Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-112/2021 07.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əsa oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 80 №-li evin 4-cü mərtəbəsində yerləşən 53 №-li mənzili onun mülkiyyətindədir, ailə üzvləi ilə birlikdə həmin mənzildə yaşayır. Həmin binanın 5-ci mərtəbəsində, yəni onun üst qonşusu isə Cavabdehdur. Cavabdeh ictimai yaşayış qaydalarını kobud surətdə pozaraq dəfələrlə onun müasir səviyyədə təmir olunmuş mənzilinin dəhlizinə, yaşayış otaqlarına, mətbəxə və hamam otağına su axıdaraq ona xeyli miqdarda maddi zərər vurmuşdur. Bu barədə Cavabdeh dəfələrlə öz iradını bildirsə də o, bu qanunsuzluğun qarışının alınması üçün heç bir tədbir görməmişdi. O, ərazi aidiyyati üzrə 5 saylı Mənzil-İstismar Sahəsinə şikayət etmişdir. 03.06.2020-ci ildə 5 saylı MİS-in rəisi X1 onun mənzilinə gələrək qonşuların iştirakı və şahidliyi ilə vəziyyətlə tanış olmuş və dəymiş zərəri görmüş və bu barədə müvafiq akt tərtib etmişdir. Lakin Cavabdeh bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmamış və əksinə bu günə kimi də su axıtmaqda davam edir. Cavabdeh qanunsuz hərəkətləri barədə polis şöbəsinə şikayət etmiş, ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, mənzilinə vurulmuş 1500 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş 5 saylı Mənzil-İstismar Sahəsi tərəfindən tərtib olunmuş 03.06.2020-ci il tarixli aktda göstərilir ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 80 saylı evin 55 saylı mənzilində yaşayan Cavabdeh mənzilindən dəfələrlə İddiaçı mənzilinin dəhlizinə, otaqlara, mətbəxə hamam otağına su axıdılaraq təmir olunmuş mənzil bərbad vəziyyətə salınmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu günə qədər heç bir nəticə olmamışdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyata haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* № li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi, 80 № li evin 53 №-li mənzili 27 avqust 2009-cu ildə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan 6569 №-li 18 iyul 1978-ci il tarixli orderdən görünür ki, Mingəçevir şəhər XDS İKnin 14 iyul 1978-ci il tarixli qərarı ilə Ü.Hacıbəyov küçəsi 80 №-li evin 55 №-li mənzili Cavabdeh istifadəsinə verilmişdir. İşdə olan 10/3793 saylı 29 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsindəki 80 saylı evin 53 saylı mənzilinə həmin binanın 55 saylı mənzilindən su axıdıldığı müəyyən edilmişdir. Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsindəki 80 saylı evin 53 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1239.0 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları iddiaçıya vurulmuş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş zərərin ödənilməsi tələbi əsaslıdır. Məhkəmə iddia ərizəsini və ekspert rəyini müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, ekspert rəyi realdır. Ona görə də məhkəmə iddia tələbini ekspert rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya-mənzil sahibinə ziyan dəymişdir. Həmin ziyan isə cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 1239 (bir min iki yüz otuz doqquz) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 100(bir yüz) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh vurulmuş zərərə görə 1239 (bir min iki yüz otuz doqquz) manat məbləğində pul alınıb İddiaçı verilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə ekspertiza xərci olan 100(bir yüz) manat Cavabdeh alınıb aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin: Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-112/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-112/2021
07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver