Məhkəmə qərarları › İş №2(051)-116/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-116/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-116/2021 22.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: X2 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər X3 qarşı “mənzilinə vurulmuş 300 (üç yüz) manat maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə vurulmuş 300 manat ziyanın və ödədiyi 20 manat məhkəmə rüsumunun, cəmi 320 (üç yüz iyirmi) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, o 1981-ci ildən A.S.Puşkin küçəsi ev 9, mənzil 24 ünvanında yaşayır. Mənzili 3 otaqdan ibarətdir. Mənzili sonuncu dəfə, 2015-ci ildə əla təmir etdirmişdir. Həyat yoldaşı 2015-ci ildə rəhmətə gedib. Onun üst qonşusu X5 neçə illərdir ki, onun mənzilini demək olar ki, dəfələrlə bilərəkdən mənzilinə, hamam-tualetə və mətbəxə çirkab su axıdır. O dəfələrlə qonşuya xəbərdarlıqlar etmişdir ki, mənzilini çirkab su ilə batırmasınlar. Lakin onlar heç bir görmürlər, demək olar ki, laqeydsiz yanaşırlar. Bu hadisə bu gün də davam edir. O dəfələrlə bu haqda 2 saylı Mənzil İstismar Sahəsinə, Mənzil Abadlaşdırma və Təsərrüfat İdarəsinə və İcra Hakimiyyətinə müraciət etmişdir. Bu müraciətindən sonra MT və Aİ-nin baş mühəndisi Ramiz Hüseynov 2 saylı MİS-nin rəisi R.Əliyevin, dalandar birqadir A.Şirinovun və onun iştirakı ilə akt tərtib edilmişdir. Aktda da qeyd olundu ki, həqiqətən onun mənzilinin xx.xx.2020-ci il tarixdə mətbəx və vanna otağına çirkab su axıdaraq 7,05 kv.metr sahəyə su axmışdır. Mənzilin mətbəxi və vanna otağı pis vəziyyətə düşübdür, dümək olar ki, yararsız vəziyyətdir. Ona dəymiş ziyanla bağlı “xxxx” MMC-dən mənzilinə dəymiş ziyanla bağlı rəy almışdır. “xxxx” MMC tərəfindən onun mənzilinə 300 (üç yüz) manat ziyanın dəyməsi öz əksini tapmışdır. Cavabdeh X1 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə vurulmuş 300 manat ziyanın və ödədiyi 20 manat məhkəmə rüsumunun, cəmi 320 (üç yüz iyirmi) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2 etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclası zamanı iddianın rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 9 saylı evin 24 saylı mənzili X7 mülkiyyətindədir. İşə əlavə olunmuş Nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə İddiaçı arasında xx xxxxxx 1981-ci ildə nikah bağlanmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2015-ci ildə Mingəçevir şəhrində vəfat etmişdir. İşə əlavə olunmuş 2 saylı MİS Mənzil Kommunal Təsərrüfatı X10 və Abadlaşdırma İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 9 saylı evin 24 saylı mənzilində yaşayan İddiaçı mənzilinə mənzil 27-də yaşayan X2 mənzilindən çirkab su borusunun kasatlığı nəticəsində çirkli su axaraq mətbəx və vanna otaqlarına 7,05 kv.metr sahəyə axmışdır. İşdə olan “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 9 saylı evin 24 saylı mənzilinə üst mərtəbədə yaşayan qonşu onun mənzilinə çirkab suyu axıtmış, həmin su mənzilin mətbəxinin tavanını və hamam-tualetin tavanını ziyan vurmuşdur. Mənzilə vurulan ziyan 300 (üç yüz) manat dəyərində hesablanmışdır. İşdə olan 10/2673 nömrəli, xx xxxx 2021-ci il tarixli məhkəmə-tikinti ekspertizasının rəyinin nəticəvi hissəsindən görünür ki, Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 9 saylı evin 24 saylı mənzilin tavanında yaranmış qüsurları və tavandakı su sızma izlərini, eləcə də mülki iş materiallarında olan 2 saylı MİS-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, mübahisəli 24 saylı mənzilə 27 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunmuş, lakin 27 saylı mənzilin su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan 24 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 229 (iki yüz iyirmi doqquz) manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları mənzilin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı ziyanı ödənilməsi tələbi qismən əsaslıdır. Məhkəmə iddia ərizəsi və ekspert tərəfindən verilmiş ekspert rəyi müqayisəli şəkildə təhlil edərək ekspertizanın ərizəyə qismən uyğun olması müşahidə olunmuşdur. Ona görə də məhkəmə iddia tələbini ekspert rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq uyğun hesab edir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya-mənzil sahibinə ziyan dəymişdir. Həmin ziyan isə cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçıya ziyan dəyməsi iş materiallarında olan sənəd və ekspert rəyləri ilə sübut edilmişdir. İşdə olan ekspert rəyindən də göründüyü kimi cavabdehdən dəymiş ziyanın məbləği iddia tələbindəkinə uyğun deyildir. Ona görə də Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ekspert rəyində göstərilmiş maddi ziyanın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, İş üzrə 100 manat məbləğdə ekspertiza xərci 71 manat olmaqla Cavabdeh, 29 manat olmaqla İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməlidır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 229 (iki yüz iyirmi doqquz) manat məbləğdə pul alınıb İddiaçı verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat məbləğdə ekspertiza xərci 71 (yetmiş bir) manat olmaqla Cavabdeh, 29 (iyirmi doqquz) manat olmaqla İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar