Məhkəmə qərarları › İş №2(051)-106/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-106/2022

23.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-106/2022 23.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq cavabdehdən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının balansında olan **-JH-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Sprinter” markalı təcili tibbi yardım maşınına vurduğu 1576 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in X3 Yardım Stansiyasına 01.08.2021-ci il tarixdə saat 00:50 radələrində Sabir küçəsi 3, mənzil 12 ünvanından çağırış daxil olmuşdur. Mingəçevir şəhər xəstəxanasının binasında olan **-JH-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Sprinter” markalı təcili tibbi yardım maşınını Mingəçevir ŞMX-ın TTTYS-nın sürücü vəzifəsində çalışan Osmanov Qadir idarə etmiş, TTTY briqadası həmin çağırışdan qayıdan zaman Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-GM-*** dövlət nömrə nişanlı avtomobil şəhərin 20 Yanvar küçəsində içkili vəziyyətdə iki zolaqlı yolun sağ zolağında hərəkətdə olarkən İcra Hakimiyyətinin qarşısında qırıq-qırıq xətt olan yerdə sağ zolağa dönüb geriyə qayıtmaq istəyən zaman arxadan gələn təcilli tibbi yardım maşını ilə toqquşmuşdur. Nəticədə, xəstəxanaya məxsus təcilli tibbi yardım maşınına külli miqdarda ziyan dəymişdir. Belə ki, nəqliyyat vasitələrinin təmirinə dair smetaya 4 saylı əlavəyə əsasən, cavabdeh tərəfindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının balansında olan **-JH-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Sprinter” markalı təcili tibbi yardım maşınına təmir işlərinin dəyəri 310 manat, nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri 1116 manat, təzə materialların dəyəri 150 manat olmaqla, 1576 manat olan maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, **-JH-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Sprinter” markalı avtomobilə 1576 manat dəyərinə ziyan dəymişdir. İşdə olan 870160 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-JH-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Sprinter” markalı avtomobil «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin sahibliyinə verilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 05.08.2021-ci il tarixli 3(051)-646/2021 saylı qərarından görünür ki, Cavabdeh AR İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan nəqliyyat vasitələrinin təhvil-təslim aktından görünür ki, **-JH-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Sprinter” markalı avtomobil «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin TTTYS-na verilmişdir. İşdə olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının 24.12.2021–ci il tarixli 9/7927 saylı ekspert rəyindən görünür ki, 02.08.2021-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə dair smetadakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, **-JH-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Sprinter” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1212 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini, işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, həmin ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in X3 Yardım Stansiyasına 01.08.2021-ci il tarixdə saat 00:50 radələrində Sabir küçəsi 3, mənzil 12 ünvanından çağırış daxil olmuş və TTTY briqadası həmin çağırışdan qayıdan zaman Mingəçevir şəhər xəstəxanasına məxsus **-JH-*** dövlət nömrə nişanlı, “Mercedes-Benz Sprinter” markalı təcili tibbi yardım maşını şəhərin 20 Yanvar küçəsində hərəkətdə olan və cavabdehin sərxoş halda idarə etdiyi “VAZ-21074” markalı, **-GM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə iddiaıçıya məxsus avtomaşın yararsız vəziyyətə düşmüşdür. Ona görə də cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında qərarı ilə AR İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçı hüquqi şəxsə maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçı hüquqi şəxsə dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı hüquqi şəxs ona dəymiş maddi zərərin 1576 manat olmasını iddia etsə də, məhkəmə–əmtəəşünaslıq ekspertizasının 24.12.2021–ci il tarixli 9/7927 saylı ekspert rəyində dəymiş maddi zərərin miqdarı 1212 manat məbləğində təsdiq edilmişdir. Ona görə də məhkəmə dəymiş maddi zərəri ekspert rəyində göstərilən məbləğdə daha ağlabatan hesab edir. Bununla da məhkəmə qeyd edir ki, cavabdehin təqsiri üzündən iddiaçı cəmiyyətə məxsus avtomaşına 1212 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 1212 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 1212 (bir min iki yüz on iki) manat pul alınaraq «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ödənilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 ( bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı «Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar