Məhkəmə qərarları › İş №2(050)-810/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-810/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-810/2024 03.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 15 iyul 2009-cu il təvəllüdlü X8 və 15 iyun 2012-ci il təvəllüdlü X1 üçün Masallı Rayon Məhkəməsinin 2(050)-100/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment pulunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 16 fevral 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 iyul 2009-cu il təvəllüdlü X8 və 15 iyun 2012-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə müəyyən müddət birgə yaşadıqdan sonra münasibətləri pozulmuş və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-100/2019 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onun yanında qalmış və uşaqların saxlanması üçün hər ay 200 manat aliment tutulmuşdur. Hazırda uşaqların tələbatı keçən müddətə görə daha da artmışdır, o, uşaqların saxlanmasında təkbaşına çətinlik çəkir. Uşaqlar məktəblidir, onların təhsil və digər xərcləri getdikcə artmaqdadır. 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Lakin cavabdeh valideynlik vəzifəsini icra etmir və cəmi 100 manat hər uşağa aliment ödəyir. Bununla bağlı mediasiya orqanına müraciət olunmuş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, İddiaçı Cavabdeh ilə nikahlarını 16 fevral 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 iyul 2009-cu il təvəllüdlü X8 və 15 iyun 2012-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə müəyyən müddət birgə yaşadıqdan sonra münasibətləri pozulmuş və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onun yanında qalmış və uşaqların saxlanması üçün hər ay 200 manat aliment tutulmuşdur. Hazırda uşaqların tələbatı keçən müddətə görə daha da artmışdır, o, uşaqların saxlanmasında təkbaşına çətinlik çəkir. Uşaqlar məktəblidir, onların təhsil və digər xərcləri getdikcə artmaqdadır. 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir cavabdeh valideynlik vəzifəsini icra etmir və cəmi 100 manat hər uşağa aliment ödəyir, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, ikinci dəfə ailə həyatı qurmuşdur və bu evlilikdən iki nəfər uşağı vardır, özü xəstədir. Əvvəl müəyyən edilmiş alimenti vaxtında ödəyir. Qətnamə çıxarılarkən maddi vəziyyətinin və ikinci evlilikdən uşaqlarının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, 2(050)-100/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 və Cavabdeh arasında Masallı rayon İHB-ın Xırmandalı inzibati ərazi nümayəndəliyində bağlanmış 16 fevral 2012-ci il tarixli, 04 saylı nikah akt qeydi pozulması, 15 iyul 2009-cu il təvəllüdlü X8 və 15 iyun 2012-ci il təvəllüdlü X6 anaları X3 yanında yaşaması, Cavabdeh 15 iyul 2009-cu il təvəllüdlü X8 və 15 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq X5 verilməsi, alimentin tutulması 10 sentyabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X12 arasında 09 sentyabr 2022-ci il tarixdə Masallı Regional ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsində 851 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına İbadullayeva soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X11 02 iyun 2021-ci ildə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X10 21 aprel 2020-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli, 2(050)- 100/2019 saylı qətnaməsi ilə 15 iyul 2009-cu il təvəllüdlü X4 və 15 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat müəyyən edilərək İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar