Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1039/2022 04.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «Borcun, mənəvi və maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə Mingəçevir şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 10200 (on min iki yüz) manat pulun, 1400 (bir min dörd yüz) manat faizin, 2000 (iki min) manat əldən çıxmış faydanın, 5000 (beş min) manat mənəvi ziyanın, cəmi 18600 (on səkkiz min altı yüz) manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, uzun illər DİN-də işləmişdir, polis zabitidir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. Cavabdeh ilə qohumdurlar, əvvəllər yaxşı münasibətləri olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə başlamış ikinci Qarabağ müharibəsində Ağdam rayonu cəbhə bölgəsi olduğu üçün cavabdeh ona Mingəçevir şəhərində kirayə ev tutmağı təklif etmiş və onun etibarını qazanmağa başlamışdır. Cavabdeh onun etibarından istifadə edərək 10200 manat pulunu mənimsəmişdir. Bununla əlaqədar Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Cavabdeh ona pul borclu olmasını polis şöbəsində verdiyi ifadəsində də bildirmişdir. Hazırda cavabdeh əldə etdiyi pulu qaytarmaqdan imtina edir. Dəfələrlə cavabdehdən borclu olduğu pulu qaytarması tələb olunsa da heç bir nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Cavabdehin hərəkətləri nəticəsində xeyli pul itirmişdir. Belə ki, sözügedən pulu borca faizlə almış, hazırda cavabdehin borclu olduğu pula görə faizini də ödəməsini tələb edir. İki il ərzində həmin pulu banka depozitə qoysaydı, ən azı illik 10-15 % miqdarında xeyir götürərdi. Buna görə də cavabdehdən əldən çıxmış faydanın da ödənilməsini tələb edir. Bundan əlavə cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanla bərabər mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdeh ona mesaj yazaraq borcunu bank vasitəsi ilə göndərdiyini bildirmiş, o, mesajda qeyd edilən banka gedəndən sonra cavabdehin onu aldatdığını başa düşmüşdür. Bundan əlavə cavabdeh dəfələrlə ona “WhatsApp” vasitəsi ilə nalayiq ifadələr, deyiləsi mümkün olmayan söyüşlər yazmış, nəticədə mənəvi sarsıntı və əsəb keçirmiş, xeyli müalicə olunmuşdur. Cavabdeh ağır söyüşlərlə mesajlar göndərərək onu təhqir edib alçaltmışdır, nəticədə o, mənəvi əzab çəkmişdir. Buna görə də Cavabdeh 10200 (on min iki yüz) manat pulun, 1400 (bir min dörd yüz) manat faizin, 2000 (iki min) manat əldən çıxmış faydanın, 5000 (beş min) manat mənəvi ziyanın, cəmi 18600 (on səkkiz min altı yüz) manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı onun qohumudur. Əvvəllər münasibətləri normal olsa da, son dövrlərdə iddiaçıya borclu olduğuna görə aralarında mübahisələr olmuş, münasibətləri korlanmışdır. O, İddiaçı ümumilikdə 7900 manat nağd pul borc almış, 2500 manat pul isə avtomobilinə vurduğuna görə çəkilmiş xərcdir. Aldığı borc pulların isə xeyli hissəsini İddiaçı özünə xərcləmişdir. İddianın təmin olunmamasını xahiş edir. İşə əlavə olunmuş Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” haqqında 03 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizasının 19 avqust 2022-ci il tarixli, 4/1105 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Cavabdeh tərəfindən yazılmış izahatda İddiaçı iddia etdiyi kimi pulunun oğurlanmadığını, Nicatı həbs etdirmək üçün yalan danışdığını bildirən məlumat öz təsdiqini tapmadığı halda İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab oluna bilər. Cavabdeh tərəfindən “WhatsApp” proqramında yazılmış mesajlarda çoxsaylı nalayiq məzmunlu, təkrarlanması və istifadəsi məqbul hesab edilməyən söyüşlər İddiaçı şərəf və ləyaqətini nalayiq şəkildə ləkələyən söz və ifadələr hesab edilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı tələbində Cavabdeh 10200 (on min iki yüz) manat pulun alınıb ona verilməsini tələb etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddianı qismən qəbul edərək İddiaçı ümumilikdə 7900 manat nağd pul borc aldığını, lakin 2500 manat pulun isə avtomobilinə vurduğuna görə çəkilmiş xərc olduğunu bildirmişdir. Cavabdeh Mingəçevir ŞPŞ-də verdiyi izahatında da iddiaçıya 10200 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh iddiaçıdan borc almış olduğu pulun çox hissəsini iddiaçının özünə xərclədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia 10200 manat pul tələbinə dair hissədə təmin olunmalı, 10200 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddiaçı, həmçinin, tələbində cavabdehin hərəkətləri nəticəsində ona 5000 (beş min) manat məbləğində mənəvi ziyan vurulduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər-insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizasının rəyində göstərilir ki, Cavabdeh tərəfindən yazılmış izahatda İddiaçı iddia etdiyi kimi pulunun oğurlanmadığını, Nicatı həbs etdirmək üçün yalan danışdığını bildirən məlumat öz təsdiqini tapmadığı halda İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab oluna bilər. Cavabdeh tərəfindən “WhatsApp” proqramında yazılmış mesajlarda çoxsaylı nalayiq məzmunlu, təkrarlanması və istifadəsi məqbul hesab edilməyən söyüşlər İddiaçı şərəf və ləyaqətini nalayiq şəkildə ləkələyən söz və ifadələr hesab edilir. Cavabdeh həmin hissədə də iddianı təkzib edən sübutu məhkəməyə təqdim etmədi. Məhkəmə ekspertizanın rəyini sübut kimi qəbul edərək, iddiaçının yaşını, cavabdehin hərəkətləri nəticəsində sarsıntı keçirməsini nəzərə alaraq hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi tələbində haqlıdır. Lakin iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehdən 500 (beş yüz) manat alınıb mənəvi zərərin əvəzi olaraq iddiaçıya verilməlidir. İddiaçı tələbində Cavabdeh 1400 (bir min dörd yüz) manat faizin, 2000 (iki min) əldən çıxmış faydanın alınıb ona verilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmamalıdır. Belə ki, cavabdehin iddiaçıya 1400 (bir min dörd yüz) manat faiz ödəməsi, həmçinin, iddiaçının pulu özündə saxlayıb banka depozitə qoysaydı, həmin puldan illik 10-15 % miqdarında xeyir götürəcəyi, 2000 (iki min) əldən çıxmış fayda iş materialları ilə öz əksini tapmamış, məhkəməyə sübutlar təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Cavabdeh alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 10200 (on min iki yüz) manat pul, mənəvi ziyanın əvəzi olaraq 500 (beş yüz) manat, cəmi 10700 (on min yeddi yüz) manat pul alınıb İddiaçı verilsin. İddia 1400 (bir min dörd yüz) manat faiz, 2000 (iki min) manat əldən çıxmış faydanın ödənilməsi tələbinə dair hissədə təmin olunmasın. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Cavabdeh alınıb aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci SAP (XİİS) hesabı, X3 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, HESAB AZ34CTRE******************** Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1039/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1039/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver