavabdeh tərəfin etirazının əsaslarının mötəbərliyinə şübhə və təbii ki, cavabdehin istinad etdiyi borcun qaytarılması ilə bağlı teleqramın və polis şöbəsində verilmiş izahatların təkzibolunmaz sübut kimi qiymətləndirilməsinə maneə yaradır. Beləliklə məhkəmə hesab etmişdir ki, Cavabdeh barəsində verilmiş şikayətlə bağlı başlanılmış cinayət işi üzrə pulun ödənilməsi barədə telerqamın məzmunu və sübutların qiymətləndirilməsi barədə 14 iyul 2021-ci il tarixli qərarda izahatlarda qeyd olunmuş hallar işin faktiki hallarına uyğun deyil, məhkəmə araşdırması ilə ziddiyətli məqamlar təhlil edilmiş və həqiqət bu olmuşdur ki, Cavabdeh İddiaçı faktiki olaraq heç bir ödəniş etməmiş və 33850 ABŞ dolları borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə müzakirə etdiyi dəlillərə, təqdim edilən sübutlara əsasən belə hüquqi nəticəyə gəlir ki, 33.850 ABŞ dolları və 262.64 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 33.850 ABŞ dolları pul ödəniş gününə olan manat məzənnəsi ilə, o cümlədən dövlət rüsumuna görə ödənilmiş 262.64 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddəsində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-775/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-775/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver