Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-781/2023 17.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 01 mart 2012-ci il təvəllüdlü X5, 21 iyun 2014cü il təvəllüdlü X2 və 15 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq aylıq qazancının yarısı ilə yanaşı əlavə olaraq hər uşaq üçün 80 manat sabit məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2011-ci ilin aprel ayında el adəti toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını da həmin ilin aprel ayının 27-də Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Cavabdehlə birgə yaşadıqları dövrdə 01 mart 2012-ci il təvəllüdlü Əliyev Hüccət, 21 iyun 2014-cü il təvəllüdlü Əliyev Hüseyn və 15 yanvar 2017-ci il təvəllüdlü Əliyeva Münəvvər adlı üç uşaqları olmuşdur. Cavabdeh 10 may 2020-ci il tarixdə yaşadıqları evdə onu döyərək xəsarətləndirdiyindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilmişdir. Hadisə baş verən gündən azyaşlı uşaqlarıyla valideynlərinin evində qalır. Masallı rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə nikah qeydləri pozulmuş, azyaşlı uşaqlarının iddiaçının yanında qalması və həmin uşaqların saxlanılması üçün cavabdehin aylıq qazancının yarısı məbləğində və əlavə olaraq hər bir uşaq üçün 30 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin alimentin məbləği hazırda uşaqların saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə rəsmi işindən başqa taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq onlara lazımi köməklik etmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşaqların normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, üçüncü qrup əlildir, 150 manat pensiya alır, hal-hazırda anasıyla yaşayır, uşaqların qayğısına qaldığından və əldən əlil olduğuna görə işləyə bilmir. Uşaqlardan biri astma xəstəsidir. Həmin uşağa görə 40 manat əlavə pul kəsilmiş, lakin müddət başa çatmışdır. Həmin uşağın astma xəstəliyi ilə əlaqədar hər ay 100 manatdan şox müayinə və mülicələr pul xərcləyir. Alimentin kəsildiyi dövrlə müqayisədə hazırki dövrdə xərclər artıb. Cavabdeh əlavə olaraq taksi fəaliyyəti ilə məşğul olur. Alimentin məbləği uşaqların bütün tələbatlarını qarşılamaq üçün yetərli deyildir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı eyni əsaslarla müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, "xxxx" QSC-də santexnika sistemləri və avadanlıqlarının quraşdırıcısı vəzifəsində çalışdığını bildirdi. 450 manat əmək haqqı alır, həmin puldan tutulmalar həyata keçirilir. O, işi saatı hesabı ilə işləyir, ona görə də əmək haqqı dəyişkəndir. Səhhəti yol vermədiyindən başqa yerdə işləyə bilmir. Təqribi 90 manat öz dərmanlarına ödəyir. Əmək haqqında aparılan tutulmalardan sonra ona qazancından cüzi bir pul məbləği qalır. Həmin pul məbləği ilə bir ay dolanmalıdır. Bundan başqa himayəsində yaşlı anası vardır. Odur ki, iddianın qismən təmin olunması, alimentin artırlıması məbləğinin məhkəmənin mülahizəsinə buraxdığını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikasının Milli Aviadaşıyıcsı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 28 fevral 2023-cü il tarixli, 135 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2008-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə işə qəbul edilmişdir və hal-hazırda X4 Baş İdarəsi İstilik və Sanitar-Texniki Təminat İdarəsində Santexnika sistemləri və avadanlıqlarının quraşdırıcsı vəzifəsində çalışır, vəzifə maaşı ştat cədvəlinə əsasən 400 manat təşkil edir. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcsı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 09 mart 2023-cü il tarixli, 13-2/2-12/1325/2023 nömrəli arayışından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X4 Baş İdarəsi İ və STTİ-nin quraşdırıcısı Cavabdeh əmək haqqısı dəyişkəndir. Əmək müqaviləsinə əlavədən görünür ki, İ və STTİ-nin quraşdırıcısının sosial müdafiəsinin təmin edilməsi məqsədilə, xx.xx.2022-ci il tarixli 365 №-li əmrə əsasən 2022ci ilin noyabr ayının 01-dən vəzifə maaşlarına 150 manat əlavə təyin edilmişdir. Masallı Rayon Məhəkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(050)-1610/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 aprel 2011-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 315 nömrə ilə qeydə alınmış nikahın pozulması, 01 mart 2012-ci il təvəllüdlü X5, 21 iyun 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2017-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılması, həmçinin 01 mart 2012-ci il təvəllüdlü X5, 21 iyun 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirinin) yarısı məbləğində və əlavə olaraq hər uşaq üçün 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 01 mart 2012-ci ildə, X6 21 iyun 2014-cü ildə, X3 15 yanvar 2017-ci ildə doğulmuşdur. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməməsi ilə bağlı 55 manat pul ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, aliment tələbinə dair iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 01 mart 2012-ci il təvəllüdlü X5, 21 iyun 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2017-ci il təvəllüdlü X1 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini təhlil edərək qeyd edir ki, 2020-ci ilə münasibətdə hal-hazırda layiqli həyat səviyyəsinin şərtləri baxımından uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilmişdir və uşaqların mənafeyi ilə əlaqədar onlarınn əvvəlki həyat səviyyələrinin saxlanılması üçün həmin həddə maddi təminatla təmin olunması hüququ vardır. Bütün bunlar əlavə xərclər tələb edir, bundan başqa uşaqlardan birinin astma xəstəsi olması mübahisəli hal deyil. Ona görə də məhkəmə göstərilən əsasları iddiaçının maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, cavabdehin ailə və maddi vəziyyətini, diqqətəlayiq digər halları, eləcə də iddiaçının da müəyyən qədər uşağın saxlanılmasına görə maddi dəstək göstərməsini nəzərə alaraq, ödənilməli olan sabit pul məbləğində olan aliment miqdarı hissənin hər ay bir uşaq üçün 20 manat artırılmasını uşaqların və cavabdehin hüquq və mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 01 mart 2012-ci il təvəllüdlü X5, 21 iyun 2014-cü il təvəllüdlü X2 və 15 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı rayon məhkəməsinin 2(050)-1610/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay aylıq qazancının (başqa gəlirinin) yarısı məbləğindən əlavə olaraq hər uşaq üçün 30 (otuz) manat sabit pul məbləğində tutulan aliment hissəsinin 30 manat miqdarı 20 manat artırılaraq hər ay bir uşaq üçün 50 manat sabit pul məbləğində müəyyən olunsun. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-781/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-781/2023
17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver