Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-912/2025 15.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı XXX İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı XXX İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: O, zərgərlik fəaliyyəti ilə məşğul olur. 2024-cü ilin yanvar ayında əvvəldən tanıdığı Cavabdeh qızıl məmulatlarını ondan götürüb sataraq, pulunu qaytaracağını təklif etmişdir. O, cavabdehin bu işlə məşğul olduğunu bildiyindən onunla razılaşmış və ilk dəfə 26 yanvar 2024-cü il tarixdə istədiyi qızıl məmulatlarını ona vermişdir. Cavabdeh ondan götürdüyü qızılı satdıqdan sonra pulunu dərhal qaytarmışdır. Bundan sonra ondan iki dəfə də qızıl məmulatları götürən Cavabdeh pulunu yenə dediyi vaxt qaytarmışdır. Beləliklə, ona qarşı yaranmış etibarından sui-istifadə edən Cavabdeh sonuncu dəfə 2024-cü ilin fevral ayının axırlarında həmin vaxt üçün ümumi dəyəri 25000 (iyirmi beş) min manat təşkil edən 195 qram çəkidə qızıl məmulatları götürmüş və 2-3 gün müddətində sataraq, pulunu qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan Cavabdeh telefon zənglərinə cavab verməmiş, onunla başqa yollarla əlaqə yaratmaq istəyi isə nəticəsiz qalmışdır. Beləliklə, Cavabdeh əsl niyyətinin həqiqətən də ondan götürdüyü qızılı sataraq pulunu qaytarmaq deyil, ona olan etibarından sui-istifadə edərək, pulunu mənimsəmək olduğunun şahidi olmuşdur. Bundan sonra işlə maraqlandıqda ona məlum olmuşdur ki, Cavabdeh ondan zərgərlik məhsulu şəklində aldığı hazır qızılı lom (külçə) qiymətinə başqa şəxsə sataraq, satışdan əldə etdiyi pulu öz şəxsi mənafeyinə sərf etmişdir. Qeyd olunanları və Cavabdeh ona olan etibarından istifadə edərək həmin vaxt üçün ümumi dəyəri 25000 (iyirmi beş) min manat təşkil edən ona məxsus 195 qram çəkidə qızılı dələduzluq yolu ilə ələ keçirdiyini nəzərə alaraq, tərəfindən Masallı Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 yanvar 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, tərəflərə borc mübahisəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Masallı RPŞ-nin TB-də aparılan araşdırma zamanı Cavabdeh hazırkı iş üzrə iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, bildirmişdir ki, İddiaçı ilə qızıl alveri etmişdir. Ona ümumilikdə 23000 manat borcu qalmışdır. Ailə vəziyyəti ilə bağlı onun pulunu verə bilməmişdir. Ümumi borcdan 7000 manatı əmisi Hünər İddiaçı vermişdir. İddiaçı halhazırda 16000 manat borcu qalmışdır. Beləliklə aparılmış araşdırma zamanı İddiaçı Cavabdeh ilə aralarında qızıl alış verişinin olduğu və sonuncunun pulu qaytara bilmədiyi müəyyən olunmuşdur. Lakin Masallı RPŞ-nin TB-də aparılan araşdırma zamanı Cavabdeh ona 16000 manat borcunun qaldığını bildirsə də, əslində Cavabdeh ona bu günə olan borcu 21177 manat təşkil edir. Belə ki, Cavabdeh sonuncu dəfə ondan götürdüyü qızılın çəkisi 195 qram olmuşdur ki, həmin vaxt üçün onun dəyəri 25000 manat təşkil etmişdir. Hazırda isə qızılın qiyməti qalxdığından 195 qram qızılın dəyəri 25000 deyil, 28177 manat təşkil edir. 28177 manatdan Cavabdeh Hünər adlı əmisi tərəfindən 7000 manatı qaytarıldığından hazırda Cavabdeh ona 21177 manat məbləğində borcu qalmışdır. İddiaçının tələbi: 21177 manat məbləğində borcun və məhkəməyə iddia ərizəsinin verilməsinə görə tərəfindən ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı XXX İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, onunla iddiaçı arasında qızıl alğı-satqısı ilə bağlı münasibətlər olmuş və o, İddiaçı qızıl-zinət əşyalarını nisyə almış və pulunu ödəmişdir. Lakin onun iddiaçıya hazırda 16.000 manat qızılların puluna görə borcu qalmışdır. O, cavabdehdən aldığı qızıla görə müəyyən hissəsini ödəmiş, 16.000 manat borclu qalmışdır. Lakin iddiaçı hazırda ondan əsassız olaraq 21177 manat pul tələb edir. Onun iddiaçıya cəmi 16.000 manat borcu vardır. O, polis şöbəsində vermiş olduğu izahatında da 16.000 manat borcu olmasını bildirmiş, sonradan iddiaçı onun üzərinə kriminal aləmin üzvlərini göndərmiş və onlara da 16.000 manat borcumun olmasını etiraf etmişdir. O, iddiaçıdan 2024-cü ilin fevral ayında dəyərini nisyə ödəmək şərti ilə qızıl-zinət əşyaları almış və həmin əşyaların dəyərinə görə cəmi 16.000 manat borcu qalmışdır. O, onsuz onların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 1 il ərzində iddiaçı ondan artıq 5.177 manat pul tələb edir, lakin heç bir hüquqi əsası yoxdur. Ümumiyyətlə onlar həmin əşyaların dəyərinin hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər, bunun üçün müddət müəyyən olunmamış və iddiaçı ilə aralarında gecikdirmə üçün faiz şərti müəyyən edilməmişdir. İddiaçı qızılları ona satmaqla onsuz da onun dəyərinin hissə-hissə ödənilməsini bilmiş və bunun riskini daşımışdır. İddiaçı tərəf sübut etməlidir ki, həqiqətən onun əldən çıxmış faydası 5.177 manatdır. Bununla bağlı iddiaçının heç bir sübutu yoxdur. Həmçinin, iddiaçı həmin pulu ümumi şəkildə tələb etmiş, iddiada əldən çıxmış fayda kimi də göstərməmişdir. Lakin əsaslandırma hissəsində Mülki Məcəllənin 445-ci maddəsinə istinad edərək, guya onun tərəfindən iddiaçıya ziyan vurulmasını göstərmişdir. Lakin ziyanın təsdiq olunması barədə sübutu yoxdur. Bu da sübut edir ki, iddiaçının tələbi 5.177 manat hissəsində əsassızdır. Mülki Məcəllənin tələbi ondan ibarətdir ki, nisyə satılmış əşyanın satış günü müəyyənləşdirilmiş qiymətə uyğun hesablanma aparılmalıdır. Lakin iddiaçı hazırda həmin qızılların dəyərinin artmasını göstərməklə qanunsuz olaraq ondan əlavə pul tələb edir. Mülki Məcəllənin tələbindən göründüyü kimi əşyanın qiymətinin dəyişməsi yenidən hesablaşmaya səbəb olmur. Buna görə də iddiaçının iddiası 5.177 manat hissəsində əsassızdır. Yalnız 16.000 manat hissəsində əsaslıdır. O, heç vaxt öhdəliyinin icrasından yayınmamışdır, iddiaçının 16.000 manatını ödəməyə razıdır, lakin müəyyən problemlər olduğu üçün o, aldığı əşyaların pulunu iddiaçıya ödəyə bilməmişdir. O, iddiaçı qarşısında öhdəlik götürəndə razılaşma olmayıb ki, qızılın qiyməti qalxarsa o zaman ona artıq pul ödəməlidir. Əgər qızılın qiyməti düşmüş olsaydı o zaman iddiaçı həmin məbləğə razı olardı. Göründüyü kimi qiymətin dəyişməsinin heç bir əhəmiyyəti yoxdur və o qızılı aldığı günə olan qiymətlə ödəməlidir. Odur ki, hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı XXX İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, aralarında qızıl məmulatlarının alqı-satqısı olmuşdur. Cavabdehin ona 17500 manat əsas borcu vardır. İddia ərizəsində 21000 manatı dəymiş zərərlə birgə hesablayaraq, göstərmişdir. Hazırda borcla bağlı cavabdehlə aralarında razılaşma vardır. Həmin razılaşmaya əsasən cavabdehin qızıla görə ona 19500 manat məbləğində ödəniş etməsinə etirazı yoxdur. Qalan hissədə iddia tələbini müdafiə etmir. Cavabdeh məhkəmə iclasında hazırki mülki iş üzrə iddiaçıya 19500 manat məbləğində borcunun qalmasını etiraf edir, iddia ərizəsinin 19500 manat hissədə təmin edilməsini xahiş edir. Buna dair yazılı qaydada borcun etirafına dair ərizə də təqdim etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Masallı RPŞ-nin TB-nin təqqiqatçısı, polis kapitanı X1 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, materialın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ödəniş qəbzindən görünür ki, XXX İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 154 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malın dəyərini ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Belə ki, İddiaçı zərgərdir, həmçinin qızıl məmulatlarının alğı-satqı fəaliyyəti ilə məşğul olur. Cavabdehlə aralarında bir neçə dəfə alqı-satqı münasibətləri olmuşdur. Sonuncu dəfə cavabdehə 25000 manat dəyərində qızıl məmulatlarının satışını etmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi üzrə qızıl məmulatlarının dəyərini ödəməmişdir. Qeyd edilən hal, CD diskdə olan səs yazıları, məhkəmə iclasında cavabdehin etirafedici izahatı və buna dair ərizəsi təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19500 (on doqquz min beş yüz) manat alınaraq, iddiaçı XXX İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19500 (on doqquz min beş yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 154 (bir yüz əlli dörd) manat alınaraq, iddiaçı XXX İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistİddiaçı yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-912/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-912/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver