Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1065/2024 02.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İmdad oğlundan 2200 manat borc pulun və dövlət rüsumu üçün ödənilmiş 43 (qırx üç) manat, cəmi 2243 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh İmdad oğlunu Beyləqan rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə işləyən zaman tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh İmdad oğlu 2022-ci ilin avqust ayında onun yanına gələrək gələrək borca düşdüyünü bildirərək 2000 manat məbləğində borca pul istəmişdir və 2 aya qaytaracağını bildirmişdir. O cavabdehi tanıdığı və yaxın qohumluq münasibəti yarandığı üçün ona borc olaraq 2000 manat məbləğində pul verdi və o rəsmi olaraq söz verdi ki, aldığı 2000 manat borc pulu 2 aya qaytaracaqdır. Əlavə olaraq borc olaraq 2023-cü ilin fevral ayında 100 manat və həmin ilin may ayında isə 300 manat, cəmi 400 manat Beyləqan şəhəri ərazisindən cavabdehin şəxsi kartına pulu göndərmişdir. Ümumilikdə cavabdeh 2400 manat borcundan cəmi 200 manat pulu ona şəxsi kartına qaytarmışdır. Lakin Cavabdeh İmdad oğlu ondan borca aldığı 2200 manat pulu qaytarmamışdır. Cavabdeh İmdad oğlu borclu olduğu 2200 manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək aldadır. Dəfələrlə borca verdiyi pulu tələb etsə də, o hər dəfə ona tezliklə borca aldığı pulu qaytaracağını bildirsə də, borcunu qaytarmamışdır. Odur ki, məhkəmədən Cavabdeh İmdad oğlundan 2200 manat borc pulun və dövlət rüsumu üçün ödənilmiş 43 (qırx üç) manat, cəmi 2243 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək və əlavə olaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh məhkəmə gedişatında borcundan 300 manat ödəniş etmişdir. Bununla da cavabdehin ona 1900 manat məbləğində borcu qalmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən şəxsən xx.xx.2022-ci il tarixdə yazılmış qəbzdən görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Hal-hazırda N saylı hərbi hissədə xidmət edir. İddiaçı borc olaraq 2000 manat götürmüşdür. 2 aya qaytarmağa söz verir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehə borc olaraq 2400 manat pul vermişdir. Sonradan cavabdeh iddiaçıya iddia ərizəsi verilənək borcundan 200 manat ödəniş etmişdir. İddiaçı da bu səbəbdən cavabdehdən 2200 manat pulun tutulub ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmədə işə baxılması davam edən zaman cavabdeh borcundan 300 manat da ödəniş etmişdir. Bunu iddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir. Odur ki, nəticə etibarilə cavabdehin iddiaçıya 1900 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə iddiaçıya ödənilməli olan pul vəsaitinin məbləği ilə bağlı hesab edir ki, iddiaçının tələb etdiyi 2200 manat pulun 1900 manat hissəsi əsaslıdır. Bununla belə məhkəmə iddianın 2200 manat pulun 1900 manat hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə iclası zamanı izahatında cavabdehin borcundan 300 manat pul qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi 2200 manat məbləğində pulun cavabdeh tərəfindən borc alındığı, habelə cavabdehin borcundan 300 manat pulu qaytarması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan, qismən təmin edilməli və cavabdehdən 1900 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumunun 39 manat məbləğində hissəsi alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 39 (otuz doqquz) manat məbləğində hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1065/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1065/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver