Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-931/2024 24.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avto qəza hadisəsi nəticəsində ona dəymiş 19652,80 manat dəyərində zərərin, 5250 manat dəyərində pulun, 5000 manat dəyərində mənəvi ziyanın və 180 manat dövlət rüsumunun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 06:50 radələrində **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində sveteforun yaşıl işığında hərkətdə olan zaman yolun sol istiqamətində sfetaforun qadağanedici işarəsi verələrkən adını sonradan bildiyi Cavabdeh idarə etdiyi “Mercedes Benz C230” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili sol qabaq hissədən vuraraq əzmişdir. Hadisə nəticəsində onun avtomobilinin kapotu, kapotun sağ petləsi, kapotun sol petləsi, qabağ sağ qanadı, qabağ sol qanadı, qabaq sağ qanadın bərkidicisi, qabaq sol qanadın bərkidicisi, radiatorun montaj paneli, qabaq bamperin gücləndiricisi, qabaq sağ fara, qabaq sol fara, qabaq sağ faranın alt dekoru, qabaq sağ faranın alt dekoru, qabaq bamperin üst hissəsi, qabaq bamperin rəngsiz hissəsi, qabaq bamperin alt karbon hissəsi, buksir qabağı, radiatorun üst barmaqlığı, nömrəaltı montaj plankası, qabaq görüntü kamerası, qabaq bamperin alt barmaqlığı, qabaq barmaqlığın sol eynəyi, qabaq barmaqlığın sağ eynəyi, parklama sensorunun kronşteyni, parklama sensorunun kronşteyni, parklama sensorunun kronşteyni, parklama sensorunun kronşteyni, parklama sensorunun kronşteyni, parklama sensorunun kronşteyni, parklama sensoru, parklama sensoru, parklama sensoru, qabaq park sensorlarının elektrik xətti, motorxananın üst sağ dekorativ paneli, motorxananın üst sol dekorativ paneli, kapot kilidinin dekorativ qapağı, duman əlehinə qabaq sol fara, duman əlehinə qabaq sol fara, duman əlehinə qabaq sol faranın qapağı, duman əlehinə qabaq sağ faranın qapağı, qabaq sol qanadüstü kant, qabaq sağ qanadüstü kant, qabaq sol qanadaltı, qabaq sağ qanadaltı, qabaq bamperin sağ kronşteyni, qabaq bamperin sol kronşteyni, pər qabağının sağ örtüyü, pər qabağının sol örtüyü, klipsa, qoruyucular qutusu, sürətlər qutusunun idarəetmə bloku, sürətlər qutusunun elektrik kabeli, motorun sağ yastığı, motor yastığı, motorun arxa yastığı, mühərrik kəməri, kondisoner sisteminin borusu, kondisoner borusu, kondisoner radiatoru, radiator, antifriz, interkuler, soyutma pəri, radiator borusu, soyutma radiatorunun borusu, radiator borusu, genişlənmə çəninin xaricetmə borusu, radiatorun havalandırma borusu, interkuller borusu, interkuller borusu, hava təyziq və temprator sensoru, hava filterinin qutusu, daxiletmə kollektoru, EVAP borusu, hava borusu, su pompasının kəmərinin üst plastmas qapağı, su pompasının kəmərinin üst plastmas qapağı, akkumblyatorun oturacaq kronşteyni, motorxananın alt mühafizə qapağı, qabaq aşağı sol qol, qabaq travers, qabaq sol sapfa, qabaq sol amartizator, turbinanın soyutma borusu, turbinanın yağ borusu, sürətlər qutusunun radiatoru, sürətlər qutusunun radiator kipgəci məhv olmuş, sadaladığı hissələr dəyişilməlidir. Həmin hissələrin ümumi dəyəri 19906 manat təşkil edir. Bu hissələrin düzəldilməsinə görə usta pulu 4746,80 manat təşkil edir. Ümumi avtomobilinə dəyən ziyan 24652,80 manat təşkil edir. Ona dəymiş ziyandan 5000 manatını sığorta şirkətindən almış, yerdə qalan 19652,8 manat ziyanı cavabdeh ona ödəməmişdir. Dəfələrlə cavabdehə ona vurduğu ziyanı ödəməsi barədə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Onun avtomobili 2021-ci ilin avtomobili olmaqla orta bazar qiyməti 35000-37000 manat civarındadır. Avtomobili təmir edildikdən sonra əvvəlki qiymətində olmayacaqdır. Onun cavabdehdən avtomobilin saz vəziyyətdə olan qiymətinin 15%-ni almaq hüququ vardır. Hesab edir ki, cavabdeh əlavə olaraq ona 5250 manatda ödəməlidir. Həmçinin cavabdehdən ziyanı tələb etdikdə ona dəfələrlə bildirirmiş ki, ged ziyanını sığortadan al. Maddi imkanı yetərincə olsa da, ziyanı ödəməyəcəyini bildirir. Cavabdehin bu hərəkətləri onu mənəvi cəhətdən çox sarsıtmış, həmçinin onda əsəb və gərginlik yaratmışdır. Ona görə hesab edir ki, cavabdeh ona mənəvi ziyana görə 5000 manat kompensasiya ödəməlidir. Cavabdeh ona vurmuş olduğu ziyanı ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən də, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mercedes Benz C 230” minik markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospektində hərəkətdə olduğu zaman işıqforun qırmızı işığında dayanmaq istədikdə həmin vaxt avtomobildə texniki nasazlıq yarandığı üçün avtomobili dayandıra bilməmiş və nəticədə yolun sağ istiqamətindən gələn İddiaçı idarə etdiyi “Geely Coolray” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Vurulmuş ziyana görə sığorta tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir. İddiaçının hazırda ondan tələb etdiyi məbləğ həddən artıq şişirdilmişdir. Belə ki, iddiaçının avtomobilinə 10000 manat civarında ziyan dəymişdir. Hazırda iddiaçının tələb etdiyi məbləği ödəməyə onun maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan: -26 mart 2024cü il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat cərimə edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 9/3568 saylı rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Rich Motors” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Geely Coolray” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 24652,00 manat müəyyən edilir. Dəyşilməli hissələrin qiyməti-19906,00 manat; Təmir-bərpa işlərinin qiyməti-4746,00 manat. Avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 23091,00 manat müəyyən edilir. O cümlədən. Dəyşilməli hissələrin qiyməti-18345,00 manat; Təmir-bərpa işlərinin qiyməti-4746,00 manat müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi 17 dekabr 2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri nəticəsində idarə etdiyi “Gely Coolray” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi zərər vurulduğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ona zərər vurması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah etmişdir ki, “...Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli, hüquqa zidd əməli (qanunsuz hərəktləri) nəticəsində İddiaçı maddi və mənəvi zərər dəymişdir. Məhz bu səbəbdən də cavabdehdən vurulmuş maddi zərərə görə 19652.80 manat və mənəvi zərərə görə 300 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumuna görə 149,86 manat, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 19652.80 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 149,86 manat, cəmi 20102 (iyirmi min yüz iki) manat, 66 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-931/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-931/2024
24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver