Məhkəmə qərarları › İş №2(051)-1074/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1074/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1074/2022 06.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdeh Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdeh Cavabdeh qarşı cəmi 1455,06 manat kredit borcu tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 21.04.2022-ci il tarixli, 2(051)-1074/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03.07.2019-cu il tarixli 109rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə görə bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 1469,96 azn qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 faiz ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açılmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, cavabdeh Cavabdeh iddiaçının xeyrinə 1444,15 manat əsas borc və 10,91 manat faiz borcu olmaqla, cəmi 1455,06 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 34,96 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, "xxxx" KB ASC-dən 03.07.2019-cu il tarixli 109rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 faiz ödəmək şərtilə 1469,96 manat məbləğində kredit almışdır. Lakin maddi imkanı aşağı olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda krediti tam ödəyə bilmir, ancaq hissə-hissə ödəməyə razıdır. Ona görə də məhkəmədən izahatında göstərilənləri nəzərə alıb qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 03.07.2019-cu il tarixli, 109rstMNG/19 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 faiz ödəmək şərtilə 1469,96 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 03.07.2019-cu il tarixli, 109rstMNG/19 №li müqaviləyə əsaəsn cavabdehin banka 1444,15 manat əsas borc və 10,91 manat faiz borcu olmaqla, cəmi 1455,06 manat kredit borcu vardır. İşdə olan 03.07.2019-cu il tarixli, 109rstMNG/19 №li kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh banka olan 1469,96 manat bocunu hər ay 32 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 1444,15 manat əsas borc və 10,91 manat faiz borcu olmaqla, cəmi 1455,06 manat kredit borcu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 34,96 manat pulun alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Cavabdeh 1444,15 (min dörd yüz qırx dörd manat on beş qəpik) manat əsas borc və 10,91 (on manat doxsan bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1455,06 (min dörd yüz əllli beş manat altı qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 34,96 (otuz dörd manat doxsan altı qəpik) manat pul alınıb iddiaçı "xxxx" KB ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar