Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1111/2021 22.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. 2019-cu ilin avqust ayında cavabdeh ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirmiş və ondan 1200 manat məbləğində borc pul istəmişdir. Həmin vaxt pulu olduğu üçün o, Cavabdeh 1200 manat məbləğdə borc pul vermişdir. Aradan bir müddət keçəndən sonra cavabdeh yenidən 1000 manat borc istəmiş və o, Cavabdeh təkrarən 1000 manat pul vermişdir. Ümumilikdə cavabdehə 2200 manat məbləğdə borc pul vermişdir. Cavabdeh ondan aldığı borc pulun 700 manatını qaytarmış, qalan 1500 manat məbləğdə pulu isə qaytarmaqdan imtina etmişdir. O, Cavabdeh dəfələrlə borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamış və cavabdeh hər dəfə ona müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Bundan sonra o, Mingəçevir şəhər Polis Şöbəsinə şikayət etmişdir. Polis Şöbəsində şikayəti ilə bağlı araşdırma aparılmışdır. Həmin vaxt cavabdeh ondan borc pul aldığını etiraf etmişdir. Lakin onun əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Odur ki, Cavabdeh cəmi 1500 manat pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan vaxt iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə verdiyi mətbəx mebeli, mətbəx divanı, mətbəx üçün qabyuyulan şkaf və hamam vannasının cəmi dəyəri olan 700 manatın və qazan dəsti və adyalın dəyəri olan 180 manatın, ümumilikdə 2380 məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən ilkin və əlavə iddia ərizələrinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh 2019-cu ilin avqust ayında qardaşının xəstəliyi ilə əlaqədar ona pul göndərəcəyini bildirib ondan 1200 manat borc pul almışdır. Bundan sonra bacısı ilə yuxa sexi açacaqlarını deyib yenidən 1000 manat borc pul almışdır. Sonra anasının kartını ona vermiş və o, kartdan 700 manat pul çıxartmışdır. Sonra cavabdeh anasının kartını ondan almışdır. O, evində əşyaları dəyişdirən zaman cavabdeh ondan ümumi dəyəri 700 manat olan mətbəx mebeli, divan, əl-üz yuyan və ümumi dəyəri 180 manat olan qazan dəsti və adyal götürmüşdür. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, İddiaçı 2200 manat sələm götürmüşdür. Daha sonra 2019-cu ilin avqust ayında anasının pensiya kartını və qızılını İddiaçı vermişdir. Hər ay İddiaçı həmin kartından 230 manat pul çıxartmışdır. Sonradan o iddiaçıdan qızıl əşyalarını götürmüşdür. 2020-ci ilin avqust və yaxud sentyabr aylarında kartı iddiaçıdan almışdır. Kartı ondan almamışdan 3 ay öncə anası X2 bankdan kredit götürmüşdür. Həmin pensiya kartından hər ay 100 manat kredit borcuna çıxılmışdır. İddiaçı evini təmir edərkən istifadə etmədiyi mətbəxt mebelini, divanını və hamam vannasını cəmi 250 manata nisyə almış və alver etmək üçün iddiaçıdan 180 manat dəyərində satmaq üçün mal götürmüş, lakin pul ödəməmişdir. Hesab edir ki, iddiaçı onun götürdüyü borcu tam şəkildə anasına məxsus pensiya kartından çıxarmışdır. Ona görə də onun iddiaçıya borcu qalmamışdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 2200 manat və 880 manat, cəmi 3080 manat məbləğində pulun verilməsini və hazırda cavabdehin ona 2380 manat məbləğində borcu qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehə cəmi 2200 mnat borc pul, cavabdeh isə anasının pensiya kartını iddiaçıya vermişdir. Məhkəmə iclası zamanı hər iki tərəf bu faktın mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin həmin borcun və qaytarılan pulun məbləği barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı cavabdehə 2200 manat borcdan əlavə 700 manat dəyərində ev əşyaları və 180 manat dəyərində satış üçün mallar verdiyini bildirmiş, cavabdeh isə 2200 manatdan əlavə, cəmi 250 manat dəyəində ev əşyaları və 180 manat dəyərində satış malı aldığını etiraf etmiş, lakin həmin məbləğdə pulu anasına məxsus kart vasitəsi ilə ödədiyini və onun hal-hazırda iddiaçıya borcu qalmadığını bildirmişdir. İddiaçı cavabdehin dəlillərini tam şəkildə qəbul etməmişdir. Eləcə də, kart vasitəsilə ödənilən borcun məbləğinin cavabdehin göstərdiyi miqdarda olmasını iddiaçı təkzib etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə, həmçinin tərəflərin iştirakı ilə Azərbaycan Respublikasının Beynəlxalq Bankı tərəfindən məhkəməyə təqdim edimiş, 06.10.2021-ci il tarixli məktuba əlavə edilmiş X1 məxsus 6762-6111-0159-8919 saylı plastik kart vasitəsi ilə 2019-cu ilin avqust ayından 2020-ci ilin sentyabr ayınadək olan müddət ərzində aparılmış əməliyyatlara dair bankomat görüntüləri və sistemdən çıxarışı əks etdirən diskə keçirilmiş baxış zamanı möəyyən etdi ki, X1 məxsus plastik kartdan müxtəlif vaxtlarda İddiaçı Calal qızı cəmi 1532 manat məbləğində pul çıxarmışdır. Ona görə də Məhkəmə cavabdehin kart hesabı üzrə dövriyyə cədvəlini və məxaric əməliyyatlarının fotogörüntülərini əks etdirən diski sübut növü kimi qəbul edir və nəzərə alır. Məhkəmə hesab edir ki, cavabdehin öz etirazlarının əsası kimi istinad etdiyi hallar qismən, yəni 2200 manat, 250 manat və 180 manat cəmi 2630 manat borcun, yalnız 1532 manat məbləğində hissəsinin anasına məxsus kart vasitəsilə qaytarması əsaslıdır. İşdə olan Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş 22.10.2021-ci il tarixli 222 nömrəli rəyindən görünür ki, hal-hazırda yaxşı vəziyyətdə olan 5 hissəli mətbəx mebelinin qiyməti 400 manat, yaxşı vəziyyətdə olan mətbəx divanının qiyməti 50 manat, yaxşı vəziyyətdə olan plasmas hamam vannasının qiyməti 200 manat və yaxşı vəziyyətdə olan mətbəx üçün qab yuyub yığılan şkafın qiyməti isə 50 manat dəyərindədir. Verilmiş rəy hazırkı bazar iqtisadiyyatında olan tələb və təklifə uyğunlaşdırılmışdır. Bununla belə, iddiaçı məhkəmə iclası zamanı cavabdehin ona cəmi 2380 manat məbləğində borcu olması faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 2380 manat deyil, yalnız cavabdeh tərəfin qəbul etdiyi hallara uyğun olaraq və işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 1098 manat miqdarda qismən əsaslı hesab edir. Belə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş materiallarında olan bankomat görüntüləri və sistemdən çıxarışdan göründüyü kimi iddiaçı cavabdehin anasına məxsus kartdan 1532 manat məbləğində pul çıxarmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində, həmçinin işin mübahisə edilməyən həqiqi hallarına əsasən müəyyən etdi ki, cavabdehin iddiaçıya 2200 manat, 250 manat və 180 manat borcu olmuş, cavabdeh tərəf həmin borcun 1532 manat hissəsini qaytarmış, ondan sonra cavabdehin iddiaçıya cəmi 1098 manat məbləğində borcu qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında şifahi formada predmeti pul məbləği və digər əvəz edilən əşyalar olan borc müqaviləsi bağlandığından tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsi ilə əlaqədar olaraq borcla bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlikləri tənzimləyən normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1–ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatlarının tədqiqi zamanı müəyyən olunur ki, onlar arasında şifahi şəkildə borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan borc pul və digər əvəz edilən əşyalar alan zaman, qısa müddətdə olduğu kimi həmin borcu qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etməmişdir. Bununla da İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə deyil, məhkəmə iclası zamanı işin faktiki halları ilə müəyyən olunan miqdarda, yəni 1098 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 1098 manat məbləğində borcunun olması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və cavabdehdən 1098 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən (46 %) təmin edildiyindən, ödənilmiş dövlət rüsumu da ödənilmiş tələbin məbləğinə mütənasib bölünməli, yəni ödənilmiş 30 manat dövlət rüsumunun 13.8 manatı cavabdehə, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1098 (bir min doxsan səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 13 (on üç) manatı 80 qəpik alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1111/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1111/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver