Məhkəmə qərarları › İş №2(050)-99/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-99/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-99/2025 28.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Cavabdeh ilə aralarında bağlanmış 26 mart 2022-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə 100.000 (bir yüz min) manat borc pul vermişdir. Həmin müqavilənin şərtlərinə görə cavabdeh aldığı borcu 1 (bir) il müddətinə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliklərini bu günə kimi icra etməyərək, borcunu qaytarmamışdır. Cavabdehə həmin pulun qaytarılması ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh ondan almış olduğu 100.000 manat puldan bu günə kimi bir qəpik belə qaytarmamışdır. Cavabdeh pulu ona qəsdən qaytarmaq istəməmişdir. Odur ki, yuxarıdakıları nəzərə alıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin onu da qeyd edir ki, 29 avqust 2022-ci il tarixdə, saat 12:10-da Masallı rayonu, Həsənli kəndində yerləşən fərdi yaşayış evinin həyətində saxlanılmış, “Baku Leasing" MMC-yə məxsus, müqavilə əsasında ailəsinin istifadəsinə verilmiş “Toyota Land-Cruiser” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğın hadisəsi ilə əlaqədar avtomobildə olan bir çox sənədlər yanaraq, yararsız hala düşmüşdür. Eləcə də hazırkı iş üzrə təqdim edilmiş borc müqaviləsinin də bir hissəsi yanmışdır. Qeyd edir ki, yanğınla bağlı akt tərtib olunmuş və FHN-nin Əməliyyat-İstintaq İdarəsində araşdırılma aparılmışdır. İddiaçının tələbi: Cavabdeh 100.000 (bir yüz min) manat borc pulun və 390 (üç yüz doxsan) manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin iddiaya münasibəti: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, pul tələbinə dair 2(050)-3144/2024 nömrəli iş məhkəmənin icraatındadır. İş üzrə İddiaçı iddia tələbi nəinki əsassız və qanunsuzdur, hətta böhtan xarakterlidir. Belə ki, Cavabdehla İddiaçı arasında heç vaxt borc müqaviləsi bağlanmamış, nə İddiaçı nə də ki, onun ailə üzvləri nəinki 100.000 manat, heç 1 manat belə Cavabdeh borc pul verməmişdir. Belə ki, cavabdeh iddiaçının əri Bəxtiyar Hüseynovla cari ilin mart ayında Masallı şəhərində dostu Rasim Tağıyev və Masallı rayon icra şöbəsinin əməkdaşı Emin adlı şəxslə birlikdə tamam başqa bir işlə əlaqədar görüşmüşlər. İddiaçının əri Mirzağanı və dostunu inandırmışdır ki, Mirzağanın dostu RasimTağıyevlə Elçin Mirzəyev arasında olan borc münasibətlərinin xitam verilməsinə nail olacaqdır. Bunun üçün onlar boş bir vərəqə imza atmalı və 3000 manat ilkin ödəniş etməlidirlər. Bəxtiyar Hüseynovu həmin görüşə Masallı rayon icra şöbəsinin əməkdaşı Emin adlı şəxs çağırmış və məhz bu səbəbdən onlar Bəxtiyar Hüseynova inanıb boş vərəqlərə imza atmış, sonradan başa düşmüşlər ki, onlara qarşı məkrli plan qurulmuşdur. Tələb olunan borca gəldikdə, iddiaçı iddia edir ki, xx.xx.2022-ci il tarixdə 100.000 manat borca pul vermiş və guya dəfələrlə bu pulu tələb etməsinə baxmayaraq Cavabdeh pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Lakin Cavabdeh iddiaçını və onun ərini əvvələr bir neçə dəfə mağazada görmüş və onlarla heç vaxt yaxın münasibətdə olmamış, yalnız 2024-cü ilin mart ayında iddiaçının ərinin telefon nömrəsini əldə etmişdir. Cari ilin mart ayınadək nə İddiaçı, nə də ki, onun əri Bəxtiyar Hüseynovun telefon nömrələrini bilməmişdir. Onlar da Cavabdeh telefon nömrəsinə bu tarixədək bircə dəfə də olsun nə zəng etmiş, nə də ki, mesaj göndərmişlər. Elə təkcə bu halın özü onu təsdiq edir ki, borc müqaviləsi sonradan, Mirzağanın boş vərəqə imza atmasından sonra tərtib edilmiş və bu müqavilənin tərtib olunmasında və imzalanmasında Cavabdeh iştirak etməmişdir. Daha sonra 08 oktyabr 2024-cü il tarixli Etiraza əlavə olaraq aşağıdakıları məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdə, saat 12:10-da, Masallı rayonu Həsənli kəndində yerləşən fərdi yaşayış evinin həyətində saxlanılmış "xxxx" MMC-yə məxsus “X14” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın hadisəsinin baş verdiyini, avtomobildə olan bir çox sənədlərin yanaraq, yararsız hala düşdüyünü, hazırki iş üzrə təqdim edilmiş borc müqaviləsinin də bir hissəsinin yandığını, yanğınla bağlı FHN-nin Əməliyyat İstintaq- İdarəsində araşdırma aparıldığını və bununla əlaqədar akt tərtib olunduğunu qeyd etmişdir. Lakin iddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi 31 avqust 2022-ci il tarixli Yanğın haqqında Akta nəzər saldıqda aydın olmuşdur ki, Aktın 5-ci bəndində yanğın nəticəsində avtomobildə yanaraq yararsız hala düşmüş sənədlərin tam siyahısı sadalanmış (İddiaçı məxsus əlillik vəsiqəsi və şəxsiyyət vəsiqəsi, Hüseynov Bəxtiyara məxsus şəxsiyyət vəsiqəsi, Hüseynzadə Dilarəyə, Hüseynzadə Zeynəbə məxsus şəxsiyyət vəsiqəsi) və bu sənədlər arasında nə borc müqaviləsi, nə də ki, Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi olmamışdır. X15 Regional DNYİ-nin böyük inspektoru daxili xidmət mayoru X12, Masallı rayonu, Həsənli kənd sakini X5 və X2 iştirakı ilə tərtib edilmiş və müvafiq olaraq həmin şəxslərin imzaları ilə təsdiq edilmişdir. Həm bu fakt, həm də cavabdeh tərəfindən iddiaçıdan hansısa məbləğdə pulun qəbuluna dair heç bir təsdiqedici sənədin olmaması onu təsdiq edir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır və ona görə də rədd olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən borc müqaviləsi imzalanmışdır və imzanın cavabdehə məxsus olması onun özü tərəfindən də etiraf edilir. Bu da onu göstərir ki, Cavabdeh şəxsi iradə ifadəsi ilə borc müqaviləsi bağlamış, müqavilədə göstərildiyi kimi 100.000 manat məbləğində pulu İddiaçı borc almışdır. Müqavilə bağlanarkən cavabdehə hər hansı fiziki zor tətbiq edilməmiş, hədə-qorxu gəlinməmiş, cavabdeh anlaqlı vəziyyətdə olmuşdur. Borcun qaytarılmasına dair hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən dəfələrlə cavabdehə xəbərdarlıq edilmiş, lakin bu xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Bundan əlavə əvvəlki məhkəmə iclasında səsyazılar dinlənərkən, onun Bəxtiyar Hüseynovun səsini tanıdığına dair qarşı tərəfin iddiasına əsasən bildirmişdir ki, onun Bəxtiyar Hüseynovla davamlı münasibəti olmayıb, həmçinin o, bu sahə üzrə mütəxəssis deyildir. Bəxtiyarın səsini tanıması mümkünsüzdür. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Həmçinin məhkəməyə təqdim edilmiş borc müqaviləsindəki əlyazı ilə vətəndaş X6 tərəfindən təqdim edilmiş ərizədəki imza eynilik təşkil edir. Hesab edir ki, müqavilə İddiaçı şəxsən özü tərəfindən imzalanmamışdır. Həmçinin yanğın aktında yanmış sənədlərin siyahısı təqdim edilmişdir. Borc müqaviləsi və hüquqlarını müdafiə etdiyi şəxsin şəxsiyyət vəsiqəsi həmin sənədlər arasında göstərilməmişdir. Cavabdeh müqavilədəki imzanın ona məxsus olmasını danmır. Lakin Cavabdeh ilə İddiaçı arasında hər hansı borc münasibətləri olmamışdır. Cavabdeh Hüseynov Bəxtiyarı tanımış, aralarında olan razılaşmaya əsasən Cavabdeh başqa hüquq münasibətləri üzrə digər şəxsin sonuncuya borcunun olmasına şahid kimi sənədi imzalamış, sənədə imza çəkərkən, onun məzmununu bilməmişdir. Buna dair səs yazılar sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən borcun geri tələb edilməsinə dair hər hansı sübut da təqdim edilməmişdir. İş materiallarında olan: Masallı rayon Polis şöbəsinin TB-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmişdir. Araşdırma zamanı alınmış Cavabdeh izahatında onun İddiaçı 100.000 manat məbləğində borc alması təkzib edilmiş, ümumiyyətlə onunla müqavilə bağlamamış, müqavilə bağlandığı tarixdə İddiaçı ilə görüşməmişdir. xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 100.000 manat məbləğində borc verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı Emin Əliyevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 29 avqust 2022-ci il tarixdə, saat 12:10-da Masallı rayonu, Həsənli kəndində yerləşən X3 məxsus fərdi yaşayış evinin həyətində saxlanılmış, "xxxx" MMC-yə məxsus, müqavilə əsasında X4 istifadəsinə verilmiş “Toyota Land-Cruiser” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli “yanğın haqqında akt”dan görünür ki, yanğın zamanı avtomobildə olan vətəndaşlara məxsus İddiaçı əlillik və şəxsiyyət vəsiqəsi, Hüseynov Bəxtiyara məxsus şəxsiyyət vəsiqəsi, Hüseynzadə Dilarə və Hüseynzadə Zeynəbə məxsus şəxsiyyət vəsiqəsi və təqaüd anketi yanaraq istifadəyə yararsız hala düşmüşdür. Diskdə olan səs yazının 17-ci dəqiqə 20-ci saniyəsindən başlayaraq Cavabdeh və Bəxtiyar Hüseynov arasında olan söhbətin məğzindən görünür ki, Cavabdeh Bəxtiyar Hüseynovdan imza çəkdiyi yüz minlik müqavilənin nə olduğunu soruşur, onu cırıb atmasını xahiş edir, Bəxtiyar Hüseynov isə ona 100.000 (bir yüz min) manat pulun digər şəxsə borc verilməsinə dair şahid durması ilə bağlı imza atdığını bildirir. İş materiallarına səs yazılarla bağlı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi yazılı mətn əlavə edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-121/2025 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X1 1500 manat pul vəsaiti, 300 manat vəkilə və order markasına ödənilən haqq, cəmi 1800 manat pul və dövlət rüsumu kimi ödənilmiş 41,50 manat məbləğində pul vəsaitinin 38 manat məbləğində hissəsi tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 390 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq və işə baxılan məhkəmənin mövqeyi. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh 100.000 manat məbləğində borca pul verdiyini iddia edir. Belə ki, iddiaçı məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixli Borc müqaviləsinə əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı iddia ərizəsi üzrə işin halları tam, hərtərəfli və obyektiv araşdırılarkən müəyyən edilmiş hallar və qiymətləndirilən sübutlarla müəyyən edilir: İddiaçı tərəfindən 100.000 manat məbləğində borcun cavabdehə verilməsi iddia edilsə də, həmin pulun cavabdehə verilib-verilməmiş olması, həmçinin əgər verilibsə harada, konkret olaraq nə zaman verilməsi müəyyən deyildir. İddiaçının nümayədəsi və vəkili tərəfindən borc məbləğinin dəfələrlə cavabdehdən tələb edildiyi bildirilsə də, buna dair hər hansı səsyazı, yazışma və s. növ sübutun məhkəməyə təqdim edilməməsi tərəflər arasında real borc münasibətləri olmasının şübhə altına alınmasına səbəb olan hallardan biridir. Müqavilə üzrə borc məbləğinin kifayət qədər yüksək olması, 2022-ci ilin mart ayında müqavilə bağlanmasına baxmayaraq məhkəməyə müraciət edildiyi vaxtadək 2 ildən çox müddət ərzində cavabdeh tərəfindən heç bir ödənişin olmadığı halda qarşı tərəfin pulunu tələb etməməsi ağlabatan hesab edilmir. Həmçinin cavabdeh tərəf qarşı tərəflə aralarında borc münasibətlərinin olmadığını, hazırki əqdi imzalayarkən onun 100.000 manat borc alması ilə bağlı deyil, başqa şəxsin iddiaçıya borclu olmasına dair şahidlik etməsi ilə bağlı əqd olduğunu hesab etməklə yanılmışdır. Buna dair cavabdeh tərəfindən səs yazısı və onun mətni təqdim edilmiş, həmin səs yazıdan da Cavabdeh İddiaçı əri Bəxtiyar Hüseynovla 100.000 manat pulun Rasim adlı şəxsə verilməsi ilə bağlı şahidlik edilməsinə dair sənədə imza atması haqqında danışılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən borc müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüququ münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd başa düşülür. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Qeyd olunan qərardan belə müəyyən olunur ki, müqavilə üzrə tələblərə baxılarkən həmin müqavilənin etibarlılığının yoxlanılması işə baxana məhkəmə tərəfindən həyata keçirilməlidir. Müqavilənin ayrıca iddia tələbi ilə mübahisələndirilməsi sonradan eyni tərəflər arasında və eyni predmet barəsində müxtəlif məhkəmələrin icratında əlaqəli mülki işlərin olmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyi baxımından məhkəmə ilk növbədə iddiaçının iddianın əsaslılığını təsdiq edən sübut növü kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixli Borc müqaviləsinin etibarlılığına qiymət verilməli olmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının:

17. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

21. Əqdi bağlayan şəxsin iradəsi zədələndikdə isə belə əqdlər mübahisə edilən əqdlər sayılır. İradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin qərarında tərəfin iradə ifadəsinin hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində zədələnmiş olduğu hallarda əqdlərin mübahisələndirilməklə etibarsız hala gəldiyi qeyd edilmiş və bununla da mübahisə edilən əqdlərin dairəsi göstərilmişdir. Bu növ etibarsız əqdləri digər etibarsızlıq hallarından fərqləndirən mühüm xüsusiyyət odur ki, iradəsi zədələnmiş şəxs əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə qanunda nəzərdə tutulan müddətlərdə (Mülki Məcəllə, maddə 354.2) əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Başqa sözlə, bu halda iradə qüsurlu olsa belə, hüquqi baxımdan tanınan etibarlılıq, mübahisələndirmə ilə pozulmuş olur (pozula bilən etibarlılıq). Mübahisələndirmə isə geriyə şamil olunaraq əqdin bağlandığı andan etibarsız sayılmasını təmin edir.

31. Bir daha qeyd edilməlidir ki, mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur

33. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında etibarlı borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır. İş üzrə sübut qismində təqim edilmiş borc müqaviləsi Cavabdeh yanılma nəticəsində arzulamadığı əqdi bağlaması kimi qiymətləndirilməli, müqavilə etibarsız hesab edilməlidir. Bundan əlavə məhkəmə mülki işin araşdırılması zamanı müəyyən edilmiş digər hallara da nəzərə yetirməyi zəruri hesab edir: İddiaçı əri vətəndaş X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə ərizənin surətini nəzərdən keçirərkən ərizədəki əlyazının borc müqaviləsindəki əlyazma ilə aydın şəkildə eynilik təşkil etdiyini müəyyən etmiş, bu sahədə əlavə ekspert rəyinin alınmasına zərurət olmadığını hesab etmişdir. Həmçinin bu hal hazırki iş üzrə sübut kimi təqdim edilmiş əqdin İddiaçı ilə Cavabdeh arasında bağlanmış olmasını bir daha şübhə altına almaqla, məhkəməyə təqdim edilmiş səs yazının əsas götürülməklə əqdin yanılma ilə bağlanması halının reallığını sübuta yetirmişdir. Həmçinin məhkəməyə sübut kimi təqdim edilmiş borc müqaviləsi və hər iki tərəfin şəxsiyyət vəsiqəsinin surətlərinin kənarları yanmış formada olmuş və iddiaçı tərəfindən bu hal “Baku Leasing" MMC-yə məxsus, müqavilə əsasında ailəsinin istifadəsinə verilmiş “Toyota Land-Cruiser” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğın hadisəsi ilə əlaqələndirilmiş, buna dair cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və yanğın aktı iş materiallarına əlavə edilmişdir. Lakin qeyd edilən yanğın aktı məhkəmə tərəfindən nəzərdən keçirilərkən həmin aktda yanğın hadisəsi zamanı zərər görmüş sənədlər arasında İddiaçı əlillik və şəxsiyyət vəsiqəsi, Hüseynov Bəxtiyara məxsus şəxsiyyət vəsiqəsi, Hüseynzadə Dilarə və Hüseynzadə Zeynəbə məxsus şəxsiyyət vəsiqəsi və təqaüd anketinin olması göstərilmiş, iddia ərizəsində göstərilənin əksinə olaraq hazırki iş üzrə əsas hüquqmüəyyənedici sənəd olan borc müqaviləsi və Cavabdeh şəxsiyyət vəsiqəsinin olması göstərilməmişdir. Qeyd edilən akt həmçinin iddiaçının əri X6 tərəfindən imzalanmışdır. Bundan əlavə məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi təqdim edilərkən iddiaçı tərəfindən iş materiallarına yanğın aktında qeyd edilmiş kənarları yanaraq zədələnmiş şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Lakin elektron informasiya sistemindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə yeni şəxsiyyət vəsiqəsi almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən ödənilmiş 390 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 390 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar