Məhkəmə qərarları › İş №2(051)-1084/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1084/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1084/2021 23.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına» dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3993.47 manat məbləğində əsas borc və 1231.41 manat faiz borcu olmaqla, ümumilikdə 5224.88 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərmişdir ki, iş üzrə cavabdeh olan şəxslərdən biri – Cavabdeh3 vəfat etmişdir. Ona görə də iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3993.47 manat məbləğində əsas borc və 1231.41 manat faiz borcu olmaqla, ümumilikdə 5224.88 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsini belə əsaslandırmışdır ki, Kreditor "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 20.08.2019-cu il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 150000 manat məbləğində 120 ay müddətinə, 20.08.2019-cu il tarixinədək müddət ərzində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borclu ilə bağlanmış 20.08.2019-cu il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda Əsas və Əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Belə ki, Əsas kredit müqaviləsinin 1.7-ci bəndinə əsasən “Zamin” “Borcalan” ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün Əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə borcluların kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 3993.47 manat əsas və 1231.41 manat faiz olmaqla, cəmi 5224.88 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3993.47 manat məbləğində əsas borc və 1231.41 manat faiz borcu olmaqla, ümumilikdə 5224.88 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahatında göstərmişdir ki, o, "xxxx" KB ASC-dən 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. İddia Lakin imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. İmkanı olduğu zaman borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş etmişdir. İddiaçı bankın nümayəndəsinə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, iddia ərizəsinə onların iştirakları olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş 20.08.2019-cu il tarixli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh1 150000 manat məbləğində illik maksimum 32 faiz minimum 1 ay maksimum 120 ay müddətinə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı açır. İşə əlavə olunmuş 20.08.2019-cu il tarixli, 600804-689116/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Borc alanın 20.08.2019-cu il tarixli, 600804-689116/2 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş 20.08.2019-cu il tarixli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh1 24 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 5000 manat məbləğdə kredit vermişdir. İşə əlavə olunmuş 20.08.2019-cu il tarixli Zaminlik müqavilələrindən görünür ki, 20.08.2019-cu il tarixli əlavə kredit müqaviləsindəki öhdəliyin təmin tədbiri kimi "xxxx" KB ASC ilə 2 zamin – Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və onlar zamin kimi kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. İşə əlavə olunmuş Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 20 sentyabr 2019-20 avqust 2021-ci il tarixləri ərzində aylıq 275 – 279.50 manat ödənişə razı olmuşdur. İşə əlavə olunmuş 27 aprel 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" KB ASC-yə 3993.47 manat məbləğində əsas borc və 1231.41 manat faiz borcu olmaqla, ümumilikdə 5224.88 manat borcu yaranmışdır. İşə əlavə olunmuş 22 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 üzərinə götürdükləri yerinə yetirmədiyi üçün onu banka 22 fevral 2021-ci il tarixinə 3993,47 manat əsas, 1037,14 manat faiz, cəmi 5030,61 manat borcu yaranmışdır. Borcunu ödəməyəcəyi təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə və cavabdehin ərizəsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan hüquq normalarına əsasən, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməli və Cavabdeh1 və Cavabdeh2 3993.47 manat məbləğində əsas borc və 1231.41 manat faiz borcu olmaqla, ümumilikdə 5224.88 manat borc tutularaq "xxxx" KB ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 3993.47 manat məbləğində əsas borc və 1231.41 manat faiz borcu olmaqla, ümumilikdə 5224.88 manat borc tutularaq "xxxx" KB ASC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh1 və Cavabdeh2 tutulub "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar