Məhkəmə qərarları › İş №2(050)-787/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-787/2023

18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-787/2023 18.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5 ədəd taxta qapıya görə zərərin dəyəri olan 1500 manat və 35 manat dövlət rüsumu, cəmi 1535 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı şəhəri, İskəndərli kəndi deyilən yerdə özünə məxsus fərdi yaşayış evi tikmişdir. Həmin evi təmir edib yaşamaq üçün 2022ci ilin oktyabr ayında Cavabdeh işlədiyi Masallı şəhərində yerləşən tikinti bazarında taxta materialları hazırlayan sexdə evi üçün qapılar sifariş etmişdir. Sifarişə əsasən 5 ədəd taxta qapı hazırlanaraq, evinə quraşdırılmalı idi. Həmin sifarişlər üçün cavabdehə 1200 manat pulu nağd şəkildə ödəmişdir. Oktyabr ayında qapılar hazırlanmış və yerinə qoyulmuşdur. Qışın gəlməsinə görə evinə köçmək istədiyindən qapıları rənglədərək onlara 300 manat pul xərcləmişdir. Ümumilikdə qapılara 1500 manat pul xərcləmişdir. Cavabdehlə onun arasında prodat müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə prodatçı sayılan cavabdehə onun tərəfindən, yəni sifarişçi tərəfindən muzd tam ödənilmişdir. Prodatçı sayılan cavabdehin icra etdiyi sifarişlər, yəni hazırladığı qapılar tam yararsız vəziyyətdədir. Qapılar keyfiyyətsiz olmaqla əyilmiş, açılaraq tam bağlanmır. Prodatçının təqsiri üzündən keyfiyyətsiz, kobud qüsurlarla yerinə yetirilmiş işə şübhəsiz ki, sifarişçi kimi heç bir marağı ola bilməyəcəkdir. Sifarişçi kimi cavabdehin keyfiyyətsiz materiallardan hazırlanmış materiallarına və görülmüş işə görə verilmiş muzdu geri qaytarmasını tələb etməsinə baxmayaraq, prodatçı müqavilə ilə bağlı xərclərin əvəzini ona ödəməyə borcludur. Cavabdehin hazırladığı qapılar onların keyfiyyətsiz materialdan hazırlanmasını bilərəkdən gizlədərək ona keyfiyyətsiz əşyaların qüsurlarına görə istisnasız olaraq bütün hallarda məsuliyyət daşıyır. Cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş zərərin və qüsur barəsində dəfələrlə 2022-ci ilin oktyabr ayından bu vaxta kimi tələbini qəbul etmək istəmir. Cavabdehin bilərəkdən, qüsurlarına görə ondan aldığı 5 ədəd taxta qapılara görə 1200 manat muzdun və onlara sərf edilmiş rənglərə görə 300 manat pulu tələb edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, cavabdehə fərdi yaşış evi üçün 5 ədəd rənglənməmiş taxta qapı sifariş vermiş və bunun üçün 1200 manat pul ödəmişdir. Qapılar 2022-ci ilin dekabr ayında fərdi yaşayış evinə quraşdırılmış, həmin vaxt qapılarda problem olmamış, təxminən 10-15 gündən sonra qapıların hamsında problemlər yaranmışdır. Belə ki, qapıların bəzisi bağlanmır, bəzisində çatlar əmələ gəlib, əyilmə var. Qapıların rəglənməsi üçün əlavə 300 manat xərcləmişdir. Qapılardan yaranmış qüsurun aradan qaldırılmasını istəmir. Qapılar üçün ödənilmiş 1200 manat və onların rənglənməsi üçün xərclədiyi 300 manat, cəmi 1500 manat pulunu tələb edir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı ona fərdi yaşayış evi üçün 5 ədəd rənglənməmiş qapı sifariş vermiş, bunun üçün 1200 manat ödəniş etmişdir. O, da sifariş verilmiş qapıları hazırlamış, qapılar iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmışdır. Qapılar ilə bağlı ilk əvvəllər heç bir irad olmamışdır. İddiaçı qapıları yonduraraq rənglətmişdir. Əgər qapılar xoşuna gəlmirdisə, onlar təhvil verilmiş şəkildə geri qaytarılardı. Qapılar quraşdırıldıqdan bir müddət sonra sifarişçi qapıda müəyyən problemlər olduğunu bildirmişdir. O, isə yaranmış problemin aradan qaldırmağa hazır olduğunu bildirmiş, lakin qarşı tərəf buna etiraz edərək, ödədiyi pulu geri tələb etmişdir. Hazırlanmış qapılar üçün mal-materialı bazardan alır və təbii ki, onlar üçün müəyyən ödənişlər edir. Hazırlanmış qapılara baxış zamanı da müəyyən olundu ki, qapıların hamsında deyil, bəzisində xırda problem var. O, iddiaçının iddia etdiyi qüsurları aradan qaldırmağa hazırdır. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə mübahisənin məhkəmə aidiyyəti məsələsi ilə bağlı bildirir ki, iş üzrə tərəflərin hər ikisi fərdi sahibkar statusuna malik olan fiziki şəxslər olsalarda, onlar arasındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. İddiaçı fərdi yaşayış evi üçün (məişət tələbatı ilə bağlı) cavabdehə qapı sifariş vermişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 10 və 11-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti kimi ümumi məhkəməyə aid olmasını müəyyən etmişdir. Tərəflər arasındakı mübahisə ilə bağlı məhkəmə bildirir ki, iddiaçı cavabdehə fərdi yaşayış evi üçün 5 ədəd rənglənməmiş qapı sifariş vermiş, muzd haqqı kimi tərəflər 1200 manata razılaşmışlar. İddiaçı 1200 manat pulu qarşı tərəfə vermişdir. Cavabdeh isə 5 ədəd sifariş verilmiş qapını hazırlamışdır. Qapılar iddiaçının fərdi yaşayış evinə quraşdırılmış, ilk əvvəllər qapılarda heç bir problem olmamış, sonradan iddiaçı qapılarda müəyyən problemin olmasını iddia edərək, qapılar üçün ödənilmiş 1200 manat və qapıları rənglədərək xərclədiyi 300 manat, cəmi 1500 manat pulu tələb etmişdir. Cavabdeh isə qapıların bəzilərində qüsurun olmasını qəbul edir. Qüsurları aradan qaldırmağa hazır olduğunu bildirir, lakin qarşı tərəf buna etiraz edərək, qüsurun aradan qaldırılmamasını, pulun ödənilməsini tələb edir. İşin obyektiv həlli baxımından məhkəmə tərəflərin iştirakları ilə mübahisəli qapılara baxış keçirmiş və həmin görüntülər qeydə alınaraq iş materiallarına əlavə edilmişdir (bax.CD). Baxış zamanı iddiaçı qüsuru olduğu iddia etdiyi qapılardan bir neçəsini (hamsını yox) təqdim etmişdir. Təqdim edilmiş həmin qapılara baxış zamanı qapılarda müəyyən qüsurların olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında potrat hüquq münasibətləri yaranmışdır. Podrat hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur (753.1). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (763.1). Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər (763.2). Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (765.2). Göründüyü kimi podrat hüquq münasibətləri zamanı MM-nin 763.1-ci maddəsinə əsasən məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina edilməsinə isə MM-nin 765-ci maddəsində müəyyən edilmiş qaydada yol verilir. Bunun üçün 1) məmulat qüsurlu olmalı, 2) müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmamalıdır. Hazırki mübahisədə isə iddiaçı yaranmış qüsuru potratçı tərəfindən aradan qaldırılmasına nə əvvəllər razı olmuş, nədə ki, hazırda razıdır. Podratçı isə məmulatın qüsurunu aradan qaldırmağa hazırdır. Belə vəziyyətdə qanunvericilklə iddiaçının iddia etdiyi şəkildə podrat müqaviləsindən imtina qanuni deyil. Cavabdeh hazırladığı məmulat (5 ədəd qapı) üçün mal-material ilə bağlı müəyyən xərc çəkmiş və zəhmət sərf etmişdir. İddiaçı isə onları nəzərə almayaraq, qapılar üçün ödənilmiş 1200 manat və onların rənglənməsi üçün xərclədiyi 300 manat, cəmi 1500 manat pulu tələb edir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında göstərilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.” Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “5 ədəd taxta qapıya görə zərərin dəyəri olan 1500 manat və 35 manat dövlət rüsumu, cəmi 1535 manat pulun alınıb ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar