Məhkəmə qərarları › İş №2(051)-1090/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1090/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1090/2023 20.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 8550 manat borcun, 106 manat dövlət rüsumunun, sənədin notarial təsdiqi üçün ödənilən 3 manat 40 qəpiyin, vəkilə etibarnamə üçün ödənilən 17.25 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, O, Məmmədov X3 Hospitalda sürücü işləyirmiş, işdən çıxandan sonra münasib maşın olanda maşınların alqısatqısı ilə məşğul olur. Mingəçevir şəhər sakini Cavabdeh xeyli müddətdir ki, tanımışdır. O da maşın alveri ilə məşğuldur. Cavabdeh əlində nəğd pul az olduğu üçün, onunla şərikli alver etməyi ona təklif etdi. O da onun razılaşdı. 2022-ci ilin sentyabr ayında şərikli olaraq “Mersedes Panaroma” markalı 90XM320 dövlət nömrə nişanlı avtomobil aldılar. Ona inandı və etibarnamə ilə (səlahiyyətlər başqa şəxsə verilə bilər – generalnı) avtomobili onun adına aldıq. Avtomobili satışa hazır etmək üçün müəyyən xərclər çəkdi. Xərcləri və maşına verdiyi pulları cəmi 8550 manatdır. Aldıqları maşında normal xeyir qazanmaq imkanları var idi. Müştəri axtarırdılar. Eşitmiş ki, ondan xəbərsiz etibarnamədən istifadə edib, aldıqları maşını satmışdır. Özü ilə söhbət edib, demiş ki, o onun etibarından istifadə edib maşını nisyə satıb. Ona bildirmiş ki, ehtiyacı olub satmışdır. Pulunu yaxın gündə verəcəkdir. Müəyyən müddət gözlədi, müxtəlif bəhanələrlə 8550 manat pulunu verməkdən imtina etməyə başladı. Cavabdeh dedi ki, onun adına etibarnamə ilə maşın almışlar, ona görə də o etibarnamədən istifadə edib, onun pullarını ələ keçirmişdir. Əvvəl Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Ona polis şöbəsindən məhkəməyə müraciət etməklə məktub verdilər. O da məcbur olub məhkəməyə müraciət etməli oldu. Odur ki, məhkəmədən Cavabdeh 8550 manat borcun, 106 manat dövlət rüsumunun, sənədin notarial təsdiqi üçün ödənilən 3 manat 40 qəpiyin, vəkilə etibarnamə üçün ödənilən 17.25 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdi və məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 2022-ci ilin sentybar ayında sataraq gəlir əldə etmək məqsədilə Raqif ilə ortaqlı şəkildə 13.700 manata mersedes markalı maşın almışlar. Maşın alışında 9000 min o qalan 4700 manatı Raqif vermişdir. Sonradan Raqifdən 1000 manat borc pul almışdır və Raqif maşının təmiri üçün 1600 manat pul xərcləmişdir. Bir neçə gün sonra o, maşını 13,500 manata satmışdır. Maşını satdıqdan sonra Raqiflə görüşərək maşını təcili satdığını bildirmişdir. Həmin vaxt Raqif onun ona 6800 manat borcu olduğunu iddia etmişdir. O onunla razılaşmış və təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində yaxını Alı adlı şəxslə birlikdə və Əsgər adlı şəxslə birlikdə Raqiflə görüşərək ona borclu olduğu 6.800 manatdan 5000 min manatını geri qaytarmışdır. Geridə qalan 1,800 manat isə bir neçə aya qaytaracağını bildirmişdir. Lakin bu günə qədər imkanı olmadığı üçün həmin pulu ona qaytara bilməmişdir. Söz verir ki, tezliklə 1,800 manat borcu geri qaytaracaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh İddiaçı 6800 manat məbləğində borc almışdır. Sonradan Cavabdeh borcundan 5000 manat qaytarmış və onun Raqifə 1800 manat borcu qalmışdır. Həmin vaxt onlar 4 nəfər - Samir, Raqif, Allahverdi və o olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Samirlə Raqif yaxın olmuşlar. Onların hər ikisi ilə münasibəti vardır. Birlikdə maşın alqı-satqısı ilə məşğul olmuşlar. Samir Raqifdən aldığı pulu ona vermişdir. Beləliklə, onun Samirə borcu olmuşdur. O, Samirdən 9500 manat pul almış və aldığı pulla qızılını bankdan girovdan çıxarıb satmışdır. O, Samirə olan borcundan Samirin yanında 5000 manat Raqifə vermiş və Samirə isə 4500 manat ödəməklə borcunu geri qaytarmışdır. Həmin vaxt Əsgər də orada olmuş və pulu onun verdiyini görmüşdür. Samirin Raqifə hansı mələğdə borcu olduğunu bilmir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işə əlavə edilmiş Mingəçevir şəhər Polis Şöbəsinin İddiaçı cavab məktubundan görünür ki, tanışı Cavabdeh ona borclu olduğu pulu verməməsi barədə müraciətinə baxılmışdır. Qaldırılan məsələnin həlli daxili işlər orqanının səlahiyyətinə aid olmadığı üçün məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olduğu qeyd edilmişdir. İşə əlavə edilmiş cinayət işi materiallarında olan Cavabdeh izahatından görünür ki, Cavabdeh İddiaçı 6800 manat borcu olduğunu həmin borcundan 5000 manatını geri qaytardığını, 1800 manat borcunu bir neçə aya qaytaracağını bildirdiyini, imkanı olmadığından qaytara bilmədiyini qeyd etmişdir. Beləliklə məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 2022-ci ilin sentyabr ayında şərikli olaraq “Mersedes Panaroma” markalı 90XM320 dövlət nömrə nişanlı avtomobil alıblar. Avtomobili satmaq məqsədilə almışlar. Aldıqdan sonra təmir etdirmişlər. Lakin Cavabdeh İddiaçı xəbərsiz avtomobili satmışdır. İddiaçı buna etiraz etmiş və cavabdehdən avtomobilə qoyduğu pulu geri istəmişdir. cavabdeh iddiaçıya borcundan 5000 manat geri qaytarmışdır. Beləliklə İddiaçı Cavabdeh borcunu tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçının tələb etdiyi kimi 8550 manatın həqiqətən də cavabdehə verdiyi sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmənin sorğusu əsasında Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş materiallardanda görünür ki, cavabdeh Bayramov X2 şəhər polis şöbəsində verdiyi izahatında borcunun bir hissəsini qaytardığını və cəmi 1800 manat borcu qaldığını etiraf etmişdir. Məhkəmə cavabdehin izahatı və şahid ifadələri birbirini tamamlandığından onları inandırıcı hesab edərək iş üzrə mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə işin obyektiv həlli üçün digər sübutların mövcud olmadığı üçün cavabdehin məhkəmə iclası zamanı və Mingəçevir ŞPŞ-də verdiyi izahatı və şahid ifadələrini möhtəbər sübut kimi qəbul edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən pul borcunun iddiaçı tərəfindən cavabdehə verilməsini və hazırda da həmin məbləğinin cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin qismən, yəni iddia tələbi cavabdehin məhkəmə iclası zamanı etiraf etdiyi məbləğ həcmində yəni 1800 manat məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, ididaçı tərəf borcdan ödəniş edilməsinə etiraz etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktiki halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı cavabdehə aralarında olan şifahi şəriklik münasibətlərindən dolayı iddiaçı ilə cavabdeh arasında borc yaranmış cavabdeh isə həmin pulu iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsində göstərilmişdir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Odur ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə MPM-nin 119.1-ci maddəsini əsas tutaraq hesab edir ki, 8550 manat məbləğində iddia tələbinin 1800 manat hissəsi təmin olunduğundan dövlət rüsumu həmin məbləğə mütənasib olaraq təmin edilməlidir. Odur ki, Məhkəmə hesab edir ki, dövlət rüsumunun 22.26 (iyirmi iki manat, iyirmi altı qəpik) manat hissəsi Cavabdeh tutulub İddiaçı verilməlidir. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Sənədin notarial təsdiqi üçün ödənilən 3 manat 40 qəpiyin, vəkilə etibarnamə üçün ödənilən 17.25 manat pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq. q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat pul, sənədin notarial təsdiqi üçün ödənilən 3 (üç) manat 40 (qırx) qəpik, vəkilə etibarnamə üçün ödənilən 17.25 (on yeddi manat, iyirmi beş qəpik) manat pul alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun 22.26 (iyirmi iki manat, iyirmi altı qəpik) manat hissəsi Cavabdeh tutulub İddiaçı verilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar