Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1160/2021 29.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 10.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 12 ay müddətinə 10000 ABŞ dollar kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuş, borc öhdəliyini icra etməkdən boyun qaçırır. "xxxx" İKB ASC-nin adı isə sonra dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. 08.04.2021-ci il tarixədək Cavabdeh banka 10.07.2015-ci tarixli kredit müqaviləsi üzrə 4488.98 ABŞ dolları əsas borc, 1676.08 ABŞ dolları faiz borc, 6426.55 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 10.07.2016-cı il tarixdən, 08.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1391.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13982.66 ABŞ dolları borcu vardır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 23-Y-1-0- 371-15 №li 10.07.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 12 ay müddətinə illik 25 faizlə 10000 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-dən 10.07.2015-ci ildə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 4488.98 ABŞ dolları əsas borc, 1676.08 ABŞ dolları faiz borc, 6426.55 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 10.07.2016-cı il tarixdən, 08.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1391.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 13982.66 ABŞ dolları kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 6426.55 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehə hesablanmış cərimənin məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” İş materiallarından göründüyü kimi kreditor borcluya 6426.55 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, cavabdehin maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 600 ABŞ dolları məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 4488.98 ABŞ dolları əsas borc, 1676.08 ABŞ dolları faiz borc, 600 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 10.07.2016-cı il tarixdən, 08.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1391.05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8156.11 ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə cavabdehdən alınıb İddiaçı ASC-yə verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 №-li, 24 noyabr 2005-ci il tarixli qərarına əsasən əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 4488.98 (dörd min dörd yüz səksən səkkiz dollar doxsan səkkiz sent) ABŞ dolları əsas borc, 1676.08 (bir min altı yüz yetmiş altı dollar səkkiz sent) ABŞ dolları faiz borc, 600 (altı yüz) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 10.07.2016-cı il tarixdən , 08.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1391.05 (bir min üç yüz doxsan bir dollar beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8156.11 (səkkiz min bir yüz əlli altı dollar on bir sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1160/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1160/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver