Məhkəmə qərarları › İş №2(051)-1020/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1020/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1020/2022 26.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 29.01.2009-cü il tarixdə doğulmuş Hünər və 07.12.2012-ci il tarixdə doğulmuş Uğur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 29.04.2021–cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh oğlu ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 29.01.2009-cü il tarixdə Hünər və 07.12.2012-ci il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(051)-814/2021 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, 260 manat s a b i t p u l məbləğində alimentin cavabdehdən a l ı n ı b o n a v e r i l m ə s i q ə t e d i l m i ş d i r. Cavabdeh son vaxtlar alimenti vaxtında ödəmir, buna görə də bir neçə yüz manat aliment borcu yranmışdır. L a k i n u ş a q l a r böyüdükcə, onların tələbatları da artır. Uşaqları orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş , ancaq buna baxmayaraq məhkəməyə etiraz ərizəsi yollayaraq, əvvəlki qətnamə ilə müqayisədə əmək haqqında hər hansı artımın olmamasını, buna görə də yeni iddianın təmin olunmamasnı xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh oğlunun birgə nikahından 29.01.2009-cü il tarixdə Hünər və 07.12.2012-ci il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(051)-814/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh oğlu arasındakı birgə nikahdan doğulmuş Hünər və Uğur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, 260 manat məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İşdə olan portaldan çıxarışdan görünür ki, İddiaçı əmək haqqı 936 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından 29.01.2009-cü il tarixdə Hünər və 07.12.2012-ci il tarixdə Uğur adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(051)-814/2021 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məblığində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaqlar ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. İki uşaq üçün ödənilən cəmi 193 manat aliment məbləği uşaqların əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaların üstün mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşaqlarına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər uşaq üçün 130 manat olmaqla, 260 manat məbləğində alimentin cavabdehdən alınması, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay hər uşaq üçün 145 manat olmaqla, cəmi 290 manat sabit pul məbləğində müəyyən edilməsini uşaqların mənafeyinə uyğun hesab edir. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 145 manat olmaqla, 290 manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 29.01.2009-cü il tarixdə doğulmuş Hünər və 07.12.2012-ci il tarixdə doğulmuş Uğur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 29.04.2021-ci il tarixli 2(051)-814/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 145 (bir yüz qırx beş ) manat olmaqla, cəmi 290 (iki yüz doxsan) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh oğlundan alınıb İddiaçı qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar