Məhkəmə qərarları › İş №2(051)-108/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-108/2024

10.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-108/2024 10.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X11 iştirakları ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə (üçüncü şəxs: X18) qarşı miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 tərəfindən miras qalmış Qəbələ rayonu Vəndam kəndində yerləşən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə ayrılmış, 12516 nömrə ilə kitabda qeydə alınmış, “Torpağın mülkiyyətə verilməsinə dair JN-1269 A, kod 40600048 Şəhadətnamə ilə verilmiş 0,10 hektar torpaq sahəsinin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı X18 iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1953-cü ildə Qəbələ rayonu (Keçmiş Qutqaşen rayonu) Vəndam kəndində anadan olmuşdur. Onların birgə nikahlarından üç nəfər, 17 may 1976-cı il təvəllüdlü X19, 12 iyul 1977-ci il təvəllüdlü X16 (Vətən müharibəsində şəhid olmuşdur) və 07 yanvar 1981-ci il təvəllüdlü X20 adlı uşaqları doğulmuşdur. X7 ilə 42 il müddətdə birgə təsərrüfat idarə etmişlər. Birgə nikah dövründə, birgə təsərrüfat idarə edərək, Qəbələ rayonunda 0.10 ha torpaq sahəsini əldə etmişlər. Əri ilə birgə nikah dövründə əldə etdikləri “Torpağın mülkiyyətə verilməsinə dair JN-1269 A; KOD 40600048 saylı Şəhadətnamə”dən görünür ki, Qəbələ rayonu Vəndam kənd sakini X6 Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən 0.10 hektar torpaq sahəsi mülkiyyətinə verilib, 12516 nömrə ilə kitabda qeydə alınmışdır. Həmin torpaq sahəsi fərdi yaşayış evi üçün nəzərdə tutulmuş, kənarları bağlanmış, meyvə ağacları əkilmiş, hazırda özünün istifadəsində, və sahibliyindədir. X4 20 fevral 2017-ci il tarixdə “Kəskin koronar çatmamazlığı hipertoniya” xəstəliyindən vəfat etmişdir. Mərhum ərinin ölümündən sonra birgə nikahları dövründə əldə etdikləri ərinin mülkiyyətində olan Qəbələ rayonu Vəndam kəndində yerləşən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən 0.10 hektar torpaq sahəsi miras qaldı. Hazırda o, həmin torpaq sahəsi miras əmlak kimi faktiki onun sahibliyində və istifadəsindədir. Miras şərikləri ilə bağlı hər hansı mübahisə yoxdur. Qeyd etdiyi kimi üç nəfər oğulları vardır, oğlu 12 iyul 1977-ci il təvəllüdlü X16 29 sentyabr 2020ci il tarixdə Şəhid olmuşdur. Atasının ölümündən 3 il sonra digər iki oğlu X19 və X20 isə atalarından miras qalmış əmlakdan notarial qaydada ərizə verməklə imtina etmişlər. Odur ki, mərhum X4 tərəfindən miras qalmış Qəbələ rayonu Vəndam kəndində yerləşən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə ayrılmış, 12516 nömrə ilə kitabda qeydə alınmış, “Torpağın mülkiyyə verilməsinə dair JN-1269 A, kod 40600048 Şəhadətnamə ilə verilmiş 0,10 hektar torpaq sahəsinin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı 3-cü şəxs qismində işə cəlb edilmiş X18 verdiyi izahatında göstərmişdir ki, o, miras qoyanın qanun üzrə vərəsəsi olan X16 ilə birgə nikahda olmuşlar. Şahmar Məmmədov 29 sentyabr 2020-ci il tarixdə ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsi zamanı şəhid olmuşdur. O, həyat yoldaşının varisi kimi sözü gedən mübahisəli torpaq sahəsindən ona da pay verilməsini istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin, iddiaçının vəkilinin və nümayəndəsinin, üçüncü şəxsin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan MKT İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Məmmədova X13 şəhəri 1-ci Günəş döngəsi 37 № li evdə yaşayır. Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X21 arasında xx.xx.1975-ci il tarixli rəsmi nikah bağlanmış və həmin nikah 16 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə kəskin koronar çatışmazlığı hiportoniyadan vəfat etmişdir, ölümü aktlar qeydi kitabında xx.xx.2017-ci il tarixli 110 № ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 3-165/8-15-431/23 saylı arayışdan görünür ki, xx.xx.1952-ci il tarixdə Qəbələ rayonu Vəndam kəndində anadan olan X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və ailə tərkibinin 1.arvadı: İddiaçı, 2.oğlu: X16 (həlak olub), 3.oğlu:X19 və 4.oğlu X20 olması müəyyən edilmişdir. İşdə olan X19 və X20 tərəfindən ayrı-ayrılıqda verilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, ataları X7 xx.xx.2017-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra mirası nədə ifadə edilməsindən və harda olmasından asılı olmayaraq qəbul etməmişlər və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyillər. Gələcəkdə mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürlməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklər. İşdə olan doğum haqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X19 xx.xx.1976-cı ildə və X20 xx.xx.1981-ci ildə X5 və İddiaçı birgə nikahlarından doğulmuşlar. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində döyüş meydanında ölmüşdür, ölümü aktlar qeydi kitabında xx.xx.2020-ci il tarixli 233 № ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 762 nömrəli arayışdan görünür ki, X16 həqiqətən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuşdur. İşdə olan şəhid ailəsinin üzvünün vəsiqəsinə əsasən İddiaçı ki, şəhid ailəsinin üzvüdür. İşdə olan Mingəçevir regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 1843 nömrəli məktubdan görünür ki, mirasın bölüşdürülməsi barədə mübahisə olduğundan vərəsəlik şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-1269A KOD 40600048 nömrəli şəhadətnamədən görünür ki, şəhadətnamədə qeyd olunan 0,10 ha torpaq sahəsi Qəbələ rayonu Aqrar İstehsalat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə X5 mülkiyyətinə verilmişdir. İşdə olan 7.12.2023-cü il tarixli 3-16-5/7-13-1147/23 saylı arayışdan görünür ki, xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu Vəndam kəndində anadan olan X16 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və ailə tərkibinin 1.atası: X7, 2. anası: İddiaçı 3.arvadı: X18 və 4.qızı X9 olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə işdə olan sübutların hərtərəfli tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı ilə mərhum X7 xx.xx.1975-ci il tarixdə nikah bağlamaqla evlənmiş, onların birgə nikah münasibətindən X19 xx.xx.1976-cı ildə və X20 və xx.xx.1977-ci ildə X17 adlı üç nəfər uşaqları olmuşdur. X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda Ağasəf Məmmədovun vərəsəsi olan digər oğlu X16 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X2 JN-1269A KOD 40600048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,10 ha torpaq sahəsi miras qalmışdır. X5 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı, oğlu X16 (həlak olub), X19 və X14r. X5 qanun üzrə birinci növbə vərəsələrindən olan övladı Şahmar xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Hər iki miras qoyan vəfat etdikdən sonra İddiaçı ərindən miras qalmış əmlakı qəbul etmək barədə notariat ofisinə ərizə vermişdir. Bununla da vərəsələr arasında miras əmlakla bağlı mübahisə yaranmış və notariat orqanı tərəfindən ona vərəsələr arasında ixtilaflar olduğundan şahadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış münasibət mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan və miras qoyan, mərhum X16 xx.xx.2017–ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququna dair normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə, həmçinin hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik qaydalarını tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə mübahisənin qanunauyğun və düzgün həll edilməsi üçün miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq qeyd edir ki, mərhum X8 Qəbələ rayonu Vəndam kəndində yerləşən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə ayrılmış, 12516 nömrə ilə kitabda qeydə alınmış, “Torpağın mülkiyyətə verilməsinə dair JN-1269 A, kod 40600048 Şəhadətnamə ilə verilmiş 0,10 hektar torpaq sahəsi miras qalmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, mərhum X16 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri torpaq sahəsindən payın ayrılması ilə bağlı vərəsələr arasında mübahisə yaranmışdır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, mərhum X10 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı İddiaçı, oğulları X19, X16 (2020-ci il tarixində Vətən müharibəsində şəhid olmuşdur) və X20 daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələblərinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə ayrılmış, 12516 nömrə ilə kitabda qeydə alınmış, “Torpağın mülkiyyətə verilməsinə dair JN-1269 A, kod 40600048 Şəhadətnamə ilə verilmiş 0,10 hektar torpaq sahəsi X1 verilmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində İddiaçı birgə mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Belə ki, İddiaçı həmin torpaq sahəsi üzərində 1/2 hissə olmaqla ümumi birgə mülkiyyət hüququna malikdir. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, mərhum Ağasəf Məmmədovdan qalmış mirası, onun birinci növbəli vərəsəsi olan arvadı İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi ərizə verməsə də faktiki olaraq qəbul edilmişdir. Göründüyü kimi tərəflər miras toplusuna daxil olan torpaq sahəsinin qəbuluna dair rəsmi müraciət etməməsinə baxmayaraq qanunvericiliyin tələbinə əsasən o, mirası qəbul etmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Buna görə də, miras qalmış 0,10 ha torpaq sahəsinə İddiaçı 5/8 hissədə, X12 1/8 hissədə və X16 1/8 hissədə və X20 1/8hissədə payı müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, X19 və X20 notariat qaydasında ərizə yazaraq öz paylarından imtina etmişlər. Digər vərəsə isə X16 2020-ci il tarixində vəfat etsə də, onun vərəsələri - anası: 1. İddiaçı 2.arvadı: X18 və 3.qızı X9 olması müəyyən edilmişdir. Lakin onun miras payının tələb edilməsinə dair vərəsələr tərəfindən iddia qaldırılmamışdır. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyanlar tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Məhkəmə iddianın miras əmlakdan payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, 2020-ci il tarixində vəfat edən X10 birinci növbəli vərəsəsindən olan arvadı X18 ərindən miras qalmış əmlaka dair rəsmi imtina etmədiyinə görə mirası qəbul etmiş sayılır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göründüyü kimi, iddiaçı miras əmlakın yalnız onun tərəfindən miras əmlak kimi qəbul etməsini tələb etsə də, X16 vərəsəsi - arvadı X18 notariat qaydada mirasdan imtina etməmiş, əksinə məhkəmə iclası zamanı ona çatası payı tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1281–ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X2 miras qalmış, Qəbələ rayonu Vəndam kəndində yerləşən Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarı ilə ayrılmış, 12516 nömrə ilə kitabda qeydə alınmış, “Torpağın mülkiyyətə verilməsinə dair JN-1269 A, kod 40600048 Şəhadətnamə ilə verilmiş 0,10 hektar torpaq sahəsinə birinci növbəli vərəsə İddiaçı 7/8 hissədə miras payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar