Məhkəmə qərarları › İş №2(051)-1056/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1056/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1056/2021 04.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi və Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, iddiaçı: Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh: Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi» tələbinə dair kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh arasında bağlanmış 15 may 2020-ci il tarixli, 073-EMB-0601-20 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 366 manat məbləğdə əsas borc, 14.82 manat məbləğdə cərimə borcu, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun və 0.40 manat xidmət haqqının, cəmi 401.22 manatın tutularaq Bank Olmayan Kredit Təşkilatı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 06 may 2021-ci il tarixdə daxil olmuş və cavadehə ərizənin daxil olduğu gündən 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarının təqdim olunması barədə bildiriş göndərilmişdir. Lakin cavabdeh verilmiş tələbə heç bir münasibət bildirməmişdir. Buna görə məhkəmə Azərbaycan respublikasının MPM-nin 284-5.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC ilə arasında olan 15 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamışdır. Buna görə də Cavabdeh arasında bağlanmış 15 may 2020-ci il tarixli, 073-EMB-0601-20 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 366 manat məbləğdə əsas borc, 14.82 manat məbləğdə cərimə borcu, dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun və 0.40 manat xidmət haqqının, cəmi 401.22 manatın tutularaq Bank Olmayan Kredit Təşkilatı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh 15 may 2020-ci il tarixdə Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə kredit müqaviləsi bağlayaraq, 18 ay müddətinə 500 manat məbləğdə kredit verilmişdir. İddia ərizəsinə əlavə olunmuş Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə cəmi 380.82 manat miqdarda borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul və 0.40 manat xidmət haqqı vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh arasında bağlanmış 15 may 2020-ci il tarixli, 073-EMB-0601-20 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 366 manat məbləğdə əsas borc, 14.82 manat məbləğdə faiz borcu olmaqla, cəmi 401.22 manat məbləğdə pul alınaraq Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul və 0.40 manat xidmət haqqının cavabdehdən tutulub Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar