Məhkəmə qərarları › İş №2(051)-1153/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1153/2023

23.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1153/2023 23.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh, onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Payın naturada bölünməsi və mənzilə köçürülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 73,3 kv.m ümumi sahəsi olan 3 otaqlı mənzilin onunla Cavabdeh arasında paylara uyğun naturada bölünərək ayrılması və mənzilə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 73,3 kv.m ümumi sahəsi olan 3 otaqlı mənzilin onunla Cavabdeh arasında paylara uyğun naturada bölünərək ayrılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 47,3 kv.m yaşayış sahəsi, 26,0 kv.m yardımçı sahəsi və 73,3 kv.m ümumi sahədən ibarət olan, 2-ci mərtəbədə yerləşən 3 otaqlı mənzil ümumi birgə xüsusi mülkiyyət hüququ əsasında qardaşı Cavabdeh və ona, yəni Seydov Elbrusa məxsus olmaqla xx.xx.2015-ci ildə həmin mənzil dövlət qeydiyyatına alınaraq onlara çıxarış və texniki pasport verilmişdir. Həmin mənzil ümumi birgə mülkiyyətdə olmaqla digər mülkiyyətçi Cavabdeh və onun ailə üzvlərinin istifadəsində olmuş, o, həmin mənzildən istifadə edə bilməmişdir. Dəfələrlə ailə üzvləri arasında mübahisə olduğundan 2015-ci ildən məcbur olub ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, Nizami küçəsi 23/2 saylı evin 12 saylı mənzilində kirayədə yaşamışdır. Bu səbəbdən həmin daşınmaz əmlakın naturada bölünməsini tələb edir. Ona görə də Mingəçevir şəhəri, M.Maqomayev küçəsi ev 12, mənzil 3-də yerləşən 73,3 kv.m ümumi sahəsi olan 3 otaqlı mənzilin onunla Cavabdeh arasında paylara uyğun naturada bölünərək ayrılması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə da oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirdi və əlavə olaraq göstərdi ki, İddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, Mingəçevir şəhəri M.Maqomayev prospekti 12 saylı evin 3 saylı mənzili iddiaçı və cavabdeh arasında paylara bərabər olmaqla naturada ayrılmasının İnşaat və Norma Qaydalarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı ilə onun Mingəçevir şəhəri M.Maqomayev prospekti 12 saylı evin 3 saylı mənzilə payları müəyyən olmadığı üçün onun mənzilə köçürülməsi mümkün deyildir. Oğlu ilə aralarında mübahisə düşmüş, onunla da normal münasibətdə deyil. Yaşamağa yeri vardır. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, Vəkil da oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətindədir. Mülki iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/4417 saylı rəyinin nəticə hissəsindən görünür ki, RX seriyalı, ******* №-li çıxarış əsasında Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətində olan, M.Maqomayev küçəsi ev 12, mənzil 3 ünvanda yerləşən ümumi sahəsi 73,3 kv.m olan, 3 otaqlı mənzilin iddiaçı və cavabdeh arasında payları bərabər olmaqla naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.0189-un 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iş materiallarını araşdıraraq, ekspertiza rəyinə sübut kimi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğdə ekspertiza xərci iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı «Payın naturada bölünməsi » tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 50 manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar