Məhkəmə qərarları › İş №2(050)-900/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-900/2023

01.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-900/2023 01.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 1055 manat dəyərində zərərin və ödənilmiş 30.55 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 fevral 2023-cü il tarixdə saat 18:10 radələrində mülkiyyətində olan və idarə etdiyi “Opel Astra” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman eyni istiqamətdə hərəkətdə olan “Chevrolet Cruze” minik markalı **-BP-*** dövlət qeyidyyat nişanlı avtomaşın sağdan sola manevr etmək istədikdə onunla toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinin farasına, dönmə işığına, duman əleyhinə farasına, qanadına, qanad altlığına, qranata, orta tyaqaya, alt tarelkaya, qalpaq, radiatora və stablizatorun sırğasına zərər dəymişdir. Həmin hissələrin ümumi dəyəri 585 manat edir. Bu hissələrin düzəldilməsinə görə usta pulu 470 manat təşkil edir. Arayışda göstərilən 1055 manat ziyan pulunu cavabdeh ona verməkdən boyun qaçırır. Dəfələrlə cavabdehə ona vurduğu zərərlə bağlı ziyanı qaytarması barədə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, maşınının bəzi hissələrini düzəltdirmişdir və ona 1055 manat maddi zərər dəymişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, yol nəqliyyat hadisəsinin törədilməsində təqsirlidir, hal-hazırda maddi imkanı zəifdir, buna görə də borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İnzibati tənbeh vermə haqqında 14 fevral 2023-cü il tarixli, TP ******* saylı qərarın surətindən məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı **-CB-*** dövlət qeydiyyat nömrəli avtomobilin sahibi İddiaçıdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” markalı **-BP-*** dövlət qeydiyyat nömrəli avtomobilin sahibi X1r. “Avtoservis“ Masallı tərəfindən verilmiş qəza ilə bağlı 15 fevral 2023-cü il tarixli arayışdan görünür ki, “Opel Astra F” minik markalı **-CB-*** dövlət qeydiyyat nömrəli avtomobilə ümumi 1055 AZN məbləğində maddi ziyan dəymişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 30.55 manat pul ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, 14 fevral 2023-cü il tarixdə saat 18:10 radələrində İddiaçı mülkiyyətində olan və idarə etdiyi “Opel Astra” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman eyni istiqamətdə hərəkətdə olan “Chevrolet Cruze” minik markalı **-BP-*** dövlət qeyidyyat nişanlı avtomaşın sağdan sola manevr etmək istədikdə onunla toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinin farasına, dönmə işığına, duman əleyhinə farasına, qanadına, qanad altlığına, qranata, orta tyaqaya, alt tarelkaya, qalpaq, radiatora və stablizatorun sırğasına zərər dəymişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6.-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, məhkəmənin müəyyən etməli olduğu hallar, cavabdehin qanuna zidd hərəkəti, həmin hərəkətlə dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasıdır. İşin faktiki halları və tədqiq olunmuş mötəbər, təkzibolunmaz sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində təqsirlidir, bu əməlinə görə cinayət əməli törətmişdir. Onun həmin hərəkəti nəticəsində də iddiaçıya məxsus avtomobil zədələnmiş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, izahatla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1055 manat maddi ziyan və dövlət rüsumuna görə 30.55 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar