Məhkəmə qərarları › İş №2(050)-965/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-965/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-965/2025 01.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2115 manat pulun, 41,15 manat dövlət rüsumunun, həmçinin iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan ötən ilin mart ayından sentyabr ayının 27-dək olan müddət ərzində ümumilikdə 7765 manat dəyərində müxtəlif adda qızıl-zinyət əşyalarını nisyə almış, dəyərini hissə-hissə ödəməyə razılaşmışlar. Ötən ilin sonunadək borc bağlanmalı idi. O, həmin qızıllardan bir hissəsinin dəyərini ödəsə də, 2115 manat borclu qalmışdır. Həmin pulu ondan dəfələrlə tələb etsə də, müxtəlif bəhanələr ilə ödəməkdən yayınmış, hətta ona hədə-qorxu gəlmişdir. Məcburiyyət qarşısında qalıb, Masallı RPŞ-yə müraciət etmişdir. Masallı RPŞ-də aparılan araşdırma zamanı cavabdeh həqiqətən də ondan nisyə qızıl almasını, həmin qızılların dəyərindən 2115 manat borclu qalmasını etiraf etmişdir. Lakin o, hazırkı vaxtadək qeyd olunan borcunu ödəmədiyindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Bununla bağlı 41,15 manat dövlət rüsumu, iddia ərizəsinin tərtibi ilə bağlı vəkilin xidmətinə görə isə 30 manat ödəməli olmuşdur. Həmin məbləğlərin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ondan əvvəllər də qızıl alıb pulunu qaytarmışdır. Qızılları ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə vermişdir. Sonuncu dəfə 5 qram qızıl vermişdir. Ondan əvvəl verdiyi qızılların da pulunu qaytarmamışdır. Hazırda cavabdehin ona 2115 manat borcu qalmışdır. Cavadeh ona olan borcundan ödədiyini desə də, bu barədə sübut təqdim edə bilmir. Onun məhkəmə iclasında təqdim etdiyi ödəniş qəbzləri əvvəllər götürdüyü borc məbləğləri ilə əlaqədar olmuşdur. Həmçinin, cavabdeh polisdə izahatında da açıq aşkar ona 2115 manat borcu olduğunu etiraf etmişdir. Həmin məbləği hal-hazıradək qaytarmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, bildirdi ki, iddiaçıdan dəfələrlə qızıl alıb pulunu ona qaytarmışdır. İdidaçıdan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə nisyə qızıl-zinət əşyalarını almış, sonuncu dəfə ondan 5 qram qızıl götürmüşdür. Hazırda onun sonuncu dəfə götürdüyü 525 manat olan borcundan ödəmiş, cəmi 470 manat borcu qalmışdır. Həmin məbləği iddiaçıya ödəməyə hazırdır. Lakin, iddiaçı ondan 2115 manat borc məbləğini tələb etməklə ona şər atır. Masallı RPŞdə tədqiqat bölməsində olmuşdur. Polisin qərarında yazılmış izahatı səhvdir. İddiaçıya etdiyi ödəniş qəbzləri vardır. Onun iddiaçıya 470 manat borcu vardır. Ümumiyyətlə iddiaçı ona nisyə verdiyi qızılları real bazar qiymətlərindən baha qiymətləndirirək vermişdir. Hazırda iddiaçının tələb etdiyi məbləğlər verdiyi qızılları baha qiymətləndirməsi ilə əlaqədardar. Pula ehtiyacı olduğundan iddiaçının qiymətləndirməsinə uyğun olaraq qızılları ondan almağa məcbur razılaşmışdır. Həqiqətdə isə ona verilmiş qızılların qiyməti aşağı məbləğdə olmuşdur. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Masallı şəhəri S.Məmmədov küç.ev 53 İddiaçı xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Cəsarət və Əflan adlı şəxslərin onu öldürəcəkləri ilə hədələmələri barədə Masallı RPŞ-nə etdiyi müraciəti barədə araşdırma aparılmışdır. İş üzrə cinayət tərkibi olmadığından Cavabdeh və X1 barələrində cinayət işi başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı əvvəllər tanımış, aralarında mübahisələri və ədavətləri olmamışdır. 2024-cü ilin mart ayından xx.xx.2024-cü il tarixədək olan müddət ərzində o, Aynurədən borca ümumilikdə 7765 manat dəyərində qızıl almış, həmin 7765 manat puldan hissə-hissə ödəməyə başlamış, lakin xəstəliyi ilə əlaqədar ödənişi dayandırmışdır. Lakin artıq müalicə olunandan sonra xx.xx.2025-ci il tarixdə Aynurənin hesabına pul ödəmiş və bununla Aynurəyə 7765 manat puldan 5650 manatı ödəmiş, hazırda Aynurəyə 2115 manat pul borclu qalmış və həmin pulu tam ödəyəcəkdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində İddiaçı öldürəcəyi ilə hədələməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, o, müxtəlif məbləğlərdə ödəniş terminallarından iddiaçının istifadəsində olan kartın hesabına ödənişlər etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, CD diskdə olan birinci videogörüntüdə Cavabdeh əlində olan qızılı göstərərək, biz Aynurədən qızıl götürdük və ayın 18-də Aynurəyə 1609 manat pul verəcəyik deyir. Digər videoda isə Cavabdeh Aynurədən qızıl götürdüyünü və 525 manat verəcəyini bildirir. Əsaslandırıcı hissə: İddia ərizəsinə məhkəmədə baxılarkən işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh şifahi nisyə alqı-satqı müqaviləsi bağlayaraq, İddiaçı ayrı-ayrı vaxtlarda götürdüyü 7765 manat dəyərində olan qızılların pulundan 2115 manat pulu ona qaytarmamışdır. Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçıdan müxtəlif vaxtlarda iddiaçının qiymətləndirməsinə əsasən 7765 manat məbləğində nisyə qızıl-zinət əşyalarını almış, həmin borcdan hazırda iddiaçıya 470 manat borcunun qalmasını etiraf etmiş, həmin məbləğdən savayı, iddiaçıya borcunun olmadığını bildirmiş, polis şöbəsində izahat versə də, izahatının səhv yazıldığını, 2115 manat borcunun olması ilə bağlı izahatda heç nə bildirmədiyini qeyd edərək iddia tələbinə etirazını bildirmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsası kimi şifahi nisyə alqı-satqı müqaviləsinin müvafiq normaları tətbiq edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin vaxtında icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, şifahi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini razılaşdırılmış vaxtadək tam şəkildə ödənilməsini təmin etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə ayrı-ayrı vaxtlarda müxtəlif qiymətlərdə nisyə qızıl-zinət əşyalarını verdiyi və cavabdehin ona 2115 manat borcunun qaldığı tam şəkildə sübut edilmişdir. Belə ki, cavabdeh hələ məhkəməyəqədər polis şöbəsində araşdırma aparıldığı zaman izahatında iddiaçıya tələb edilən məbləğdə borcunun olduğunu bildirmiş, eyni zamanda məhkəmə iclasında iddiaçıdan qızıl-zinət əşyalarını aldığını etiraf etmişdir. Lakin, cavabdeh iddia tələbi ilə bağlı bildirmişdir ki, iddiaçı ona verdiyi qızılların qramını real bazar qiyməti ilə müqayisədə baha qiymətlədirmiş, hazırda isə iddiaçının tələb etdiyi məbləğlər məhz qızılları baha qiymətləndirilməsi ilə əlaqədar olmuş, yəni həmin məbləğin faiz borcu kimi ondan tələb edildiyini göstərmiş, ona görə də həmin pulu iddiaçıya ödəməyəcəyini qeyd etmişdir. O, həmçinin polis şöbəsinə verdiyi izahatının səhv yazıldığını qeyd etmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında da həmin məbləğlə bağlı etirazını bildirsə də, həmin məbləğin iddiaçının qızılları baha qiymətləndirməsi ilə bağlı olduğunu, ondan faiz borcu kimi tələb edildiyini göstərərək, həmin borcu ödəməyəcəyini açıq-aşkar bildirməklə, dolayısı yolla iddia tələbini qəbul etmişdir. Cavabdeh qızıl-zinət əşyalarının şifahi müqaviləyə əsasən razılaşdıqları qiymətlərinin artıq göstərilməsi, həqiqətdə isə real bazar qiymətinin aşağı qiymətə olduğunu göstərməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin həmin hissədə etirazı əsaslı deyildir. Çünki cavabdeh müqaviləni bağlayarkən qızıl-zinət əşyalarını qarşılıqlı razılaşma yolu ilə qiymətləndirərək almış, iddiaçı onu hər hansı formada buna məcbur etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Göründüyü kimi, iddiaçı müqavilə müstəqilliyindən çıxış edərək özünə məxsus əmlakı qiymətləndirmiş, cavabdeh də həmin məbləğlə razılaşmışdır. Məhkəmə eyni zamanda cavabdehin polis şöbəsində verdiyi izahatının səhv olması ilə bağlı dedikləri ilə bağlı bildirir ki, iddiaçının müraciəti əsasında polis şöbəsində araşdırma aparılaraq cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarda cavabdehin izahatı da göstərilmiş, lakin cavabdeh həmin qərardan şikayət vermədiyini məhkəmə iclasında bildirmişdir. Həmin qərar hazırda qanuni qüvvəyə minmiş qərardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin polis şöbəsində verdiyi izahatını da əsas götürərək iddia tələbinin əsasını təşkil edən mötəbər sübut kimi qəbul edir. Məhkəmə cavabdehin iddiaçıya məxsus kartın hesabına müxtəlif məbləğlərdə pul göndərdiyini təsdiq edən qəbzlərlə bağlı bildirir ki, tərəflərin arasında uzun müddət ərzində qızılların alqı satqısı ilə bağlı münasibətlər olmuş və cavabdeh müxtəlif məbləğlərdə iddiaçının istifadəsində olan kart hesabına ödənişlər etmişdir. İddiaçı özü də bu halı təsdiq etmişdir. Sonuncu dəfə tərəflərin arasında 7765 manat dəyərində qızılın alqı-satqısı ilə bağlı münasibətlər yaranmış, iddiaçı həmin borcun böyük qisminin ödənildiyini, yalnız 2115 manatın ödənilməməsi səbəbindən məhkəməyə müraciət etmişdir. Cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinə əsasən ödənilmiş məbləğlər borc məbləğini tam əhatə etmədiyindən, borcun yalnız bir qisminin ödənildiyini təsdiq etdiyindən həmin ödənişlərin hazırda iddiaçının tələb etdiyi 2115 manat borcla bağlı edilməsi qənaətinə gəlmək mümkün deyildir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2115 manat pulun, 41,15 manat dövlət rüsumu, həmçinin iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş 30 manat pul alınaraq İddiaçı ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2115 manat pulun, 41,15 manat dövlət rüsumu, həmçinin iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş 30 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar