Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-98/2023 11.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 vurulmuş ziyana görə 3070 manat və dövlət rüsumuna görə ödənilmiş 51 manat pulun alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 150 manat, Cavabdeh3 50 manat, Cavabdeh4 150 manat, Cavabdeh6 300 manat, Cavabdeh7 150 manat, Cavabdeh8 550 manat və Cavabdeh9 100 manat, cəmi 1450 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar ərizəsini onunla əsaslandırmışdır ki, onlara ailə üzvləri ilə birlikdə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 3 hektar kənd torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində yonca bitkisi əkib becərirlər və hər il həmin yonca sahəsini biçib, otunu sataraq qazanc əldə edirlər. Bununla ailənin dalanışığına fayda vermiş olurlar. Hər il həmin sahədən 750 ədəd yonca bağlaması əldə etmişdilər. Həmin bağlamaların 1 ədədini isə 3.5 manata satmışdılar. Bu isə 2520 manat pul deməkdir. Həmçinin, yoncanın məsuldar olmasından ötrü hər il torpaq sahəsinə 10 kisə azot gübrəsi verirlər. Azot gübrəsinin bir kisəsini 5.5 manata alırlar ki, buda 550 manat təşkil edir. Cavabdehlərin yaşadıqları Masallı rayonu, Qədirli kəndi ilə yaşadıqları Masallı rayonu, Viləş kəndi həmsərhəddir və onlara məxsus olan torpaq sahəsi də həmsərhəd yerdə yerləşir. Cavabdehlərin şəxsi təsərrüfatlarında iri-buynuzlu mal-qaraları var və onlar həmin malaranı otlamaq üçün sahəyə buraxırlar. Cavabdehlərin saxladıqları iri-buynuzlu mal-qara şəxsi təsərrüfatlarında olan 3 hektar torpaq sahəsində əkidikləri yoncanı otlamış və yonca sahəsinin 2.60 ha hissəsini yararsız hala salaraq, əkilmiş yoncanın məhv olmasına səbəb olmuşdur. Cavabdehlərin bu səhlənkar hərəkətləri nəticəsində onlara ziyan dəymişdir. Bununla bağlı torpaq sahəsinə müvafiq Dövlət idarəsinin nümayəndələrinin iştirakları ilə baxış keçirilərək akt tərtib edilmişdir. Cavabdehlərə məxsus iri-buynuzlu mal-qaranın otlaması nəticəsində vurulmuş ziyanın qaytarılması ilə əlaqədar cavabdehlərə müraciət edilsə də, dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, atası İddiaçı1 ilə birgə əkdikləri 3 ha torpaq sahəsinə əkilmiş yoncanın 2.60 ha sahəsi cavabdehlərə məxsus heyvanlar tərəfindən məhv edilmişdir. Heyvanlar yoncanın müəyyən hissəsini yemişlər, qalan hissəsini isə tapdalayaraq məhv etmişlər. Baş vermiş hadisə nəticəsində onlara ziyan dəymişdir. Hadisə təxminən 2022-ci ilin sentyabr ayının 27-29 aralığında olmuşdur. Onlara məxsus sahəni yararsız hala salan heyvanlar 41 baş olmuş, onların sahiblərindən biri ilə aralarında razılıq olduğu üçün ondan zərər tələb etmirlər. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehlərdən Cavabdeh1 və X3 tərəfindən dəymiş zərər də ödənilmiş, bu səbəbdən həmin şəxslər cavabdehlər sarasından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş CD diskdəki mal-qara görüntüləri, otlaq sahəsini məhv etmiş mal-qaralardır. Həmin heyvanları otlaq sahəsindən çıxardaraq, özlərinə aid olan sahəyə gətirmiş, bundan sonra mal-qara sahibləri heyvanlarının arxasınca gələrkən onların şəxsiyyət vəsiqələrinin şəkillərini çəkərək, heyvanlarını təhvil vermişdir. İş materiallarına əlavə edilmiş vətəndaşların şəxsiyyət vəsiqələrinin surətləri həmin məsələ ilə bağlı əldə edilmişdir. Heyvanlardan 3 başı Cavabdeh2, 1 başı Cavabdeh3, 3 başı Cavabdeh4, 6 başı Cavabdeh6, 3 başı Cavabdeh7, 11 başı Cavabdeh8 və 2 başı Cavabdeh9 məxsusdur. Ekspert rəyi də onlara zərər dəyməsini sübut edir. Sonda İddiaçı2 iddianın təmin edilməsini xahiş etdi. İddiaçı1 İddiaçı2 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh8 iddianı qismən qəbul edərək, bildirmişdir ki, 11 baş mal-qaranı iddaçılara aid çəpərdən İddiaçı2 şəxsiyyət vəsiqəsinin şəkilini çəkdirməklə çıxartmışdır. Dəymiş ziyana görə 150 manat ödəyə bilər. Hesab edir ki, dəymiş ziyan ona münasibətdə 550 manat olmaz. Cavabdeh8 göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdilər və bunun səbəbləri barədə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat, **********84 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat, **********79 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan görünür ki, Masallı rayonu, Kalinovka kəndində yerləşən müvafiq olaraq 1.09 ha, 1.153 və 0.6353 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələr üzərində İddiaçı2, X8, X6, X7, X2 və X4 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Viləş kənd İƏD-si üzrə nümayəndəsi Alim Ələmov, Viləş ərazi nümayəndəliyinin baş məsləhətçisi-baş mühasib Ağamirzə Kərimov, Viləş Bələdiyyəsinin sədri Elmar Məmmədov, Viləş kənd sakini İddiaçı1 iştirakları ilə tərtib edilmiş 04 oktyabr 2022-ci il tarixli aktdan göstərilir ki, İddiaçı1 Viləş Bələdiyyəsinə müraciət edərək, istifadəsində olan 3.0 ha yonca sahəsinin heyvanlar tərəfindən ziyan vurduğunu bildirmişdir və ziyanın müəyyən edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı1 dediyinə əsasən onun əkdiyi yonca sahəsinə Qədirli kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 məxsus 37 baş iri buynuzlu mal-qara əkdiyi yonca sahəsinə ziyan vurmasını bildirmişdir. Sahəyə baxış keçirilmiş, 3.0 ha sahə başdan-başa gəzilmişdir. Məlum olmuşdur ki, 2.60 ha sahə iri buynuzlu heyvanlar tərəfindən otarılmış, yedizdirilmiş və taptalanaraq yararsız hala salınmışdır. Sahədə mal peyinlərinə rast gəlinmişdir. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Masallı X11 Mərkəzi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli mütəxəssis rəyində göstərilir ki, yonca bitkisi nisbi çoxillik bitkidir. Mövsüm ərzində yonca bitkisinin may ayından sentyabr ayının sonuna kimi 3-4 dəfə biçini həyata keçirilir. Hadisə sentyabr ayında baş verdiyindən həmin vaxta 1 hektar yonca sahəsindən təqribən 120-150 arası yonca bağlaması əldə etmək olar. Sentyabr ayı axırıncı yığım vaxtı olduğundan yonca bitkisinin 1 bağlamasının qiyməti 3-3.5 manat arasında olur. 2.60 hektar yonca sahəsinin məhv edilməsi nəticəsində ***-**** manat arasında ziyan hesablana bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 9/3730 nömrəli ekspert rəyindən görünür ki, 1 ha yonca sahəsindən təqribən 120-150 arası yonca bağlamasının əldə olunması və 1 yonca bağlamasının 3-3.5 manat məbləğində olması nəzərə alınaraq 2.60 hektar yonca sahəsinin məhv edilməsi nəticəsində dəymiş ziyan təxminən 936.0 manat (2.60x120x3) - 1365.0 manat (2.60x150x3.50) olması müəyyən olunur. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. İddiaçılar CD diskdəki görüntülərdə olan mal-qaranı əkdikləri yonca sahəsindən gətirərək, onlara aid çəpərə saldıqlarını bildirmişdilər. Məhkəmə ilk növbədə iş üzrə iddiaçılardan İddiaçı1 torpaq sahələrinin mülkiyyətçisi olmasada; torpaq sahələri İddiaçı2 ilə bərabər digər şəxslərin ümumi birgə mülkiyyətlərində olmalarına baxmayaraq, birgə mülkiyyətçilərdən yalnız sonuncunun iddia qaldırmasına münasibətdə bildirir ki, mübahisənin mahiyyətini vurulmuş zərərin ödənilməsi təşkil edir. İddiaçılar ata və oğuldur, onlar hər ikisi tərəfindən torpaq sahələrinə yonca əkmələrini, cabadehlərin heyvanları tərəfindən əkin sahələrinin yararsız hala salınması nəticəsində onlara zərər dəymələrini iddia edirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisənin mahiyyətini vurulmuş zərərin ödənilməsi təşkil etdiyindən iddiaçıların cavabdehlərə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqları var. Mülki Məcəlləyə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir (maddə 16.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir (maddə 1110). Məhkəmə qeyd edir ki, sadalanan hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcudluğu, bunun təqsirli və qanunsuz hərəkət nəticəsində vurulması, zərərlə belə hərəkət arasında səbəbli əlaqənin olması. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlərə məxsus malqara iddiaçıların yonca əkdikləri sahəyə girərək, 2.60 hektar yonca sahəsini yararsız hala salmışdılar. Həmin hal iddiaçıların özlərinin izahatları, Viləş kənd İƏD-si üzrə nümayəndəsi Alim Ələmov, Viləş ərazi nümayəndəliyinin baş məsləhətçisi-baş mühasib Ağamirzə Kərimov, Viləş Bələdiyyəsinin sədri Elmar Məmmədov, Viləş kənd sakini İddiaçı1 iştirakları ilə tərtib edilmiş 04 oktyabr 2022-ci il tarixli akt, mal-qara sahiblərinin heyvanlarının dalınca gələrkən onların şəxsiyyət vəsiqələrinin şəkilləri iddiaçılar tərəfindən çəkilərək, heyvanların təhvil verilməsi və həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərinin iddia ərizəsinə əlavə edilməsi, işdə olan CD diskdəki görüntülər və əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlərdən Cavabdeh8 məhkəmə iclasında vermiş olduğu izahatı ilə təsdiqini tapır. Mülki qanunvericiliyin göstərilən müddəalarını işin müəyyən olunmuş faktiki hallarına tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların əkdikləri yonca sahələrinin 2.60 ha sahəsinin cabadehlərin heyvanları tərəfindən yararsız hala salınması nəticəsində iddiaçılara zərər vurulduğundan cavabdehlərin bununla bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də iddiaçılara dəymiş zərər cavabdehlər tərəfindən ödənilməlidir. Məhkəmə zərərin məbləğinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 9/3730 nömrəli ekspert rəyindən görünür ki, 1 ha yonca sahəsindən təqribən 120-150 arası yonca bağlamasının əldə olunması və 1 yonca bağlamasının 3-3.5 manat məbləğində olması nəzərə alınaraq 2.60 hektar yonca sahəsinin məhv edilməsi nəticəsində dəymiş ziyan təxminən 936.0 - 1365.0 manat olması müəyyən olunur. İşdə olan sübutlara əsasən vurulmuş zərərin məhz 1365 manat müəyyən edilməsi üçün əsas yoxdur. Bu səbəbdən vurulmuş zərərin məbləği kimi 936.0 manat müəyyən edilməlidir. Heyvanlardan 3 başı Cavabdeh2, 1 başı Cavabdeh3, 3 başı Cavabdeh4, 6 başı Cavabdeh6, 3 başı Cavabdeh7, 11 başı Cavabdeh8 və 2 başı Cavabdeh9 məxsus olmasını və 2.60 ha sahəyə 41 baş malın zərər vurmasını nəzərə aldıqda vurulmuş zərər (936:41=22.83 manat, 1 baş inəyin vurduğu zərər) Cavabdeh2 münasibtdə 68.49 manat, Cavabdeh3 münasibətdə 22.83 manat, Cavabdeh4 münasibətdə 68.49 manat, Cavabdeh6 münasibətdə 136.98 manat, Cavabdeh7 münasibətdə 68.49 manat, Cavabdeh8 münasibətdə 251.13 manat və Cavabdeh9 münasibətdə 45.66 manat məbləğində müəyyən edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehlərə, 20 manatı isə iddiaçının özünə aid edilməli, ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 68.49 manat, Cavabdeh3 22.83 manat, Cavabdeh4 68.49 manat, Cavabdeh6 136.98 manat, Cavabdeh7 68.49 manat, Cavabdeh8 251.13 manat və Cavabdeh9 45.66 manat məbləğində pul tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində Cavabdeh2 3.1 manat, Cavabdeh3 1.03 manat, Cavabdeh4 3.1 manat, Cavabdeh6 6.21 manat, Cavabdeh7 3.1 manat, Cavabdeh8 11.38 manat və Cavabdeh9 2.08 manat məbləğində pul tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 50 manat məbləğində pul vəsaitinin 5.17 manatı Cavabdeh2, 1.72 manatı Cavabdeh3, 5.17 manatı Cavabdeh4, 10.35 manatı Cavabdeh6, 5.17 manatı Cavabdeh7, 18.97 manatı Cavabdeh8 və 3.45 manatı Cavabdeh9 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-98/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-98/2023
11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver