Məhkəmə qərarları › İş №2(051)-111/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-111/2022

22.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-111/2022 22.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdehlər: Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 avtoservisə, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 avtoservisə, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Avtoservisdən, Cavabdeh2 və Cavabdeh3 12070 manat məbləğində vurulmuş ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, avtomobilində cüzi nasazlıq olması səbəbilə 2021-ci ilin iyul ayının əvvəlində avtomobilini Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Cavabdeh1 adlı avtoservisə aparmışdır. Servisdə çalışan Anar və Elvin adlı mühərrik ustaları avtomobili müayinə etdikdən sonra dirsəkli valın, elektrik sisteminin və digər avadanlıqların sıradan çıxmasını ona bildirmişlər. Avtomobilin təmir edilməsi üçün dirsəkli valın yondurulması, əlavə avadanlıqların alınması və usta xidməti haqqı olaraq 2350 manat məbləğində pulun verilməsini bildirərək, qısa müddətdə mühərrikdəki nasazlığı aradan qaldıracaqlarına onu əmin etmişlər. O da 2350 manat pulu onlara vermişdir. Sonradan öyrəndiyinə görə onlar texniki cəhətdən geniş müayinə aparmadan mühərrikdə sürtkü yağının azalması səbəbini araşdırmadan dirsəkli valı başqa ustaya yondurub, yonma düzgün olmadığından təkrar yondurub mühərrikə qoyub təmirin bitdiyini və avtomobili götürməyini bildirmişlər. O, avqustun əvvəlində servisə gəlib cavabdehlərlə görüşəndə onlar maşının artıq saz halda olduğuna onu əmin etmişlər. Həmin gün Goranboy rayonunun Ağcakənd kəndinə getmiş, Ağcakənddən qayıdıb Goranboya çatarkən 80-85 km məsafə qət etdikdən sonra avtomobilin mühərrik hissəsindən səs gəldikdə, avtomobili dayandırmış, bundan sonra isə o, işə düşməmişdir. Bu səbəbdən o, evakuator xidməti vasitəsilə avtomobili Cavabdeh1 adlı avtoservisə gətirmiş və cavabdehlərə avtomobili işlək vəziyyətə gətirmələrini bildirmişdir. Onlar isə maşının xarab olmasında usta kimi təqsirli olmadıqlarını bildirmişlər. İddiaçı hesab edir ki, cavabdehlər ona maddi ziyan vurmuşdur. Mingəçevir şəhəri "xxxx" MMC avtomobillərə texniki xidmət stansiyası tərəfindən avtomobilinin texniki müayinəsi aparılmış, mühərrikin yararsız hissələrinin aşkar edilməsi və onların dəyərlərinin müəyyən edilməsi barədə akt tərtib edilmişdir. Həmin akta əlavəyə əsasən sıradan çıxmış mühərrik hissələrinin ümumi dəyəri 9720 manat təşkil edir. Bununla yanaşı usta xidməti haqqı 2350 manat pulun verilməsini nəzərə alaraq, cəmi 12070 manat maddi ziyanın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı təmsil etdiyi şəxsin izahatına və iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, avtomobilin xarab olmasında onun təqsiri yoxdur. Belə ki, o bütün qaydalara uyğun olaraq avtomobili təmir edib yoxladıqdan sonra sahibinə təhvil vermişdir. Avtomobil təhvil verildikdən 1 ay ərzində, 1452 km. məsafə qət etdikdən sonra soyutma sistemində olan nasazlıq səbəbindən mühərrik sıradan çıxmışdır. Avtomobildə yaranmış nasazlığın onun təmir etdiyi detallarla əlaqəsi olmamışdır. Avtomobilin mühərrikinin sıradan çıxmasına səbəb sürücünün diqqətsizliyi olmuşdur. Belə ki, sürücü avtomobilin suyunun olmamasına və mühərrikin temperaturunun yüksəlməsinə əhəmiyyət verməmiş, nəticədə mühərrik tamamilə sıradan çıxmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclası zamanı digər Cavabdeh2 izahatına uyğun izahat verdi, həmçinin onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Avtoservisin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC avtomobillərə texniki servis stansiyasının 07.0.2021-ci il tarixli 63 saylı rəyindən görünür ki, iddiaçıya məxsus avtomobiilin soyutma sistemində olan termostatın nasazlığı səbəbindən avtomobil qaynatmışdır. İş materiallarında olan "xxxx" MMC avtomobillərə texniki servis stansiyası tərəfindən 06.09.202-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, sıradan çıxmış mühərrik hissələrinin ümumi dəyəri 9720 manat təşkil etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02.09.202-ci il tarixli qərardan görünür ki, Cavabdeh2 və Cavabdeh3 əməllərində cinayət tərkibi əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzinin 10.12.2021-ci l tarixli məlumatından görünür ki, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmayan, yəni nəqliyyat vasitəsinin mühərikində olan nasazlığın və onların yaranma səbəblərinin müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisəsi ekspertinin səlahiyyətinə aid olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. İş materiallarında olan Toyota Bakı Mərkəzi MMC tərəfindən məhkəməyə göndərilmiş 08.02.2022-ci il tarixli məktubdan görünür ki, hadisənin baş verməsindən 6 aydan çox vaxt keçdiyindən qərardadda göstərilən sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı özünə məxsus avtomobili müəyyən edilmiş muzd müqabilində təmir etməyi cavabdehlərə sifariş etmişdir. Tərəflər həmin avtomobildə təmir işlərinin görülməsini 2350 manat məbləğində muzdla razılaşmışlar. Cavabdehlər iddiaçının sifarişini yerinə yetirmiş və iddiaçı onlara ümumilikdə 2350 manat məbləğində muzd ödəmişdır. Hər iki tərəf bu faktın mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir. Lakin tərəflərin üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməsi, yəni cavabdehlərin sifarişi lazımi keyfiyyətdə görməsi, iddiaçının icranı qəbul etməsi və təmir işləri görüldükdən sonra iddiaçıya məxsus avtomobildə yenidən yaranmış nasazlığın səbəbləri barədə tərəflərin izahatları ziddiyyətli olduğundan, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iddiaçı izahatında cavabdehlar tərəfindən ona məxsus avtomobilin mühərrikində aparılmış təmir işlərinin qüsurlu olduğunu və həmin qüsurlar səbəbindən ona məxsus avtomobildə yenidən nasazlıq yarandığını bildirmişdir. Lakin cavabdehlər iddiaçının bildirdiklərini təkzib etmişlər. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər iddiaçıya məxsus avtomobilin mühərrikində yaranmış nasazlığa görə sifariş əsasında təmir işləri görmüşlər. Həmin təmir işlərinin aparılması üçün iddiaçı tərəfindən cavabdehlərə 2350 manat məbləğində muzd ödənilmişdir. Cavabdehlər təmir işlərini yekunlaşdırdıqdan sonra iddiaçıya məxsus avtomobili bütün qaydalara uyğun yoxlayaraq saz vəziyyətdə ona təhvil vermişlər. İddiaçı 08.07.2021-ci il tarixdə avtomobili təhvil almış və 1452 km. məsafə istisimar etdikdən sonra, 07.08.2021-ci il il tarixdə iddiaçıya məxsus avtomobilin soyutma sistemində nasazlıq yaranmış və həmin nasazlıq səbəbindən mühərrik tam şəkildə sıradan çıxmışdır. Bundan sonra iddiaçı həmin nasazlığın cavabdehlər tərəfindən aparılmış təmir işlərinin qüsurlu olması səbəbindən baş verdiyini bildirərək mühərrikin sıradan çıxmış hissələrinin ümumi dəyəri olan 9720 manat məbləğində pulu və muzd olaraq ödənilmiş 2350 manat pulu cavabdehlərdən tələb etmişdir. İddiaçı ona məxsus avtomobildə yenidən nasazlıq yarandıqdan sonra cavabdehlər tərəfindən görülmüş işlərin qüsurlu olmasını bildirmişdir. Halbuki, iddiaçıya məxsus avtomobildə təmir işləri 2021-ci ilin avqust ayında başa çatmışdır. İddiaçı isə işdə olan qüsurlar barədə avtomobildə yenidən nasazlıq yaranana qədər heç bir tələb irəli sürməmiş, yəni susmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Göründüyü kimi iddiaçı sifarişçi kimi işlərin qüsurlu olduğunu gördüyü istənilən vaxt işi dayandırmaq və yaxud əlavə icra, yəni işləri cavabdehlərin hesabına yenidən görülməsini tələb etmək hüququna malik olmuşdur. Lakin işin müəyyən olunmuş həqiqi hallarından görünür ki, iddiaçı cavabdehlərə qarşı elə bir tələb irəli sürməmiş, nə də qüsurların olduğuna görə işlərin görülməsini dayandırmamışdır. İddiaçı hətta təmir işləri qurtardıqdan bir müddət sonra ona məxsus həmin avtomobili idarə etmiş və avtomobildə yenidən nasazlıq yaranan zaman işlərin qüsurlu olmasını bildirmişdir. İddiaçının istinad etdiyi həmin dəlillər işin həqiqi hallarına uyğun deyildir. Məhkəmə, həmçinin iddiaçıya öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə işin müəyyən edilmiş faktiki hallarına əsasən, iddiaçının avtomobilin təmir edilməsinin qüsurlu olması nəticəsində cavabdehlər tərəfindən ona maddi ziyan dəyməsi ilə bağlı istinad etdiyi dəlilləri əsaslı hesab etmir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mühərriki təmir edildikdən sonra iddiaçıavtomobili cavabdehdən təhvil alaraq təyinatı üzrə 1 ay istifadə etmiş, lakin həmin müddət ərzində avtomobilin mühərrikində hansısa bir qüsurun olması barədə cavabdehlərə iradını bildirməmişdir. Eləcə də, iddiaçı həmin qüsurların təmirdən əvvəl və yaxud sonra əmələ gəlməsinə, həmçinin həmin qüsurların yaranması ilə cavabdehlərin hərəkəti arasında səbəbli əlaqənin olmasına dair sübut təqdim etməmişdir. Belə olan halda avtomobilin iddiaçıya verildiyi andan təsadüfən məhvolma və ya zədələnmə riski iddiaçının üzərinə düşür. Çünki iddiaçı nə cavabdehlərin qarantiya müddəti üzrə öhdəlik götürmələrini, nə mühərrikdə olan qüsuru bilərəkdən gizlətmələrini, nə də qüsurun onları təqsirli hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəldiyini sübut edə bilməmiş, qarşı tərəf isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Həmin Məcəllənin 774-cü maddəsinə əsasən Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. Həmin Məcəllənin 775-ci maddəsinə əsasən Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Məhkəmə hesab edir ki, tərəflər arasında şərtləşdirilmiş muzd müqabilində şifahi podrat müqaviləsi bağlanmışdır. Həmin vaxt cavabdehlər iddiaçının sifarişi əsasında ona məxsus avtomobili təmir etməyi öhdələrini götürmüşlər, iddiaçı isə həmin işin görülməsi üçün cavabdehlərə 2350 manat muzd ödəmişdir. Bundan sonra cavabdehlər həmin işi görmüş, iddiaçı da icranı qəbul etmiş, lakin bir müddət sonra avtomobildə yaranmış nasazlıq səbəbindən görülən işə görə verdiyi muzdu və mühərrikin sıradan çıxmış hissələrinin dəyərini cavabdehlərdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1–ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2–ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 770–ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Göründüyü kimi podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə yuxarıda qeyd edilən maddələrə əsasən hesab edir ki, iddiaçı görülən işlərin qüsurlu olmasını hesab etdiyi və işlər qurtaranadək cavabdehlər ilə aralarında olan şifahi podrat müqaviləsini ləğv etmə imkanı olduğu halda bunu etməmiş, həmçinin iddiaçı təmir işlərinin qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etmişdir. Belə olan halda iddiaçının həmin qüsurlarla bağlı tələb hüququ əmələ gəlməmişdir. Belə ki, iddiaçı avtomobili qəbul etdikdən sonra 1 aya yaxın müddətə idarə edib, hətta 1452 km. məsafə qət etsə də, həmin müddət ərzində avtomobilin mühərrikində nazasızlıq olmamışsa və yaxud olmuş nasazlıq barədə cavabdehlərə qarşı heç bir tələb irəli sürməmişsə, onda iddiaçının cavabdehlərə qarşı nə müqavilədən, nə də qanundan irəli gələn tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 762.1–ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehlərə qarşı aralarında olan şifahi podrat müqaviləsi üzrə vurulmuş zərərin əvəzi olan 12070 manat məbləğində pulun alınaraq ona verilməsi tələbləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 avtoservisdən, Cavabdeh2 və Cavabdeh3 dəymiş ziyanın əvəzi olaraq 12070 manat məbləğində pulun alıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar