Məhkəmə qərarları › İş №2(051)-1089/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1089/2023

05.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1089/2023 05.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Mingəçevir şəhər X9 hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1, X13 Mərkəzi MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdehlər Cavabdeh1, Mingəçevir şəhər X9 hüquqi şəxsə, X13 Mərkəzi MMC-ə və Bakı Sağlamlıq Mərkəzinə qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər X9 hüquqi şəxsi, X13 Mərkəzi MMC, Bakı Sağlamlıq Mərkəzi və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin üzərinə onun tərəfindən ödənilmiş 10000 manat pulun ödənilməsi öhdəliyinin qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Bakı Sağlamlıq Mərkəzinin üzərinə onun tərəfindən ödənilmiş 10000 manat pulun ödənilməsi öhdəliyinin qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Kür çayında travma almışdır. O, ilk olaraq Mingəçevir şəhər xəstəxanasına aparılmışdır. Orada KT olunmuş və diaqnoz qoyulmuşdur. Sataionar müalicə üçün xəstəxanaya yatızdırılmışdır. Ona xəstəxnada lazım olan heç bir tibbi müdaxilə olunmamışdır. Dəfələrlə həkimə bu barəd məlumat verilsə də heç bir tədbir görülməmişdir. Ona yalnız ağrıkəsicilər vurulmuşdur. O, və atası sığortaya pul ödəsələr də edilən müalicəni onlar öz hesablarına etmişlər. O, 3 gün Mingəçevir şəhər mərkəzi xəstəxanasında qaldı. Valideyinləri baş həkimə göndəriş vərəqəsi verilməsini tələb etsə də göndəriş vərəqəsi verməkdən imtina etmişlər. Lakin onun təkidi ilə ona göndəriş vərəqəsi verildi. Gəncə şəhərindən X23 maşını çağırıldı. Onu Gəncə şəhər mərkəzi xəstəxnasına apardılar. Ura gətirildikdən sonra ona baxmaq üçün 240 manat depozit istədilər. Onu MRT-dən keçib müayinə etdikdən sonra boynunun 3 yerdən qırıldığını bildirdilər. Ondan 20000 və 25000 manat pul lazım olduğunu bildirilər və zəmanətdə olmadığını qeyd etdilər. Onlara göndərişlə gəldiyini heç olmasa ödənişdə güzəşt edilməsini bildirsə də heçcür mümkün omadığını bildirdilər. Halbuki sığortaya uzun müddət ödəniş etdiyini bildirdi. Daha sonra Mngəçevirdə yerləşən Regional Hospitaldan Bakı Sağlamlıq Mərkəzinə 750 manat müqbilində apardılar. Bakı Sağlamlıq Mərkəzində müayinə olunduqdan sonra onas boynunun qırıldığını və gecikdiyini bildirilər. Həmin gün yəni xx.xx.2021-ci il tarixdə o, əməliyyat olundu. Ümumilikdə onun 10000 manat xərci çıxmışdır. Buna görə də Bakı Sağlamlıq Mərkəzinin üzərinə onun tərəfindən ödənilmiş 10000 manat pulun ödənilməsi öhdəlyinin qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Mingəçevir şəhər X9 hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər X8 bölməsinə X23 maşını ilə daxil olmuş, müəyyən müayinələr olunduqdan sonra “Boyun fəqərələrinin çox saylı sınıqları diaqnozu qoyulmuş, reanimasiya sonrada cərrahiyə şöbəsinə yerləşdirilmişdir. Cərrahiyə Şöbəsinin müdiri həkim cərrah X5 tərəfindən neyro cərrah tərəfindən müayinə olunması üçün ixtisaslı tibb müəssisələrindən birinə göndərilməsi məsləhət görülmüşdür. Direktorun köməkçisi Aynurə Əliyavanın məlumatına əsasən xəstə yaxınlarının istəyi ilə Bakı Neyrocərrahiyyə xəstəxanası ilə danışıqlar aparılmış lakin xəstəni qəbul etməkdən imtina etmişlər. X13 mərkəzinin həkim neyrocərrahı Ramiz həkimlə telefon vasitəsi ilə əlaqə yaradılmış KT müayinəsinin nəticəsi göndərilmiş həkim xəstəni müayinə etmədən əməliyyat göndəriş olub olmayacağını deyə bilməmişdir. Bundan sonra xəstəyə ixtisaslı həkim müayinəsi üçün X14 Mərkəzinə göndəriş verilmişdir. Xəstənin təxliyyə edilməsi üçün xəstəxana tərəfindən 113 xidmətinə sifariş verilmiş ambulansın gəlməsi üçün 1 saat vaxt aparacağanı bildirilmişdir. Lakin xəstənin yaxınları X14 Mərkəzindən anbulans sifariş edərək xəstəni təxliyyə etmişlər. Xəstə İddiaçı xəstəxanaya daxil olduğu vaxtdan xəstəxananın fəaliyyət imkanları çərçivəsində xəstəyə tibbi yardımlar göstərilmiş müəyyən sarğı və inyeksiyalar tətbiq edilmişdir. Neyrocərrah müayinəsi zəruri olduğu üçün həmin xidməti göstərən xəstəxanaya X14 Mərkəzinə müəssisə tərəfindən göndərişlə təmin edilmişdir. Vətəndaş İddiaçı Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən qaydalara uyğun olaraq tibi xidmət göstərilmişdir. Odur ki, iddianın əsası hesab edir və rədd olunmasını xahiş edir. Cavabdeh X13 Mərkəzi MMC-nin etibarnamə üzrə nümayəndəsi X15 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ümumiyyətlə onların bu məsələyə heç bir aidiyyəti YOXdur. Vətəndaş özü onların klinikasına müraciət etmiş və ona pullu xidmət göstərilmişdir. Xəstənin müayinə olduğunu xidmət xidmətlər paketinə daxil olmadığı üçün vətəndaşın ödədiyi 217 manat müayinə xərcləri üçün ödənilmişdir. Həmin vəsaitində 180 manatı X23 maşını üçün tutulmuşdur, yerdə qalan digər məbləğ isə imalə xərci üçün tutulmuşdur. Qeyd edir ki, xəstə klinikaya göndərişsiz gəlmişdir. Bu halda təbii olaraq müayinə xərcləri xəstənin özü tərəfindən ödənilir. Hesab edir ki, iddiaçının onları da cavabdeh kimi işə cəlb etməsi əslində əsassızdır və onlara heç bir əlaqəsi YOXdur. Bu səbəbdən iddianın onlara aid olan hissəsinin rədd edilməsini xahiş edir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xəstə müayinə və müalicə üçün ilk öncə üz tutduğu klinikaya gəlməzdən öncə göndəriş əldə etməli idi. Lakin xəstə öz şəxsi istəyi ilə bir neçə klinikaya getmiş və sonda olaraq Bakı Sağlamlıq Mərkəzində müayinə və mülicə olunmuşdur. Lakin qanunda qeyd olunduğu kimi bu kimi məsələlərin müsbət həlli göndəriş tətbiq edildikdən sonra həyata keçirilir. Həmçinin hesab edirlər ki, xəstənin müayinə olduğu sahə İcbari Tibbi Sığortanın xidmətlər paketinə daxil olmamışdır. Əgər tərəf sığortanın təklif etdiyi xidmətlərdən şəxsən imtina edib göndəriş olmadan özü müayinə üçün özəl klinikaya müraciət etmişdirsə, bu halda iddiaçının iddiası əsassız hesab edilməlidir. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. Cavabdeh “Bakı Sağlamlıq Məkəzinə” məhkəmə iclasının vaxtı yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Cavabdeh “Bakı Sağlamlıq Məkəzi” X28i məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, lakin məhkəməyə etiraz ünvanlayaraq bildirmişlər ki, xəstə İddiaçı yaxınlarının istəyi ilə 24 iyul 2021-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə gətirilmiş və onun üzərində boyun fəqərlərinin fiksasiyası əməliyyatı icra olunmuşdur. Xəstə 29 iyul 2021-ci il tarixdə resept və lazımi tövsiyyələr verərək kafi vəziyyətdə evə yazılmışdır. Bakı Sağlamlıq Mərkəzinə pasiyentin müaciəti icbari tibbi sığorta xətti ilə olmamışdır. Belə ki, xəstə yaxınları tibbi müəssisəyə müqavilə bağlayaraq könüllü olaraq ödənişli əsaslarla tibbi xidmət almaq üçün müraciət etmişlər. Belə olan halda xəstə yaxınları tərəfindən müəssisəyə ödənilmiş məbləğin geri qaytarılması hüquqi baxımdan əsassız hesab edirlər. Eyni zamanda göstərmişlər ki, vətəndaşın pulun ödənilməsi öhdəlik olaraq Mingəçevir şəhər X9 hüquqi şəxsin və Cavabdeh1 X28in üzərinə qoyulmuşdur. Belə olan halda Bakı Sağlamlıq Mərkəzi faktiki olaraq cavabdeh qismində çıxış edə bilməz. Cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Bakı Sağlamlıq Məkəzi” X28inin nümayəndəsinin iştirakıolmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi, iddiaçı və cavabdehlərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2021-ci il tarixdə Travmatologiya və Ortopediya Şöbəsinə 2000 manat ödəniş etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2021-ci il tarixdə Qəbul və X23 və evdə xidmət pol üçün 9 manat ödəniş etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2021-ci il tarixdə müxtəlif saatlarda Travmatologiya və Ortopediya Şöbəsinə 6000 (3000+3000) manat ödəniş etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2021-ci il tarixdə Fizoterapiya və Reablitasiya xidmətləri üçün 30 manat ödəniş etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Bakı Sağlamlıq Mərkəzinə xx.xx.2021-ci il tarixdə Rentgen xidmətləri üçün 20 manat ödəniş etmişdir. İşə əlavə edilmiş İddiaçı tərəfindən Bakı Sağlamlıq Mərkəzində tibi xidmətlərin göstərilməsi üçün Qəbul və X23 və tibbi xidmətlər üçün xx.xx.2021-ci il tarixdə ümumi olaraq 70,20 manat ödəniş etmişdir. İşə əlavə edilmiş İddiaçı tərəfindən Bakı Sağlamlıq Mərkəzində tibbi xidmətlərin göstərilməsi üçün Fizioterapiya və Reablitasiya xidmətləri üçün xx.xx.2021-ci il tarixdə ümumilikdə 90 manat ödəniş etmişdir. İşə əlavə edilmiş İddiaçı tərəfindən Bakı Sağlamlıq Mərkəzində tibbi xidmətlərin göstərilməsi üçün Fizioterapiya və Reablitasiya xidmətləri üçün xx.xx.2021-ci il tarixdə ümumilikdə 90 manat ödəniş etmişdir. İşə əlavə edilmiş İcrbari Tibbi Sığorta X21 tərəfindən X11 ünvanlanmış 25 aprel 2022-ci il tarixli məktubdan görünür ki, xəstəxanaya ödənilmiş xidmət haqqının geri qaytarılması ilə bağlı tələbin məhkəmə qaydasında təmin edildiyi halda ödənişin geri qaytarılması mümkün olduğu göstərilmişdir. İşə əlavə edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı digər dəqiqləşdirilməmiş,boyun fəqərələrinin sınığı C5-C6 boyun fəqərə sınığı diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş Bakı Sağlmalıq Mərkəzi MMC tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Kür çayında travma alıb və ilkin olaraq Mingəçevir şəhər xəstəxanasına aparılıb. Orada KT olunmuş və diaqnoz qoyulmuş, stasionar müalicə üçün xəstəxanaya yatızdırlıb. Sonra xəstə yaxınlarının istəyi ilə xəstə GMDM-ə aparılmış və orada MRT müayinəsindən keçirilmişdir. Orada cərrahi müalicə məsləhət görülmüşdür. Xəstə yaxınlarının istəyi ilə xəstə BSM-ə gətirilmişdir. İşdə olan Bakı Sağlamlıq Mərkəzi MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, 03.09-xx.xx.2021-ci il, 06.09.-xx.xx.2021-ci il tarixlərində Bakı Sağlamlıq Mərkəzində Fizioterapiya və Reablitasiya mərkəzində müayinə olunmuşdur. xx.xx.2021-ci il tarixində isə Rentgen müayinəsindən keçmişdir. İşdə olan Bakı Sağlamlıq Mərkəzi X28 tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində Bakı Sağmalıq Mərkəzinin X25 şöbəsində olan xidmətə görə 52,31 AZN, 24.07 VƏ xx.xx.2021-ci il tarixlərində Travmatalogiya və ortopediya Şöbəsində stasionar xidmətə görə 4075,67 AZN xx.xx.2021ci il tarixində X23 şöbəsində olan xidmətə görə 70 AZN, Fiziotreapiya və Reablitasiya xidmətinə görə 120 AZN, xx.xx.2021-Cİ İL TARİXİNDƏ Fizioterapiya və Reablitasiya xidmətinə görə 90 AZN, xx.xx.2021-ci il tarixində Rentgen xidmətinə görə 20 AZN, xx.xx.2021-ci il tarixində Rentgen xidmətinə görə 30 AZN, və xx.xx.2022-ci il tarixində isə Rentgen xidmətinə görə 30 AZN xəzinəyə ödədiyi göstərilmişdir. İşdə olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən təqdim edilən Hesab-Fakturadan görünür ki, İddiaçı istifadə olunan tibbi sərf və dərmanlar üçün cəmi 52,31 manat pul ödəmişdir. İşdə olan Bakı Sağlamlıq Mərkəzi Hesab Fakturadan görünür ki, İddiaçı, Anesteziya xidmətlər, Yataq otağı və xsətə müşahiyətçisi, Arxa servikal fiksasiya: digər yad fiksatorla, Konsultasiya xidmətlər, Laborotar xidmətlər və Radyologiya xidmətləri üçün 3438 manat, istifadə edilən dərmanlar üçün 637,67 manat təşkil etmiş və cəmi 4075,67 manat pul ödəmişdir. İşdə olan Bakı Sağlamlıq Mərkəzi Hesab Fakturadan görünür ki, İddiaçı istifadə olunan tibbi sərf və dərmanlar üçün ümumi cəmi 70,20 manat ödəniş etmişdir. İşdə olan giriş tarixi xx.xx.2021-ci il tarixli Bakı Sağlamlıq Mərkəzi Hesab Fakturadan görünür ki, Hüseynov X2 xidmətləri üçün ümumi cəmi 120 manat ödəniş etmişdir. İşdə olan giriş tarixi xx.xx.2021-ci il tarixli Bakı Sağlamlıq Mərkəzi Hesab Fakturadan görünür ki, Hüseynov X2 xidmətləri üçün ümumi cəmi 90 manat ödəniş etmişdir. İşdə olan giriş tarixi xx.xx.2021-ci il tarixli Bakı Sağlamlıq Mərkəzi Hesab Fakturadan görünür ki, İddiaçı Rentgen xidmətləri üçün ümumi cəmi 20 manat ödəniş etmişdir. İşdə olan giriş tarixi xx.xx.2021-ci il tarixli Bakı Sağlamlıq Mərkəzi Hesab Fakturadan görünür ki, İddiaçı Rentgen xidmətləri üçün ümumi cəmi 30 manat ödəniş etmişdir. İşdə olan giriş tarixi xx.xx.2021-ci il tarixli Bakı Sağlamlıq Mərkəzi Hesab Fakturadan görünür ki, İddiaçı Rentgen xidmətləri üçün ümumi cəmi 30 manat ödəniş etmişdir. İsdə olan xx.xx.2021-ci il tarixində Regional Hospital tərəfindən verilmiş ödəniş sənədinə əsasən Ambulans xidmətini göstərilməsi üçün İddiaçı tərəfindən 750 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Belə ki, iddiaçı səhəttində yaranan problemlərlə əlaqədar olaraq təcili Mingəçevir şəhər X9 Hüquqi Şəxsə aparılmışdır. Orada ilkin tibbi xidmətlər göstərildikdən sonra, müəyyən olunmuşdur ki, xəstənin əməliyyat edilməsi üçün adı çəkilən xəstəxanada müvafiq ixtisaslıhəkimlər (neyrocərrah) fəaliyyət göstərmədiyindən göndəriş əsasında X13 Mərkəzi MMC-yə göndərilmişdir. Orada da müəyyən tibbi xidmətlər göstərildikdən sonra xəstə İddiaçı ona təyin olunan əməliyyatın məbləği yüksək olduğundan və zəmanət verilmədiyindən öz istəyi əsasında Mingəçevir şəhərində yerləşən Regional Hospitaldan öz hesabına yəni 750 manat ödəməklə Gəncə şəhərindən Bakı şəhərində yerləşən Bakı Sağlamlıq Mərkəzinə aparılmışdır. Bakı Sağlamlıq Mərkəzində İddiaçı zəruri tibbi müayinələr göstərilmiş yəni, xəstə əməliyyat və müalicə olunmuş və Bakı Sağlamıq Mərkəzinə tibbi xidmətlər üçün müəyyən edilmiş məbləği yəni, 5205,87 manat məbləğində pul ödəmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Mingəçevir şəhər X9 Hüquqi Şəxsi müxtəlif tibb müəssisələri ilə, o cümlədən Bakı Sağlamlıq Mərkəzi ilə müqavilə bağlamışdır. X12 qoyulan diaqnoz yəni, boyun fəqərələrinin sınığı - xidmətlər zərfinə daxil olan tibbi xidmətlərə daxildir. “Tibbi Sığorta haqqında Azərbaycan Respublikası Qanununun 15-3.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır. Həmin Qanunun 15-4.1-ci maddəsinə əsasən İcbari tibbi sığorta üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır: 15-4.1.1. sığorta hadisəsi baş verdikdə bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; 15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; 15-4.1.3. göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsidən tələb etmək; 15-4.1.4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkim sirri təşkil edən məlumatların gizli saxlanmasını tələb etmək; 15-4.1.5. tibb müəssisəsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsidən tələb etmək; 15-4.1.6. icbari tibbi sığorta sahəsində hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya məhkəməyə müraciət etmək; Həmin Qanununun 15-13.1-ci maddəsinə əsasən İcbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir. 15-13.1-ci maddəsinə əsasən icbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın elektron informasiya sistemində yaradılan elektron sənəddir. Həmin Qanununun 15-20.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün subroqasiya hüququ sığortaolunan üçün sığorta ödənişi həyata keçirilmiş olduğu təqdirdə, sığortaolunana dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişin həyata keçirilməsini təşkil etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) istifadə etmək hüququdur. Həmin Qanununun 15-28.1-ci maddəsinə əsasən Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir. 15-28.2. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. 15-28.3. İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulatorpoliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. 15-28.4. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. Yuxarıda qeyd olunan hüquq normaları iddiaçının öz vəsaiti hesabına səhhətinə çəkdiyi xərclərin ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan yəni, 5237,98 (4487,98+750) manat hissədə təmin edilməlidir. Həmçinin cavabdeh Bakı Sağlamlıq Mərkəzi X27 qeyd edilən məbləğin Cavabdeh1ndən tələb etmək hüququda izah ediləmlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumunun 72,38 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı Sağlamlıq Mərkəzindən 5237,98 manat məbləğində pul alınaraq İddiaçı geri qaytarılsın. İddiaçı cavabdehlər Mingəçevir şəhər X9 Hüquqi Şəxsi, X13 Mərkəzi MMC, Bakı Sağlamlıq Mərkəzi və İcbari Tibbi Sığorta Dövlət Agentliyinə qarşı pul tələbinə dair iddiası cavabdehlər Mingəçevir şəhər X9 Hüquqi Şəxsi, X13 Mərkəzi MMC və İcbari Tibbi Sığorta Dövlət Agentliyinə münasibətdə təmin edilməsin. Cavabdeh Bakı Sağlamlıq Mərkəzindən ödənilmiş dövlət rüsumunun 72,38 manat hissəsi alınıb İddiaçı verilsin. Bakı Sağlamlıq Mərkəzinə həmin məbləğin Cavabdeh1ndən tələb etmək hüququ izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar