Məhkəmə qərarları › İş №2(051)-1025/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1025/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1025/2021 03.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqviləsinin ləğv edilməsi və kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqviləsinin ləğv edilməsi və kredit borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2019-cu il tarixli BAKU2- 301-2365 saylı kredit müqaviləsi əsasında cavabdehə illik 1% dərəcəsi ilə 60 ay müddətinə 9101.80 manat kredit vermişdir. Kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 16.12.2019cu il tarixli BAKU2-301-2365+Baku1-40525 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, nəticədə cavabdehin 9101.80 manat əsas borc, 124.10 manat manat faiz borcu olmaqla, cəmi 9225.90 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2019-cu il tarixli, BAKU2-301-2365 saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən alınaraq BOKT "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2019-cu il tarixli BAKU2-301-2365 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC Cavabdeh1 60 ay müddətinə 9101.80 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti və kredit üzrə hesablanacaq faiz və cərimələri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 16.12.2019-cu il tarixli BAKU2-301-2365+Baku1-40525 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 9101.80 manat əsas borc və 124.10 manat faiz borc olmaqla, cəmi 9225.90 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2019-cu il tarixli BAKU2- 301-2365 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən 9101.80 manat əsas borc və 124.10 manat faiz borc olmaqla, cəmi 9225.90 manat kredit borcu müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC -nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 30 manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 238-253 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə, Qət etdi: İddia təmin olunsun. İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2019-cu il tarixli BAKU2-301-2365 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9101.80 (doqquz min bir yüz bir manat səskən qəpik) manat əsas borc və 124.10 (ir yüz iyirmi dörd manat on qəpik) manat faiz borc olmaqla, cəmi 9225.90 (doqquz min iki yüz iyirmi beş manat doxsan qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat müştərək qaydada alınıb iddiaçı BOKT "xxxx" MMC -yə verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar