Məhkəmə qərarları › İş №2(050)-985/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-985/2024

12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-985/2024 12.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobil qəzası hadisəsi nəticəsində avtomobilinə dəymiş 3413 (üç min dörd yüz on üç) manat dəyərində zərərin, 180 manat dəyərində cərimənin və ödənilmiş 55.93 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Masallı şəhərində qeydiyatda olmaqla yaşayır. Mülkiyyətində olan VAZ 2106 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə əsasında Cavabdeh vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Cavabdeh avtomobilini elektrik dirəyinə vuraraq qəza törətmişdir. Ona bu barədə Masallı rayon polis əməkdaşları tərəfindən protokol və protokol əsasında qərar yazılmışdır. Hadisə nəticəsində onun avtomobilinin kapotu, kapot zamoku, kapot mənşəyi, panel, alın şüşə, bamper, fara, radiator barmağlığı, bamperin klıkı, qanad, qapı, rulşturval, şit, salon güzgüsü, diski, təkər, alt-üst tarelka, tyaqa, traves, mühərrik yastığı, amartzator, radiyator, lops, siqnal, bakavini məhv olmuş, sadaladığı hissələr dəyişilməli və onların dəyəri 1678 manat etmişdir. Bu hissələrin dəyişilməsinə görə ustalara zəhmət haqqı 1735 manat etmişdir. Avtomobilinə ümumi dəyən ziyan 3413 manat təşkil etmişdir. Avtomobilini elektrik dirəyinə vurduğuna görə sığorta pulu ala bilməmişdir. Həmçinin avtomobili ilə 2023-cü ilin müxtəlif vaxtlarında yol hərəkəti haqqında qanunun maddələrini pozaraq barəsində protokollar tərtib edilmiş və 180 cərimə olunmuşdur. Həmin cərimələr avtomobilinin üzərində qalmaqdadır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçıya vurmuş olduğu maddi ziyanı hazırda olan sağlamlıq problemlərinə görə ödəyə bilmir. Lakin ziyanın ödənilməsindən yayınmır və gələcəkdə ödəyəcəkdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə Cavabdeh barəsində cinayət İşinin başlanılması rədd edilməsi, Bundan başqa, 10 oktyabr 2023-cü il tarixdə Cavabdeh Abdulsamad oğlunun ehtiyatsızlıqdan törətmiş olduğu yol-nəqliyyat hadisəsi zamanı sərnişin Cabbarova Gülnar Hicran qızının sağlamlığına yüngül zərərvurmaya aid olan bədən xəsarətləri alması faktı üzrə Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.8 və 328.2-ci maddələrinin, yəni, həmin Məcəllənin 327.1-327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşma inzibati xəta əməlinin tərkib əlamətləri mövcüd olduğundan Cavabdeh barəsində həmin maddələr ilə tədbir görülməsindən ötrü qəbul olunmuş qərarın surəti Masallı RPŞ-nin DYPB-na göndərilməsi qərara alınmışdır. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, aparılmış tam, hərtərəfli və obyektiv araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 10 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində Masallı rayonu Çaxırlı kəndi ərazisində Masallı şəhər sakini Cavabdeh B,C kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi "VAZ-21061 minik" markalı **-BN-*** dövat qeydiyyat nişanlı avtomobil ilə saatda 80-90 kilometr surətlə Çaxırlı kəndindən üzü Cəlilabad rayonu istiqamətində hərəkətdə olarkən hərəkət istiqamətinində yolun sağ kənarında yerləşən məhəllə yoldan qarşısına markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan minik avtomobili çıxmış, Cavabdeh həmin avtomobil ilə toqquşmadan yayınmaq üçün qarşı hərəkət zolağına çıxaraq idarə etməni itirdiyindən ehtiyatsızlıqdan yolun ehtiyat hissəsində yerləşən ağac dirəyə avtomobilinin ön hissəsini vurmuş, nəticədə özünün sağlamlığına AZ AĞİR zərərvurmaya aid olan bədən xəsarətləri, avtomobilin arxa sərnişin oturacağında olan sərnişin Cabbarova Gülnar Hicran qızının sağlamlığına YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Masallı RPŞ-nin xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 327.8-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan “Avtoservis” T.X.S Masallı tərəfindən verilmiş 30 yanvar 2024cü il tarixli, 1844 nömrəli arayışdan görünür ki, “VAZ 2106” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomaşına cəmi 3413 (üç min dörd yüz on üç) manat məbləğində zərər dəymişdir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Həmçini məhkəmə “180 manat dəyərində cərimənin əvəzinin ödənilməsi” hissəsində qeyd edir ki, hazırkı iddia üzrə iddiaçı qeyd edilən cərimənin tətbiq edilməsi və ya ödənilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3413 (üç min dörd yüz on üç) manat maddi ziyan məbləği və 55.93 (əlli beş, doxsan üç) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3413 (üç min dörd yüz on üç) manat maddi ziyan məbləği və 55.93 (əlli beş, doxsan üç) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar