Məhkəmə qərarları › İş №2(051)-1092/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1092/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1092/2023 18.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı-cavabdeh: İddiaçı və onun vəkili Vəkil1 İkinci tələb üzrə iddiaçı-cavabdeh: Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 İkinci tələb üzrə cavabdehlər: Cavabdeh2 və Cavabdeh3 Tərcüməçi: X9 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə; İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2022ci il tarixdə 4Ə-1725 nömrəli reyestrdə qeydə alınmış, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi, həmçinin hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 300 manat qonararın və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlərin məcburi qaydada çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1092/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə dair 2(051)-1092/2023 saylı, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair 2(051)-1347/2023 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. İddiaçı-cavabdeh İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədi və göstərdi ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə onu vəsiyyətnamə vermək bəhanəsi ilə Mingəçevir ASAN Xidmət Mərkəzində notariat ofisinə aparmış, lakin vəsiyyətnamənin verilməsi mümkün olmadığından, onu aldadaraq xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili alqı-satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. O, sonradan bu haldan xəbər tutmuşdur. Bundan sonra o, Mingəçevir polis şöbəsinə rəsmi qaydada müraciət edərək Cavabdeh1 onu aldadıb heç bir pul vermədən alqı-satqı etməklə mənzilini ələ keçirdiyini bildirmişdir. Mingəçevir ŞPŞ-nin TB-də araşdırma nəticəsində müəyyən edilmişdir ki, həqiqətən bacısı X5 makler X6 ilə əlbir olub onu aldatmış, yaşadığı mənzil bacısı qızı Cavabdeh1 adına alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Təhqiqat zamanı izahatı alınmış X2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə X10 onun yanına gələrək ünvan 1 ünvanında yerləşən mənzili qızı Cavabdeh1 adına alqı-satqı yolu ilə rəsmiləşdirmək istədiyini, bunun üçün 20000 manat pulun banka qoyub çıxartmaq lazım olduğunu bildirmiş, o da həmin gün ASAN xidmətə gedib alqı-satqı zamanı 20000 manat pulu Kapital Banka keçirmiş və 15 dəqiqədən sonra həmin pulu alıb çıxıb getmişdir. Göründüyü kimi mənzilin alqı-satqısı zamanı o, mənzilin dəyərində pul almamış və yalnız mənzilin notariat qaydada rəsmiləşdirilməsində iştirak etmişdir. Hesab edir ki, xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. O, yaşayış yerindən məhrum olmaqla ağır vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi, Cavabdeh1 qızının isə iddiasının rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İkinci tələb üzrə iddiaçı-Cavabdeh1 nümayəndəsi Vəkil2 məhkəmə iclası təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş tələbi qəbul etmədi, təmsil etdiyi şəxsin tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 55/13 saylı evin 26 saylı mənzili Cavabdeh1 mülkiyyətindədir və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Belə ki, o, qeyd olunan mənzili 27 avqust 2022-ci il tarixdə İddiaçı alqı-satqı müqaviləsi əsasında almışdır. Qeyd olunan müqavilə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmişdir. Həmin vaxt alqı-satqı müqaviləsinin bütün hüquqi nəticələri İddiaçı izah olunmuş, bundan sonra İddiaçı alqı-satqı müqaviləsinin şərtləri ilə tanış olaraq imzalamışdır. İddiaçı onun anasının doğma qardaşı olduğu üçün o, bir müddət dayısına mülkiyyətində olan mənzildə yaşamağa icazə vermişdir. Lakin sonradan İddiaçı onun mənzilinə başqa şəxsləri köçürdüyündən, o, cavabdehlərdən mənzili boşaltmağı tələb etmiş, lakin cavabdeh onun mülkiyyətində olan mənzildən çıxmaqdan imtina etmişlər. Halbuki alqı-satqı müqaviləsinin şərtlərinə görə İddiaçı mənzili xx.xx.2022-ci il tarixə kimi ona təhvil verməyi və xx.xx.2022-ci il tarixədək isə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh İddiaçı, onun qızı Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan mənzildən çıxmırlar. Hazırda o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Özü üç azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır. O, dəfələrlə cavabdehlərdən ona məxsus mənzildən çıxmalarını tələb etmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər mülkiyyətində olan mənzilini boşaltmırlar. O, hazırda öz mənzilinə yığışıb yaşamaq istəyir. Cavabdehlər buna mane olur, mülkiyyət hüququnu pozurlar. Odur ki, məhkəmədən iddiasının təmin edilməsi, İddiaçı isə iddiasının rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İkinci tələb üzrə Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədi və əlavə olaraq göstərdi ki, o, İddiaçı qızıdır. O, ünvan 1 ünvanında yerləşən mənzilə sonradan gəlmişdir. Belə ki, həmin mənzili Cavabdeh1 və onun valideynləri ələ keçirmək istəyirlər. O da İddiaçı doğma qızı olaraq, 2022-ci ilin 22 iyul tarixindən sözügedən mənzilə atasına baxmaq üçün gedib-gəlmişdir. Həm də həmin mənzildə qalır. Atasının notariusa getdiyini bilməmişdir. Atasına mənzilin alqı-satqısı ilə bağlı kiminləsə məsləhətləşməyə imkan verilməmişdir. Odur ki, məhkəmədən ona qarşı irəli sürülmüş iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İkinci tələb üzrə Cavabdeh3 məhkəmə iclası zamanı tərcüməçinin iştirakı ilə izahat verərkən, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədi və göstərdi ki, İddiaçı mərhum arvadının yasından sonra 2023-cü ilin yanvar ayında ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Cavabdeh1 tanımır və görməmişdir. Özünün də mülkiyyətində mənzili vardır. Hesab edir ki, evin sahibi İddiaçıdur. Onu da həmin mənzilə İddiaçı köçürmüşdür. Odur ki, məhkəmədən ona qarşı irəli sürülmüş iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ev alqı-satqı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə o, ev alqı-satqısı ilə əlaqədar müştəri ilə Mingəçevir şəhərində yerləşən ASAN xidmətdə olarkən tanışı İddiaçı ona yaxınlaşaraq onun köməyinə ehtiyacı olduğunu bildirmişdir. Belə ki, İddiaçı yaşadığı mənzili bacısı qızı Cavabdeh1 bağışlamaq istədiyini, lakin özünün doğum şəhadətnaməsi Gürcüstanda olduğu üçün bağışlaya bilmədiyini bildirmişdir. İddiaçı ondan xahiş etmişdir ki, başqa hansı yolla evi bacısı qızının adına keçirə bilər? O isə vəsiyyətnamə verməyi təklif etmiş, lakin İddiaçı kənarda qızı olduğuna və mənzilin ona qalmasını istəmədiyinə görə vəsiyyətnamə variantı ilə razılaşmamışdır. Ondan sonra o, İddiaçı alqı-satqı müqaviləsi üzrə hesaba 20000 manat pul oturmalı olduğunu demişdir. İddiaçı onunla razılaşmış, yeznəsi Zahid adlı şəxsi çağırmış, beləliklə, pul köçürülmüşdür. Sonra Rəcəb pulu götürüb Zahidə qaytarmışdır. Notariusda İddiaçı fikri soruşulmuş, hər şey ona izah olunmuşdur. İddiaçı mənzili bacısı qızı Cavabdeh1 vermək fikri var idi. İddiaçı: “Mənzilin qızıma qalmasını istəmirəm, evlənsəm, başqa qadına qalmasını da istəmirəm”,-demişdir. Ona görə də mənzili bacısı qızına vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı tanıyır. xx.xx.2022-ci il tarixdə X10 onun yanına gələrək bildirmişdir ki, qaynı İddiaçı öz adına olan ünvan 1 ünvanında yerləşən mənzili qızı Cavabdeh1 adına alqı-satqı yolu ilə rəsmiləşdirmək istəyir, buna görə onun köməyi lazımdır. Belə ki, həmin mənzilin alqısatqısı zamanı 20000 manat pul banka qoyub çıxartmaq lazımdır və dövlət də ona rüsum çıxır. O da Şahid Hacıyevlə razılaşmış və həmin gün Mingəçevir şəhərində yerləşən ASAN xidmətə getmişdir. ASAN xidmətdə İddiaçı öz adına olan ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh1 adına alqı-satqı yolu ilə rəsmiləşdirmişdir. Alqı-satqı zamanı 20000 manat pulu ASAN xidmətdə Kapital bankda keçirtmiş və təxminən 15 dəqiqə sonra İddiaçı kassadan 20000 manat pulu alıb ona qaytarmışdır. Ondan sonra o, oradan getmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə şahid ifadələrinə və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilk tələb üzrə iddia əsassız olduğundan təmin edilməməli, ikinci tələb üzrə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-1725 nömrəli reyestrdə qeydə alınmış, daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 44.18 kv.m, yaşayış sahəsi 30.93 kv.m, yardımçı sahəsi 13.25 kv.m olan 2 otaqlı mənzili satıcı İddiaçı alıcı Cavabdeh1 20000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Əliyev X7 şəhəri, N.Nərimanov prospekti, ev 55/13, mənzil 26 ünvanında yerləşən mənzildə 02 may 2020-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır. Mənzildə digər şəxslər də qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Mingəçevir şöbəsi vasitəsilə Konsensus vəkil bürosuna xidmət haqqı olaraq 300 manat məbləğində pul ödənilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********50-05101-093032 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.18 kvadrat metr olan mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Hacıyeva X8 şəhəri, N.Nərimanov prospekti, ev 55/13, mənzil 26 ünvanında yerləşən mənzildə 13 avqust 2022-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır. Mənzildə digər şəxslər də qeydiyyatdadır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********50-05101-093032 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.18 kvadrat metr olan mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********50-05101-093032 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış barədə məlumatın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 44.18 kvadrat metr olan mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli kitabın 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusuna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin (1/1 hissə, 44.18 kv.m) 20000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İşdə olan xx.xx.2022-ci il tarixli orderin surətindən görünür ki, Cavabdeh1 tərəfindən alqısatqı müqaviləsi üzrə "xxxx" ASC-nin Mingəçevir şöbəsinə 20000 manat məbləğində pul ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elxan Hüseynov tərəfindən "xxxx" ASC-nin Mingəçevir şöbəsinə ünvanlanmış 27 avqust 2022-ci il tarixli 1678 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 20000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün onun tərəfinə məktub ünvanlanmış bankda olan AZ81AİİB******************** depozit hesab nömrəsinə qəbul olunmasını xahiş etmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli məxaric çekinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Mingəçevir şöbəsindən 20.000 (iyirmi min) manat məbləğində pulu şəxsən almışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Əliyev X11 Bahar Şahid qızı ilə xx.xx.2022-ci il tarixdə notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamışdır. Belə ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 2 otaqlı mənzili Cavabdeh1 20.000 manata satmışdır. Göründüyü kimi tərəflər müqavilənin bütün mühüm şərtləri ilə bağlı razılığa gəlmişlər. Ondan sonra Cavabdeh1 mübahisəli mənzil üzərində tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Alq-satqı müqaviləsinin bağlanmasından 6 ay sonra İddiaçı aldadılması ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etmişdir. Mingəçevir ŞPŞnin TB-nin təhqiqatçısı Anar Qədimov tərəfindən xx.xx.2023-cü il tarixdə vermiş qərarla əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilmişdir. Bununla belə İddiaçı mübahisəli mənzildə yaşamağa davam etmiş, hətta kənarda yaşayan qızı, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzilə köçürmüşdür. Ondan sonra tərəflər arasında mübahisə yaranmış, İddiaçı alqı-satqı müqaviləsinin etibarsız sayılması, Cavabdeh1 isə İddiaçı, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən çıxarılmasını tələb etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilkin olaraq özünə məxsus mənzili bacısı qızı Cavabdeh1 bağışlamaq məqsədilə notariat ofisinə getmiş, lakin doğum haqqında şəhadətnaməsi olmadığına görə bağışlama baş tutmamışdır. Bununla belə İddiaçı niyyətini gerçəkləşdirmək , yəni mənzilin başqa yolla Cavabdeh1 mülkiyyətinə vermək üçün ev alqı-satqısı ilə məşğul olan tanışı, iş üzrə şahid X3 müraciət etmiş, sonuncu isə vəsiyyətnamə verməyi təklif etmiş, lakin İddiaçı niyyətinin mənzili məhz Cavabdeh1 daimi mülkiyyətinə vermək olduğuna, həmçinin kənarda yaşayan qızı Cavabdeh2 gələcəkdə mirasdan pay almaması üçün vəsiyyətnamə verməkdən imtina etmişdir. Belə olan halda X1 Əliyevə mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsinin yalnız tərəflər arasında alq-satq müqaviləsinin bağlanması ilə mümkün olduğunu izah etmişdir. Eləcə də alqı-satqı müqaviləsi bağlanan vaxt notariat ofisinin depozit hesabına mənzilin razılaşdırılmış dəyəri miqdarında pul qoyulmasının vacibliyini bildirmişdir. Belə olan halda İddiaçı Cavabdeh1 atası Şahid Hacıyevə müraciət etmiş, sonuncu isə Zahid adlı tanışı ilə pul məsələsini həll edəcəyini bildirmiş, yəni Zahid 20.000 manat pulu Cavabdeh1 verməli, Cavabdeh1 isə həmin məbləğdə pulu notariat ofisinin depozit hesabına yatırmalı, ondan sonra İddiaçı həmin pulu çıxarıb Zahid adlı şəxsə qaytarmalıdır. Həmin vaxt İddiaçı mənzilin həmin qaydada satılması ilə razılaşmış və həmin şərtlər daxilində Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Göründüyü kimi İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada Cavabdeh1 satmaqla sərbəst iradəsini ifadə etmişdir. Müqaviləni bağlamış hər bir tərəf müqavilənin mühüm şərtlərini qəbul etməklə bərabər, onu etibarlı şəkildə öz imzası ilə təsdiq etmişdir. Cavabdeh1 daşınmaz əmlakın müqavilədə göstərilən dəyərini notariusun depozit hesabına köçürmüş, İddiaçı isə həmin məbləği şəxsən almışdır. Tərəflər müqaviləni icra etmiş, yəni İddiaçı daşınmaz əmlakı cavabdehə təhvil vermiş, Cavabdeh1 isə müqavilədə göstərilən dəyəri tam şəkildə ödəmişdir. Mübahisəli mənzil üzərində isə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı öz hərəkətləri ilə müqaviləni bütün şərtlərini qəbul etmiş, yəni 6 ay ərzində müqaviləni mübahisələndirməmiş, lakin 6 aydan sonra aldadıldığına istinad edərək, notariusda təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Hazırda onun mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydə alınmamışdır. Buna baxmayaraq, İddiaçı, həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 məxsus mənzildən istifadə edir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə ilk iddia tələbinə qiymət verilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə həm əşya hüquq münasibətləri, həm də onunla bağlı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini, həm də öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Məhkəmə ilk iddia tələbinə qiymət verərək hesab edir ki, İddiaçı aldadıldığına istinad edərək notariusda bağlanmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İlk iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsidir. Həmin maddədə deyilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2–ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3–cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göstərilən maddələrin tələbinə görə ilk iddia tələbinin əsaslı olması üçün mübahisələndirilən alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərin pozulması, yəni müqavilə aldatma yolu ilə bağlanmalı, aldatma olmadan müqavilələrin bağlanması mümkün olmamalı, müqavilənin bağlanmasından yalnız cavabdeh xəbərdar olmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi dəlillərin heç biri müqavilənin etibarsız hesab edilməsi üçün əsas olan halların dairəsinə daxil deyildir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqda həm formal baxımdan bütün tələblərə əməl olunmuş, həm də İddiaçı mənzilin satılmasını arzu etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında, əqdin subyekt tərkibinə dair şərtlər, əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər və əqdin formasına dair şərtlər dörd kateqoriyada qruplaşdırılmışdır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. Belə ki, alqı-satqı müqaviləsini bağlanmasında tərəflə şəxsən iştirak etmiş, hər iki tərəf yetkinlik yaşına çatmış, anlaqlı fiziki şəxs olmuş, müqavilənin məzmunu ilə tərəflərin hərəkətləri və niyyətləri arasında ziddiyyət müəyyən edilməmiş, İddiaçı özünə məxsus mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsini arzu etmiş və o nəticəyə nail olmaq üçün sərbəst iradəsini ifadə etməklə notariat ofisində alqı-satqı müqaviləsi bağlamış və həmin müqavilə notarius tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. X17 Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Bundan başqa, X17 əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı ilə bağlı hallar da göstərilmişdir. qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 647-ci maddəsinin mənasına görə daşınmaz əmlakın alğı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcələnin 407.2–ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcələnin alqı-satqı müqaviləsi haqqında 568.1 və 598.1-ci müddəalarından görünür ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Mülki Məcəllənin alqı-satqı müqaviləsi haqqında yuxarıda sadalanan müddəalarının hüquqi təfsiri zamanı bu nəticə hasil olur ki, satıcı öz əmlakını sata bilər. Yəni satma hərəkəti yalnız əmlakın mülkiyyətçisinin iradə ifadəsinin təzahürüdür. Alqı-satqı müqaviləsinin əsas xüsusiyyətlərindən biri satıcının əmlakını satmaq niyyətinin olmasıdır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq, alqı-satqı müqaviləsini bağlamaq niyyəti, satıcı ilə alıcı arasında əşyanın dəyəri ilə bağlı maddi münasibətlərin təsiri altında yaranır. Bununla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı izahatında mənzilin dəyəri olan 20.000 manat məbləğində pulun X2 tərəfindən notariat ofisinin depozit hesabına yatırılmasını və 15 dəqiqə sonra onun tərəfindən həmin məbləğdə pulun çıxarılıb Zahidə qaytarılmasını, mənzilin dəyərinin ona verlməməsi və onun cavabdeh tərəfindən aldadılması kimi qiymətləndirməsi, işin həqiqi hallarına uyğun deyildir. Ona görə də həmin hal mübahisəli mənzilə dair notarius tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, İddiaçı Cavabdeh1 tərəfindən aldadılması yolu ilə alqı-satqı müqaviləsi bağlaması müəyyən edilmir. Belə ki, alqı-satqı müqaviləsi bağlanan vaxt Cavabdeh1 atası X19 adlı tanışı tərəfindən 20.000 manat pulun Cavabdeh1 verilməsini, Cavabdeh1 isə həmin məbləğdə pulu notariat ofisinin depozit hesabına yatırmasını, İddiaçı isə həmin pulu çıxarıb Zahid adlı şəxsə qaytarmasınıona bildirmişdir. İddiaçı mənzilin həmin qaydada satılması ilə razılaşmış və həmin şərtlər daxilində Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Bu hallar İddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş və şahid qismində dindirilmiş X6 tərəfindən təsdiq olunmuşdur. Göründüyü kimi İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş və özünə məxsus daşınmaz əmlakı qanunda nəzərdə tutulmuş qaydada Cavabdeh1 satmaqla sərbəst iradəsini ifadə etmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, İddiaçı niyyəti mülkiyyətində olan mənzili Cavabdeh1 əvəzsiz olaraq bağışlamaq olmuş, lakin doğum şəhadətnaməsi ilə bağlı çətinlik olduğuna görə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt İddiaçı Cavabdeh1 tərəfindən ona mənzilin dəyəri olan pul vəsaitinin verilməyəcəyini bilmişdir. Qeyd olunduğu kimi İddiaçı Cavabdeh1 həmin vaxt pul tələb etmək niyyəti də olmamışdır. Onun əsas məqsədi mülkiyyətində olan mənzilin Cavabdeh1 əvəzsiz olaraq mülkiyyətinə keçməsindən ibarət olmuşdur. Ona görə də İddiaçı etiraz etmədən alqı-satqı müqaviləsini bağlamışdır. Onun mülkiyyətçi kimi bu hərəkəti qanunda nəzərdə tutulmuş qaydalara uyğun olmaqla, heç bir şəxsin mənafeyi ilə ziddiyyət təşki etməmiş, nə də ictimai mənafeyə və əxlaq normalarına zidd olmamışdır. Mülki qanunvericilikdə daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə müqavilələrin notariat qaydada təsdiq edilməsi imperativ qaydada göstərilmişdir. Həmin qaydaya əməl edildikdən sonra müqavilə qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə notariat qaydada təsdiq edilmiş və qüvvəyə minmişdir. Bununla da tərəflər notariusda qanunda nəzərdə tutulmuş qaydada heç bir qeyd şərt irəli sürmədən alqı-satqı müqaviləsi bağlamaqla öz məqsədlərinə nail olmuşlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: • həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; • müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Məhkəmə, hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə,həmçinin iddiaçı-Cavabdeh1 cavabdehlərin mənzildən çıxarılması tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdehlər mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzləri olmadığına görə onların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında cavabdehlər “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, ikinci tələb üzrə iddiaçı ilə cavabdehlər arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onların iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ikinci tələb üzrə iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ heç bir hüquqi əsas olmadan cavabdehlər tərəfindən pozulmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, ikinci iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə ikinci tələb üzrə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əşyaya sahiblik hüququ olmamalı, yəni cavabdehlərin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ikinci tələb üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, ikinci tələb üzrə iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin mənzil cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İkinci tələb üzrə iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-1725 nömrəli reyestrdə qeydə alınmış, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi, hüquqi xidmət göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat, cəmi 400 manat pulun Cavabdeh1 alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İkinci tələb əsaslı olduğundan təmin edilməli, iş üzrə cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 55/13 saylı evin 26 saylı mənzilindən çıxarılmalıdır. Birinci və ikinci iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1 qarşı Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-1725 nömrəli reyestrdə qeydə alınmış, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi, hüquqi xidmət göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat, cəmi 400 manat pulun Cavabdeh1 alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. İkinci tələb üzrə iddia təmin edilsin. Cavabdehlər İddiaçı, Cavabdeh2 və Cavabdeh3 **********50-05101-093032 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında iddiaçı Cavabdeh1 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar