Məhkəmə qərarları › İş №2(051)-1117/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1117/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1117/2021 29.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştiraki ilə, iddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respuiblikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 №li 28.02.2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq Bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 25.07.2019-cu il tarixli 350rstMNG/19 saylı kredit müqaviləsi bağlanmış və illik 1% hesablanması ilə 60 ay müddətinə 2669.36 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Müqavilə üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 2520.25 manat əsas borc, 2.53 manat faiz borc olmaqla, cəmi 2522.78 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, 2522.78 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh oğlundan alınaraq “xxxx” KB ASC-nə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, “xxxx” KB ASC ilə 25.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2669.36 manat məbləğində kredit almışdır. Maddi imkanı olmadığı üçün krediti vaxtında ödəyə bilməmişdir. Kredit borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 25.07.2019-cu il tarixli 350rstMNG/19 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 2669.36 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 2520.25 manat əsas borc və 2.53 manat faiz borc olmaqla, cəmi 2522.78 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 2520.25 manat əsas borc və 2.53 manat faiz borc olmaqla, cəmi 2522.78 manat kredit borcu cavabdehdən alınıb iddiaçı «xxxx» KB ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 2520.25 (iki min beş yüz iyirmi manat iyirmi beş qəpik) manat əsas borc və 2.53 (iki manat əlli üç qəpik) manat faiz borc olmaqla, cəmi 2522.78 (iki min beş yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb iddiaçı «xxxx» KB ASC yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar