Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-105/2023 09.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 32850 manat məbləğində pulun və ödənilmiş 188.55 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək olaraq göstərmişdir ki, Cavabdeh ilə 2019-cu il ərzində avtomobil alqı-satqısı və kağız istehsalı ilə məşğul olacaqları və əldə ediləcək qazancı bərabər böləcəkləri barədə aralarında razılaşmışlar. Bundan sonra o, hissə-hissə olmaqla Cavabdeh 35000 manat pul vermiş, lakin cavabdeh vədinə əməl etməmiş, ticarətlə məşğul olmamaqla bərabər müəyyən bəhanələr gətirib pulu mənimsəmişdir. Daha sonra o, Binəqədi RPİ-nin istintaq şöbəsinə onun dələduzluğa məruz qalması ilə bağlı müraciət etmişdir. Sonuncu araşdırma aparan Binəqədi RPŞ-nin istintaq bölməsi onu şöbəyə təkrar dəvət etmiş və cavabdehin hal-hazırda pulu geri qaytarmasında çətinlik çəkdiyini, lakin tezlikdə torpağı satıb pulunu geri qaytarmasına söz verdiyini bildirmişdir. Bakı şəhər polis idarəsinin istintaq idarəsi cavabdehin anasına məxsus Mingəçevir şəhərində yerləşən 0.55 hektar torpaq sahəsini ona borc pulun əvəzinə təklif etsə də, o, razılaşmamışdır və həmin torpaq sahəsinin heç bir perspektivinin olmadığını bildirmişdir. Binəqədi RPŞİ tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh xx.xx.2022- ci il tarixli qəbzlə ona borcu olmasını yazılı şəkildə etiraf etmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməyərək 35000 manat puldan yalnız 2150 AZN qaytararaq, qalan 32850 manat məbləğində pulun müəyyənləşdirilən müddətdə qaytarılmasına əməl etməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia qəbul etmiş və o barədə məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı 2011-ci il tarixdə tanıyır. Özü 2009-cu ildən avtomobil alveri ilə məşğul olur. 2018-ci ildə iddiaçı ona avtomobil alqı-satqısı ilə məşğul olmağı təklif etmiş və 20.000 manat pulunun olduğunu bildirmişdir. O isə iddiaçı ilə razılaşmışdır. Daha sonra Badamdarda yerləşən maşın bazarından «Mersedes E klass» markalı avtomaşını 11.300 manata almış və avtomobilin əlavə xərclərinə 500-600 manat pul qoyulmuşdur. 20.000 manat pulu iddiaçı ona vermiş və pulu o xərcləmişdir. Həmin əldə olunan qazancı iddiaçı ilə aralarında böləcəklərmiş. Həmin maşını 12.900 manata satmış və əldə etdikləri 1000 manat qazancı hərəsinə 500 manat olmaqla bölmüşdür. İddiaçı pulunu tələb etdiyinə görə həmin puldan 19.000 manatını ona geri qaytarmış, qalan 1000 manatı isə ehtiyacı olduğuna görə iddiaçıdan xahiş edərək özündə saxlamışdır. Təxminən 20 gün sonra ona pul lazım olmuş və o, iddiaçıya müraciət etmişdir. O, qarşılıqlı razılıq əsasında iddiaçıdan 3000 manat borc almış və bir ay sonra 3000 manatı ona geri qaytarmışdır. İddiaçı ona zəng edərək bir dəfə pula ehtiyacı olduğunu demiş, o da özündə qalan onun ilk dəfə vermiş olduğu 25.000 manat puldan 9.800 manat pulu iddiaçının yaşadığı Mehdiabad qəsəbəsindəki evinə aparıb vermişdir. 2019-cu ilin yanvar-fevral aylarında o iddiaçıdan 7.000 manat pul almış və telefon alqı-satqısı ilə məşğul olan bir nəfər tanışının olduğunu və həmin işə pul qoyulmasını ona təklif etmişdir. Gəlir götürəcəkləri təqdirdə 7.000 manat pula 700 manat xeyir olmaqla ona pul verəcəyini bildirmişdir. Əldə etdiyi pulu dövr etdirərək iki ay iddiaçıya hər ay 700 manat məbləğində pul vermişdir. 2 ay sonra 7.000 manat pulu iddiaçıya geri qaytarmışdır. Sonra 2019-cu ildə o iddiaçıdan 18.000 manat pul istəmişdir. Həmin vaxt maşın alıb satmış və hər ay 1.600 manat olmaqla 3 ay iddiaçıya pul vermiş, iş olmadığına görə avtomobili satıb 18.000 manat pulu iddiaçıya geri qaytarmışdır. İddiaçıdan 3000, 5000 və 7.000 manat pul almışdır. 2019-cu ilin sentyabr ayında o, iddiaçıya iş görən tanışının olduğunu və görəcəyi işin nəticəsində əldə edəcəyi qazancdan xeyir verəcəyini demişdir. İddiaçı da ona 11.000 manat pul vermiş, həmin pulu da həmin ilin noyabr ayında iddiaçıya geri qaytarmışdır. Sonuncu dəfə 2019-cu ilin dekabr ayının 25-də o yaşadığı Mingəçevir şəhərindən çıxıb özünə məxsus «Passat» markalı **-DK-*** nömrəli avtomobili ilə Bakı şəhərinə gəlmişdir. Maşında olan çantada 32.500 manat pul olmuşdur. Kürdəmir yolunda Sığırlı kəndi ərazisi ilə magistral yol ilə hərəkətdə olan zaman beyindaxili təzyiqi yaranmış və idarəetməni itirmişdir. Başı da həmin vaxt avtomobilin şüşə dayaq hissəsinə dəymiş, avtomobil yoldan çıxıb dərəliyə düşmüş və xəstəxanada gözünü açmışdır. Sonra yolda qəza olan yerə gəlib baxmış, çantanı tapa bilməmişdir. Sonra DİN-in 102 xidmətinə bu barədə məlumat vermiş, rayon prokurorluğunda qəbulda da olmuşdur. Kürdəmir rayon Polis Şöbəsində avtomobilindən pul oğurluğu ilə əlaqədar cinayət işi var. Hazırda onun iddiaçıya 32850 manat borcu olsa da, o, maddi vəziyyəti aşağı olduğuna görə ödəniş edə bilməmişdir. Bununla belə o, iddiaçı ilə razılaşıb ödəyəcəkdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış qəbzdən görünür ki, Cavabdeh iddiaçıdan 35000 manat məbləğində pul almış, həmin pulun 2150 manat hissəsini geri qaytarmışdır. Qalan 32850 manat məbləğində pulu isə hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim etdikləri sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Cavabdeh avtomobil alqı-satqısı və kağız istehsalı üçün 2019-cu ilin yanvar və noyabr aylarında ümumilikdə 35000 manat məbləğində pul vermişdir Sonradan iddiaçı cavabdeh tərəfindən iş görülmədiyini bilib tapşırığın ləğv edilməsini bildirərək, verdiyi pulu geri istəmiş, lakin cavabdeh vaxt verilməsinə baxmayaraq, pulu qaytara bilməmişdir. Cavabdeh həmin puldan 2150 manatını iddiaçıya qaytarmış, lakin qalan 32850 manat məbləğində pulu geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətinin xarakteri müəyyən edilməli, həmçinin həmin münasibətlərdən irəli gələn tələbin qanuni əsaslarına görə iddiaçının müvafiq subyektiv hüquqa malik olub–olmaması və yaxud həmin hüququn cavabdeh tərəfindən pozulub–pozulmaması araşdırılmalıdır. Məhkəmə iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin mövcud olub– olmaması ilə bağlı qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı özünə məxsus 35000 manat məbləğində pul vəsaitini əlavə gəlir əldə etmək üçün cavabdeh vermişdir. Cavabdeh də həmin vəsaiti iddiaçıdan avtomobil alqı-satqısı və kağız istehsalı ilə məşğul olmaq üçün almış, lakin iddiaçıya əldə etdiyi əlavə gəlir verməmişdir. Bununla da cavabdeh iddiaçı tərəfindən verilmiş tapşırığı yerinə yetirməmiş və iddiaçıya məxsus pul vəsaiti hesabına əsassız gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1–ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1–ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.2–ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3–cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4–cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 407.1–ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2–ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi sadalanan mülki hüquq normalarında fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olması, sadə yazılı müqavilənin imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilənin isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılması müəyyən edilmiş, lakin şifahi formada müqavilənin bağlanması anı isə tərəflərin qarşılıqlı münasibətindən, davranışından və rəftarından asılı olduğu göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında yazılı və ya notarial qaydada təsdiqlənməli olan müqavilənin bağlanması istisna edilsə də, iddiaçı ilə cavabdeh arasında şifahi formada tapşırıq müqaviləsinin şərtlərinə uyğun razılaşma mövcud olmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Belə ki, tərəflər arasında şifahi formada əvəzli tapşırıq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh avtomobil alqı-satqısını və kağız istehsalını həyata keçirməyi və əldə olunmuş gəlirdən iddiaçıya ödənişlər etməyi öhdəsinə götürmüşdür. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1–ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2–ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün ilk növbədə onunla cavabdeh arasında yazılı və ya şifahi formada əvəzli tapşırıq müqaviləsi olmalı, iddiaçı cavabdehə iddia ərizəsində qeyd etdiyi tapşırıqları verməyi, cavabdeh isə iddiaçının xeyrinə həmin tapşırığı icra etməyi öhdələrinə götürməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçı ilə cavabdeh arasında yazılı formada tapşırıq müqaviləsi mövcud deyil, şifahi formada olmasını isə cavabdeh etiraf edir. Belə olan halda iddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin yaranmasına əsas olan şifahi formada əvəzli tapşırıq müqaviləsi bağlandığı üçün tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bununla belə cavabdeh qəsdən verilmiş tapşırığı kifayət qədər vicdanla icra etməmişdir. Nəticədə, iddiaçıya maddi ziyan dəymişdir. Ona görə də iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 778.1–ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əsas olan şifahi formada tapşırıq müqaviləsi bağlandığı üçün tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi şəkildə əvəzli tapşırıq müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 35000 manat məbləğində pul almış, lakin tapşırığı yerinə yetirməmiş, ondan sonra iddiaçı tələb etdikdə, aldığı pulun yalnız 2150 manat hissəsini qaytarmışdır. Bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının həmin cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 786.6–cı maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. Ona görə də məhkəmə pul məbləğini iddiaçının tələb etdiyi miqdarda, həmçinin cavabdehin məhkəmə iclası zamanı etiraf etdiyi və işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 32850 manat məbləğində əsaslı hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında tapşırıq müqaviləsinə 2019-cu ilin sonlarından xitam verildiyindən, cavabdeh əsassız olaraq saxladığı, iddiaçıya məxsus olan 32850 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Belə olan halda cavabdehin iddiaçı qarşısında həm müqavilədən, həm də qanundan irəli gələn öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh 32850 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 188.55 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 32850 (otuz iki min səkkiz yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 188.55 (yüz səksən səkkiz manat əlli beş qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-105/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-105/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver